“Ukrayna və Rusiya arasında müharibə olmayacaq” – Deputat
“Ukraynada gərginlik davam edəcək. Snayperlər, atışmalar, təxribatlar və nəhayət qurbanlar olacaq. Amma yaxın müddətdə böyük hərbi əməliyyatları istisna edirəm. Çünki bu, hər iki tərəf üçün ciddi nəticələr yarada bilər. Odur ki, son günlər Ukrayna və Rusiya arasında müşahidə edilən gərginlik qarşılıqlı təzyiqlər göstərməyə xidmət edir”.
Media1.az xəbər verir ki,bunu Teleqraf.com-a deputat Asim Mollazadə Rusiya və Ukrayna arasında müşahidə olunan hərbi-siyasi gərginlik və müharibə ehtimalları haqqında danışarkən deyib.
Asim Mollazadə qeyd edib ki, əslində 2014-cü ildə Ukrayna əraziləri işğal edildikdən və yeni münaqişə yarandıqdan sonra həm də yeni Minsk Qrupu yaradılıb: “Biz Minsk Qrupunun nəyə qadir olduğunu öz təcrübəmizdə yaxşı bilirik. Fikrimcə, Ukrayna ilə bağlı Minsk Qrupu fəaliyyətini davam etdirəcəkək, tərəflər danışıqlar aparmaqla məsələni uzatmağa çalışacaq. Nəzərə alın ki, bu günlərdə Rusiya lideri Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkellə bu mövzuda danışıqlar aparıb. ABŞ və Ukrayna prezidentləri isə müzakirələr aparmışdı. Qarşıdurmanın atışma və təxribat formada davamı baş verəcək. Ancaq sonda heç bir tərəfin real müharibə aparmaq və qalib gəlmək imkanı yoxdur. Onun üçün də qüvvədə olan atəşkəs sazişi davam etdiriləcək”.