Nüvə fəlakəti zamanı Bakıda hara sığınmalı…
Ekspert: “Yerlərini də göstərməyə hazıram ki, misal üçün, bir vaxtlar bura sığınacaq idi, indi ya gecə klubudur, ya da hansısa əyləncə mərkəzi”
Rusiyanın Ukraynaya hərbi təcavüzü dünyada nüvə müharibəsi riskini artırıb. Mütəxəssislərin fikrincə, mümkün nüvə müharibəsi zamanı dünyada ən təhlükəsiz yer Qara dənizin yanındakı mağaradır. Rumıniyada yerləşən Movile mağarası 1986-cı ildə geoloq Kristian Lasku tərəfindən kəşf edilib. 5 milyon il yaşı olan mağaranın təbiəti milyonlarla ildir, dünyanın qalan hissəsindən təcrid olunub. Mağarada hava, su, istilik və rütubət hər zaman eynidir. Bu, canlıların yox olmasına imkan vermir, dolayısı ilə, burada həyat məhv olmur.
Mütəxəssislərin fikrincə, mağaranın cəmi 50 metr dərinliyində və 240 metr uzunluğunda olması olduqca diqqətəlayiqdir. Çünki mağaranın bu xüsusiyyəti onu nüvə partlayışından və radioaktivlikdən qoruyacaq. Yeri gəlmişkən, nüvə silahı lokal tətbiq olunarsa, ondan mühafizə olunmaq mümkündür. Nüvə silahı tətbiq olunduqda, onun təhlükəsinin bir neçə faktoru var. İlk növbədə zərbə dalğası ətrafdakı bütün sədləri, tikililəri dağıtmaq gücünə malikdir. Zərbə dalğası silah işlədilən yerin episentrindən 10 kilometr məsafədə dağıdıcı gücə malikdir. Zərbə dalğası radiasiyasının yayılması istifadə olunan nüvə silahının gücündən asılıdır. Atom silahının gücünə görə episentrdən başlayaraq təhlükəli ərazinin diametri arta bilər. Nüvə silahı tətbiq olunarsa, zərbə dalğasından başqa elektromaqnit şüalanması baş verir ki, bu da bütün elektrik xətlərini sıradan çıxarır, cihazlarını yandırır və güclü işıq şüası insan gözünü yandırıb kor edə bilər. İonlaşdırıcı radiasiya partlayışın episentrində və 10 kilometr radiusda xüsusilə güclüdür. Ancaq get-gedə məsafə artdıqca, onun təsiri zəifləyir. İonlaşdırıcı radiasiya bir çox hallarda 50 kilometr radiusda yayılır, külək əsdikdə onun radiusu böyüyə bilər. Bu rəqəmlər də silahın gücünə görə nisbidir, müasir nüvə silahlarının orta gücünə görə hesablanıb. Ümumilikdə, atom silahı istifadə edilmiş ərazidə 100 kilometr diametrdəki hissə təhlükəli sayılır.
Bəs Azərbaycanda kimyəvi silah parlayışı və ya digər təhlükələrdən qorunmaq üçün yeraltı sığınacaqlar mövcuddurmu? Hələ 1992-ci ildə Nazirlər Kabineti Azərbaycanda sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalini mühafizənin əsas prinsipləri haqqında qərar qəbul edib. Həmin qərara görə, mülki müdafiənin mühafizə qurğuları (sığınacaqlar, radiasiya daldalanacaqları, sadə daldalanacaqlar – zirzəmilər və başqa yeraltı tikililər) respublikanın bütün əhalisinin qorunmasını təmin etməlidir. Sovetlər dönəmində Azərbaycanda ən müasir tələblərə cavab verən sığınacaqlar olub. Hətta həmin sığınacaqlarda vaxtlı-vaxtında yoxlamalar aparırdılar. Amma ekspertlərin iddiasına görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra məmurlar həmin o sığınacaqların bəzilərini satıblar. Sığınacaqlar elə-belə deyil ki, insanlar orada nədənsə gizləndilər və təhlükə sovuşdu. Sığınacaqda ən azından bir neçə günlük su, ərzaq olmalıdır, onun hava təminatı, sanitar qovşağı olmalıdır.
Bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyindən bildirilmişdi ki, Azərbaycanın bütün bölgələrində kifayət qədər sığınacaqlar və bu kimi obyektlər mövcuddur: “Adətən sığınacaqlar kimi binalara bitişik və ya müəyyən məsafədə olan xüsusi tikililər, yeraltı keçidlər, metro stansiyaları və ya şaxtalar, kənd yerlərində isə evlərin zirzəmiləri, yarğanlar, meşələr və sair hazırlanır”.
Üzeyir Cəfərov
Hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Təəssüf ki, sovet dövrünün ən nümunəvi şəhərlərindən olan Bakıda nüvə təhlükəsi, yaxud da kimyəvi silahlardan qorunmaq üçün yeraltı sığınacaqlardan əsər-əlamət qalmayıb. İşbazlar həmin o yerləri satmağa başladılar. Bu gün də həmin o yerlərin demək olar əksəriyyəti təyinatı üzrə istifadə olunmur. Hansısa bir iaşə obyekti, klub, əyləncə mərkəzi və digər formada fəaliyyət göstərir. Bunu dəfələrlə qeyd etmişəm ki, Bakı kimi milyonluq şəhərdə mütləq mənada sığınacaqlar olmalıdır. Düşünürlər ki, “Bakı Metropoliteni”nin stansiyaları bütün insanlar üçün sığınacaq ola bilər, böyük səhvə yol verirlər. Ümumiyyətlə, metropoliten bunun üçün nəzərdə tutulmayıb, həm də öhdəsindən gələ bilməz. Ona görə ki, orada insanların su ilə təmin olunması, sanitar qovşaqlar, ən azı qısa bir müddətə qida ilə təmin olunmaq, bunlar hamısı metro üçün nəzərdə tutulmayıb. Bunlar yeraltı sığınacaqlar üçün nəzərdə tutulmalıdır. Bu məsələdə çox təəssüflər olsun ki, optimist bir fikir söyləyə bilmərəm. Özüm SSRİ dövründən bu yana bütün bu proseslərin içində olmuşam deyə bütün obyektləri, hərbi şəhərcikləri, sığınacaqların hamısını çox gözəl bilirəm. Yerlərini də göstərməyə hazıram ki, misal üçün, bir vaxtlar bura sığınacaq idi, indi market, gecə klubudur, hansısa bir əyləncə mərkəzidir. Bu məsələ rəsmi şəxsləri ciddi düşündürməlidir. Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, ən çox Nazirlər Kabineti ilə Bakı Şəhər İcra hakimiyyəti bununla ciddi məşğul olmalıdır. Ola bilər, Eldar Əzizov özünə, ailəsinə sığınacaq ayırar. Amma söhbət milyonlarla sakini olan Bakıdan gedir. Bakıya gün ərzində gəlib-gedən 100 minlərlə qonaq da var. Nüvə, kimyəvi silah işlənən zaman soruşulmayacaq ki, sən insanları yerləşdirmisən, ya yox? Ona görə bununla bağlı bütün KİV-lər, AzTV, İTV, televiziya kanalları maarifləndirmə işini aparmalıdır. Bu günə kimi haradasa həyəcan siqnalı ilə kimsə məşq edib? Yox. Bunların hamısı keçirilməlidir. İnanın ki, Bakı şəhərində təhlükə yaranacağı təqdirdə həyəcan siqnalı olsa belə, insanlar əhəmiyyət verməyəcəklər. Təhlükə anında metroya yaxın olanlar tez bir zamanda qoruna biləcəklər, bəs Maştağada yaşayanlar suyun altına girməlidirlər, yaxud da Sumqayıt, Gəncədə yaşayanlar harada qorunmalıdırlar? Bu çox ciddi məsələdir. Amma hansısa idarəyə getsək, kağız üzərində o qədər xariqələr yaradıblar, təlimlər də keçiriblər, insanları maarifləndiriblər. Kağız üzərində hər şey idealdır”.
Rövşən Məhərrəmov
Hərbi Polisin sabiq rəisi, hərbi ekspert Rövşən Məhərrəmov da mediaya açıqlamasında deyib ki, hazırda Azərbaycanda bütün zirzəmilər ticarət obyekti, ofis və gecə klubu kimi fəaliyyət göstərir: “Əgər sabah müharibə şəraiti və yaxud hər hansı bir fövqəladə hadisə olarsa, insanlar hara sığınacaqlar? Əvvəllər Mülkü Müdafiə Qoşunlarının ən vacib vəzifələrindən biri regionlarda olan zirzəmiləri ciddi nəzarətdə saxlamaq, hər ay zirzəmilərdəki vəziyyətlə tanış olmaq və çatışmazlıqlar barədə aktlar tərtib edib müvafiq rayon icra hakimiyyətlərinə təqdim etmək idi. Fövqəladə Hallar Nazirliyində fövqəladə hal olduğu halda nə etmələri barədə, əhalinin təxliyəsi, zirzəmilərə, sığınacaqlara yerləşdirilməsi barədə təlimatlar varmı? Əgər varsa, o halda niyə o təlimatlar əhaliyə çatdırılmır? Ölkəmizdə anbarlarda əhalinin sayına uyğun qaz əleyhinə avadanlıqlar varmı? Orta və ali məktəblərdə tədris proqramlarına bu kimi fövqəladə hallar üçün dərslər nəzərdə tutulubmu? Əhali öz yaşadığı əraziyə uyğun sığınacaqların yeri barədə məlumatlıdırmı? Əlbəttə yox. Bütün suallar cavabsız qalır. Sığınacaqlarda hər bir şərait olmalıdır: istilik, havalandırma sistemi, hermetik qapılar və bir sözlə, uzunmüddətli yaşayış üçün hər şey. Həmçinin rayon icra hakimiyyətlərində mülki müdafiə məsələləri üzrə ştatlar mövcuddur, lakin onlar öz vəzifələrinin icrasından başqa, nə işlə desən, məşğuldurlar. Deyirlər ki, metrolarımız, yeraltı dayanacaqlarımız var. Amma bunlar da mübahisəlidir. Çünki xarici dövlətlərdə binaların layihəsi tərtib edildikdə yeraltı dayanacaqların altında zirzəmilər hermetik qapılarla, uşaq otağından tutmuş tualet, həmçinin hər bir avadanlıqla təmin olunur. Bunlar bizdə varmı?”
Afaq MİRAYİQ