Anar Kərimov Mingəçevirdə mədəniyyət işçiləri ilə görüş keçirib
Mədəniyyət naziri Anar Kərimov noyabrın 28-də Mingəçevir şəhərində bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olduqdan sonra mədəniyyət işçiləri ilə görüş keçirib.
Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri və nazirliyin məsul əməkdaşları iştirak ediblər.
Nazir çıxış edərək bildirib ki, müntəzəm olaraq bölgələrə səfərlərinin əsas məqsədi yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud imkanları müəyyən etmək, mədəniyyət və incəsənət sahəsində çalışan şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdan ibarətdir. Eyni zamanda bu sahədə fəaliyyət göstərən insanların nazirlik tərəfindən aparılan islahatlara cəlb edilməsi, mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə vermələrinə nail olmaq da əsas vəzifələrdəndir.
Görüş zamanı Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlar, nazirliyin müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən işlər, gələcək planlar barədə danışılıb, həmçinin yerlərdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.
Anar Kərimov bildirib ki, mədəniyyət işçiləri dövrün tələbləri, eləcə də nazirliyin qarşısında qoyulan vəzifələrə uyğun olaraq işlərində dönüş yaratmalıdırlar. Peşəkarlıq səviyyəsi və təşəbbüskarlığın olmağı mühitdə inkişafa nail olmaq çətindir. Qeyd edilən bu nüanslar daim diqqətdə saxlanılmalıdır.
Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Görüşdən sonra mərkəzin foyesində konsert proqramı təşkil edilib. Konsertdə Mingəçevir şəhər Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbinin “Banu” rəqs qrupu “Zəfər” rəqsi, “Kamera” ansamblı “Aşıqsayağı”, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına Onbirillik Musiqi Məktəbinin müəllimlərdən ibarət vokal qrupu “Gülür ellər”, VIII “Muğam” Televiziya Müsabiqəsinin iştirakçısı Sabir Hüseynov “O xal nə xaldır”, Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət “Xarıbülbül” xor kollektivi “Cənnətim Qarabağ” musiqi nömrələrini təqdim ediblər.