22 Dekabr 2024

“Mövcud geopolitik vəziyyət Azərbaycan-Türkiyə birliyini daha da möhkəmləndirib”

“Zəngilanın işğaldan azad olunduğu gün daha bir beynəlxalq hava limanının açılışının sevincini yaşadıq. Xüsusən Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Zəngilan Beynəlxalq Hava Limanının açılışını etmələri sevincimizə sevinc qatıb”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.

Asif Əsgərli deyib ki, Prezident İlham Əliyev 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanatda önəmli məsələlərə toxunub: “Cənab Prezidentin dediyi kimi Zəngilan Hava Limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Bu fikirlərlə cənab Prezident iki dövlətin qardaşlığının və birliyinin möhkəmliyinin əhəmiyyəti bildirir. Diqqət çəkən məqam odur ki, bu il ərzində artıq işğaldan azad olunan ərazilərdə ikinci beynəlxalq hava limanının açılşı olur. Elə Füzuli Beynəlxalq Hava Limanının da açılışında məhz Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. Bu o deməkdir ki, Azərbaycanın ən əlamətdar günlərində qardaş Türkiyə hər zaman bizimlədir”.

Politoloq bildirib ki, işğaldan azad olunan ərazilərin bərpa olunmasında da Türkiyə yaxından iştirak edir: “Prezident İlham Əliyev bəyanatında vurğuldığı kimi, bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür: “İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir”. Mövcud geopolitik vəziyyət Azərbaycanla Türkiyəni bir-birinə daha da bağlayıb. Xüsusın 44 günlük Vətən müharibəsində bu bağ, birlik daha da möhkəmləndi. Sevinirik ki, bu gün hər iki ölkənin qırılmaz qardaşlıq və dostluq münasibətləri dünyaya nümunədir”.