Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur
1993-cü il avqustun 31 -də Azərbaycanın daha bir rayonu -Qubadlı erməni silahlıları tərəfindən işğal olundu.İşğal nəticəsində 29997 nəfərQubadlı sakini yurd -yuvasından didərgin düşdü. İşğal nəticəsində 94 yaşayış məntəqəsi 7278 fərdi yaşayış evi ,64 inzibati bina, 148 sosial obyekt,161 mədəniyyət obyekti, 7 məscid ,16 körpü dağıdıldı.Rayon ərazisində olan bütün infrastruktur məhv edildi.
Azərbaycan Respublıkasının cənub qərbində yerləşən Qubadlı faydalı qazıntı ehtiyatına malikdir.Dağlıq ərazidə yerləşən rayon qərbdən 120 km məsafədə Ermənistan, şimaldan Laçın rayonu,Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu,cənubdan isə Zəngilanla həmsərhəddir.Kəndlərin böyük qismi Həcəri və Bərgüşad çaylarının ətrafinda yerləşmişdi.İşğaldan əvvəl Qubadlıda 13164 hektar meşə sahəsi olub.Qubadlı yerüstü və yeraltı sərvətləri ilə zəngindir.
Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyası və Müzəffər Ordumuzun yenilməz qüvvəsi sayəsində 2020-ci il 25 oktyabr tarixində Qubadlı şəhərini işğaldan azad olundu.
Qubadlı şəhərinin işğaldan azad olunması böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Cənab Prezidentə təqdim edilən baş planda göstərildiyi kimi, rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Prezident İlham Əliyevin bu yaxınlarda səfəri zamanı Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılmasına şahid olduq. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.
Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına çəkilən dördzolaqlı yoldan insanlar rahat istifadə edəcəklər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır. Bir sözlə, Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı