Qərb mətbuatı Rusiyanın Arktikada yeni super silah hazırladığını yazıb
Qərb mediası Rusiyanın Arktikanın buzla örtülməyən Uzaq Şərq adlanan bölgəsində müasir silahı sınaqdan keçirdiyini yazıb.
Media1.az Musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı hətta CNN kanalında xüsusi reportaj da yayımlanıb.
“Daily Express” qəzetinin informasiyasına əsasən, yeni tip silah “Poseydon 2M39” pilotsuz sualtı torpedasıdır. Rusiya bunun sayəsində şimal sahillərində tam hakimiyyəti ələ keçirməyi və Asiyadan Avropaya keçən vacib dəniz yolunu tutmaq istəyir.
Həmin torpedanın hazırlanma prosesi olduqca sürətlə gedir. Əsas sınaqların bu ilin sonuna qədərə aparılması nəzərdə tutulur. Pilotsuz idarə olunan və nüvə reaktoru ilə hərəkət edən torpeda aparatı düşmənin sahil müdafiə sistemini aşaraq, dərinlərə üzmək imkanına malikdir. Bu aparat onlarla meqatonluq gücə malik döyüş başlıqlarını hədəfə doğru götürə və dəniz sahilində radioaktiv dalğa yaradaq, ərazidəki bütün canlı qüvvəni yox edə bilər.
CNN Rusiyanın Arktikanı artıq hərbi sınaqlar zonasına çevirdiyini bildirib. Hələ ötən ilin sonunda rəsmi Moskva “Sirkon” tipli hipersəsli qanadlı raketlərinin uğurlu sınaqları haqqında rəsmi bəyanat vermişdi.
2020-ci ilin noyabr ayında ABŞ Dövlət katibinin Beynəlxalq təhlükəsizlik və nüvə silahının yayılmaması üzrə keçmiş müavini Kristofer Ford “Poseydon”un Birləşmiş Ştatların sahil şəhərlərinin radioaktiv sunamilərlə məhv edilməsi üçün nəzərdə tutulduğunu bildirmişdi.
CNN “Maxar” texnologiya şirkətinin kosmosdan çəkdiyi görüntüləri də yayımlayıb. Burada Rusiyanın Arktikada hərbi texnikasının sayını artırdığı açıq şəkildə görünür. Bölgədə həm “Poseydon” torpedaları, həm də “MiQ-31BM” qırıcıları üçün xüsusi saxlanma yerlərinin tikildiyi qeyd olunur.
ABŞ Dövlət Departamentindən gələn xəbərlərdə Rusiyanın Murmansk yaxınlığındakı Kolsk yarımadasında sovet dövründən qalan hərbi bazaları yenidən işə saldığı, orada hava hücumundan müdafiə, sahil raket müdafiəsi və donanmadan ibarət güclü şəbəkə qurduğu bildirilir.
Buna cavab olaraq ABŞ və NATO bölgədə qoşunların və texnikanın cəmlənməsini artırıb. Bu məqsədlə ABŞ-ın “B-1” bombardmançı təyyarələri Barents dənizinin şərq sahillərində tez-tez uçuş həyata keçirir. Habelə bəhs olunan rayona Birləşmiş Ştatların “Seawolf” aşağı səsli sualtı qayıqları göndərilib.
NATO strateqlərinin fikrincə, qlobal istiləşmə nəticəsində Rusiyanın müdafiə hüdudları şimala doğru yönəlib. Həmçinin, Kreml bundan iqtisadi məqsədlərlə yararlanmaq, Süveyş kanalına alternativ olaraq Şimal dəniz yolunu beynəlxalq ticarətin əsas damarına çevirmək və beləliklə, burada hakim mövqe tutmaq niyyətindədir.