22 Dekabr 2024

Nikol Paşinyandan Zəngəzur AÇIQLAMASI

Moskvada keçirilən üçtərəfli işçi qrupunun dünənki iclasında dəmir yolunun açılması məsələsi ilə bağlı konkret nəticə qeydə alınmayıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu dekabrın 7-də parlamentdə hökumət saatında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Yerasx (Arazdəyən) -Ordubad-Meğri-Horadiz dəmir yolunun açılması məsələsi müzakirə olunub. Mən deyə bilmərəm ki, bizim konkret nəticələrimiz var, amma bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan bu proqramın həyata keçirilməsinə hazırdır və maraqlıdır. Təklifimiz hələ də qüvvədədir” – Paşinyan bildirib.

Baş nazir iddia edib ki, Ermənistan dəmir yolunun bərpasına bir gün əvvəl başlamağa hazırdır: “Əvvəllər biz öz fikirlərimizi bildirdik və bu proses ətrafında ortaq məqamlar qeydə alınan andan dəmir yolunun bərpası ilə bağlı işə başlamağa hazırıq. Dəmir yollarının və avtomobil yollarının Ermənistan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməsi barədə anlayışımız haqqında danışmağı lüzumsuz hesab edirəm”.

N.Paşinyan deyib ki, müzakirələr təkcə dəmir yolu ilə bağlı olsa da, yollar məsələsi də gündəmdədir: “Bununla əlaqədar olaraq, biz əvvəllər qeyd etdiyimiz 3 keçid məntəqəsini açmağa, eləcə də ən yaxşı marşrutla yeni yol infrastrukturlarını yaratmağa və qurmağa hazırıq. Bu, bizim yolumuzdur və biz böyük beynəlxalq tranzitin təmin edilməsini gözləyirik və yenə də Ermənistan qanunvericiliyi çərçivəsində bu yolların açılmasına və tikintisinə bir dəqiqə tez başlamağa hazırıq. Bu baxımdan bizdə siyasi iradənin çatışmazlığı yoxdur”.

Xatırladaq ki, dekabrın 6-da Moskvada Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın, Rusiya baş nazirinin müavini Aleksey Overçukun və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə üçtərəfli işçi qrupunun 11-ci iclası keçirilib.