23 Dekabr 2024

Almaniyadan Ermənistana “artsax” qadağası – haylar şokda

Yeganə Hacıyeva: “Bu məsələdə birmənalı olaraq, Azərbaycan səfirliyinin və  oradakı konsulluğun işinin güclü qurulması mühüm rol oynayıb”

Martın 7-9-da Berlində dünyanın ən böyük turizm sərgilərindən biri keçiriləcək. Erməni nəşri “Past” bununla bağlı maraqlı xəbər dərc edib.

Qəzet yazır: “Sərginin Təşkilat Komitəsi Ermənistanın İqtisadiyyat Nazirliyinə məktub göndərib və orada açıq mətnlə xəbərdarlıq edib ki, sərgiyə siyasi xarakterli hər hansı informasiya materialı, plakat, buklet təqdim etmək qəti qadağandır. Üstəlik, BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 qətnaməsinə (822, 853, 874, 884) istinadla Dağlıq Qarabağla (qondarma qurum – red. ) bağlı də material olmamalıdır tövsiyəsi xüsusi qeyd olunub”.

Qəzet bildirir ki, Paşinyan hakimiyyətinə qədər heç bir sərgidə, o cümlədən turizmlə bağlı sərgilərdə erməni şirkətlərinə “artsax”ı təmsil etmək qadağan edilməyib. “Mənbələrimizin bildirdiyinə görə, diplomatik korpusda yuxarıdakı xəbərdarlıq məktubu ilk növbədə Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryanın böyük uğursuzluğu hesab edilir. Ermənistan səfirliyi əslində sərginin təşkilat komitəsi ilə işləməyib, bu arqumentasiyanın absurd olduğunu izah etməyib”, – deyə məlumatda vurğulanır.

Beləcə, ermənilər sırtıqlıqlarından yenə qalmırlar. Görəsən, Almaniya hökumətinin sırf beynəlxalq hüquqa, o sırada həmin hüquqa əsaslanan BMT TŞ qətnamələrinə istinad eləməsi hayları niyə özündən çıxarıb?

Bu, əslində Almaniyadakı erməni səfirin fiaskosu yox, 44 günlük haqq savaşımızın yaratdığı yeni gerçəklik və diplomatiyamızın növbəti uğurudur. Biz bütün beynəlxalq platformaları erməni yalan-palanları üçün bu cür əlçatmaz etməliyik. Ermənilər, nəhayət, anlamalıdırlar ki, artıq Avropanı da bezdirmiş “artsax” qatarı 2020-ci ilin noyabrında  gedib.

Əlavə edək ki, 44 günlük müharibədən sonra Şuşaya baş çəkənlər arasında Almaniyanın Bakıdakı səfiri də olub. Politoloq Yeganə Hacıyeva mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Məsələ ondadır ki, Ermənistan və ümumdünya erməni lobbisi uzun illər məhz Qarabağı erməni yalanları çərçivəsində legitimləşdirmək üçün müəyyən qeyri-siyasi şoulardan istifadə edib. Bunu beynəlxalq səviyyədə separatizmin legitimləşdirilməsinə cəhdlər adlandırmaq olar.

Uzun illər Qarabağa qeyri-qanuni gələn fotoqraflara təbiətin gözəlliyini,  dini abidələrin təsvirini göstərmək adı altında faktiki olaraq Qarabağın separatçılığının legitimləşdirilməsinə çalışıblar. Bu istiqamətdə ciddi işlər aparan mərkəzlər var ki,  onlar qeyri-siyasi yollarla öz məqsədlərini yürüdüblər. Bunlardan biri turizmlə bağlıdır. Hər kəsə məlumdur ki, qeyri-qanuni yolla uzun illər Qarabağa turizm səfərləri təşkil edilib, gələn turistlərə faktiki olaraq erməni yalanları danışılıb, onlar da getdikləri öz ölkələrində həmin yalanları təbliğ ediblər. Yəni erməni “yalan maşını” dayanmadan çalışıb. Lakin bu “yalan maşını”nın yalnız son 30 ildə işlədiyini demək doğru olmazdı. Çünki ötən əsrin 80-ci illərinə baxanda görürük ki, ABŞ-da, Avropanın bir neçə ölkəsində mətbuatda hansısa turizm festivallarında, tədbirlərində turizm adı altında Qarabağ separatizmi cücərdilib, böyüdülüb, təqdim olunub, daha sonra isə legetizmi aparılıb”.

Yeganə Hacıyeva qeyd edib ki, Almaniya hökumətinin erməniləri şoka salan bu ədalətli davranışı ilk dəfə deyil: “Xatırlayıram ki, 2019-cu ildə Almaniyanın bir neçə şəhərində Ermənistandan olan guya təhsillə bağlı, amma əslində “artsax”ı təbliğ edən bir neçə QHT və mərkəzin bağlanması istiqamətində işlər görülmüşdü.  Yəni Almaniyada Ermənistan tərəfə Qarabağla bağlı olan turizm, mədəniyyət, təhsil və sairə kimi mövzularda qadağa qoyulması birinci hal deyil. 44 günlük Vətən müharibəsindən sonra bu məsələ daha da aktuallaşıb.

Azərbaycanın növbəti siyasi-diplomatik uğuru » BAYRAQDAR MEDİA

Yeganə Hacıyeva 

Onu da  qeyd etmək lazımdır ki, bu məsələdə də birmənalı olaraq, Azərbaycan səfirliyinin və  oradakı konsulluğun işinin güclü qurulması mühüm rol oynayıb ki, bu da öz nəticəsini verib. Yəni Azərbaycanın dünyadakı xarici siyasəti, Xarici İşlər Nazirliyi, Prezidentin özünün siyasəti, özünün təqdimatından başqa həm də harada ki, Azərbaycan səfirliyi aktiv işləyir, bu cür yaxşı nəticələr əldə etmək olur ki, sonuncu məsələ buna bir nümunədir.

Bir məsələni də xüsusi qeyd etmək istərdim ki, Ermənistan tərəfi istər Avropada, istərsə də ABŞ-da ona görə bu qədər əl-qol açıb ki, oradakı səfirliklərimiz uzun illər bu işlərlə yetərincə məşğul olmayıblar”.

Politoloq qeyd edib ki, Ermənistanın Almaniyada Qarabağla bağlı qarşısına qoyulan qadağa və tövsiyələrə əməl etməsini gözləmək sadəlövhlük olar: “Onlar mütləq şəkildə hansısa yolla öz təbliğatlarını aparacaq, sətiraltı olaraq Qarabağla bağlı mesajlar verəcəklər. Çünki onların siyasəti əsasən bundan ibarətdir. Yəni Ermənistan lobbisi Qarabağı ümumi ideologiyasının nüvəsinə qoyub. Dünyada 3-4 fırıldaqçı erməni var ki, onlar öz xalqını  bu mövzularda istismar edir. Hansı erməni lobbisini qaldırırsan, altında bir mafiya çıxır.

Beləliklə, qadağalara baxmayaraq, ermənilər yenə də öz əməllərindən qalmayacaqlar və bunu gözləmək lazımdır.

Bu səbəbdən, hər zaman ayıq-sayıq olmalı, ermənilərin olduqları yerdə biz əvvəl olmalıyıq. Belə bir məsəl var ki, “yalan ayaq açır, amma yerimir”. Amma görürük ki, belə deyil, yalan ayaq da açır, yeriyir də. Ona görə də bir daha qeyd edirəm ki, harada onlar varsa, biz onlardan əvvəl həmin yerdə olmalı, öz həqiqətlərimizi, mədəniyyətimizi, tariximizi təbliğ etməliyik. Təsəvvür edin, hələ Novruz gəlməyib, amma artıq erməni səhifələrində Novruz, səməni ilə bağlı paylaşımlar edirlər. Onlar Qarabağı özünunküləşdirməyə çalışdıqları kimi, Novruzu da onlara məxsus xristian mədəniyyətinin bir elementi kimi göstərməyə, təqdim  etməyə çalışırlar. Yəni həyasızlıqlarının bu dərəcəsini də həyata keçirirlər”.

Xalidə GƏRAY