Vətən müharibəsində qazanılan Qələbə tariximizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoyub
Zəfər forumunun növbəti ünvanı Gəncə şəhəri olub
Biləsuvardan start götürən Zəfər forumunun növbəti ünvanı oktyabrın 18-də Gəncə şəhəri olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə, Mingəçevir, Yevlax və Naftalan şəhərlərini, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy və Xocalı rayonlarını təmsil edən şəhid ailələrinin, müharibə iştirakçılarının, şəhər və rayon fəallarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən Zəfər forumu Gəncə Dövlət Filarmoniyasında təşkil olunub.
Forumda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, adları qeyd olunan şəhər və rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.
Qonaqlar tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra forum iştirakçıları “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində Vətənimizin keşiyində dayanan əsgərlərimizə məktub ünvanlayıblar.
Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu forum Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri Gəncə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq, növbəti Zəfər forumunun Gəncədə keçirilməsindən məmnunluq duyduğunu bildirib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaətdən danışıb.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək, Zəfər forumunun Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını, 44 günlük Vətən müharibəsi zamanı Gəncənin erməni təcavüzkarlarının xaincəsinə törətdiyi terror aktlarına qarşı sarsılmaz dözüm və qəhrəmanlıq nümayiş etdirdiyini vurğulayıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ermənistanın Gəncədə törətdiyi terror aktı zamanı paylaşdığı sözləri xatırladıb: “Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”.
Vüsal Quliyev Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olunan Qələbənin tarixi inkişafımızda və yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoyduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə həm diplomatiya sahəsində, həm də informasiya məkanında gedən müharibədə əzmlə, dəyanətlə mübarizə apararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırdı.
Zəfər forumlarının bütün ölkəni əhatə edəcəyini söyləyən V.Quliyev bildirib ki, bu forumlar yerlərdə xüsusilə gənc nəslin Qələbəmiz barədə daha dolğun məlumatlanmasına imkan verəcək.
Daha sonra forumda iştirak edən Milli Qəhrəman valideynlərinin, şəhid ailələrinin və müharibə iştirakçılarının çıxışları dinlənilib.
Tədbirdə hərbi vətənpərvərlik musiqiləri ifa olunub, səhnələr nümayiş etdirilib.
Sonda forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.
Qeyd edək ki, növbəti forumlar Ağstafa, Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.