Kreml ABŞ-ın müdafiə büdcəsindən qorxdu: “Avropada uzunmüddətli sabitliyi pozmağa yönəlib”
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov ABŞ-ın yeni müdafiə büdcəsinə Kremlin münasibətini çatdırıb.
Onun sözlərinə görə, yeni büdcə qarşıdurma xarakterli və həcminə görə misilsizdir, üstəlik Avropa qitəsində uzunmüddətli sabitliyin pozulmasına yönəlib.
“Qəbul edilmiş sənəd ölkəmizə münasibətdə son dərəcə qarşıdurma xarakteri daşıyır. Bu da Avropa qitəsində sabitliyin daha da pozulması üçün kifayət qədər ciddi və uzunmüddətli nəticələri özü ilə bərabər gətirəcək”, – deyə Peskov jurnalistlərə bildirib.
Xatırladaq ki, Konqresin hər iki palatası tərəfindən razılaşdırılan 2023-cü il üçün ABŞ-ın müdafiə büdcəsi gələn il Ukrayna üçün əlavə 800 milyon dollar və Rusiya Federasiyasının Avropada durdurulması, onun hipersəsli silahları ilə mübarizə məqsədilə “hərtərəfli strategiyanın” hazırlanması üçün 6 milyard dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutur. Bundan başqa, ABŞ-ın əsas maliyyə sənədində Rusiya ilə məlumat mübadiləsi ilə bağlı daimi əsasda qadağalar qoyulub.