ABŞ ordusu Rusiyanın “S-400” raketlərinin “qatillərini” təkmilləşdirir
ABŞ ordusu “Lockheed Martin” şirkətinin istehsal etdiyi “Precision Strike Missile” (PrSM) raketləri ilə bağlı yeni strateji plan hazırlayıb.
Media1.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Breaking Defence” saytı məlumat yayıb.
Gələn informasiyaya görə, Pentaqon raketlərin uçuş məsafəsini 500 kilometrdən 1600 km-ə qədər artırmağı düşünür. Həmin məqsədlə raketlərin daha da təkmilləşdirilmiş mühərriklərlə təchiz olunması nəzərdə tutulub.
Bu isə raketlərin ölçülərini artırmadan, onları “High Mobility Artillery Rocket System” (HIMARS) tipli reaktiv yaylım atəş sistemi maşınlarından buraxmağa imkan yaradır.
Hələ 2019-cu ilin dekabrında ABŞ ordusunun briqada generalı Con Rafferti “PrSM” sinifli “yer-yer” tipli raketlərin Avropada Rusiyanın “S-400” Triumf” tipli hava hücumundan müdafiə sisteminin qatilinə çevriləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, həmin raketlər Sakit okeanda həm də Çin hərbi gəmilərinə qarşı müvəffəqiyyətlə istifadə oluna biləcək.
2020-ci ilin noyabr ayında “Forbes” jurnalı Birləşmiş Ştatların Rumıniyaya 2 ədəd “HİMARS” döyüş maşınını dislokasiya etdiyini, həmin maşınlardan bir neçə raketin havaya atıldığını xəbəri verib.
“Defense News” saytının ekspertlərinin rəyinə görə, ABŞ və Rusiya “Kiçik və orta məsafəli raketlər haqqında müqavilə”dən çıxdıqları üçün rəsmi Vaşinqtonun önündə bu cür silahların istehsalı yönündə heç bir beynəlxalq-hüquqi əngəl qalmayıb.