22 Dekabr 2024

Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

Sirr deyil ki, eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə malik olan, dini və milli mənsubiyyət eyniliyi Azərbaycan və Qırğızıstan xalqlarının, dövlətlərinin əlaqələrinin inkişafına təsir göstərən mühüm amillərdəndir. Bu səbəbdəndir ki, Azərbaycan-Qırğızıstan münasibətləri bu gün yüksələn xətlə inkişaf edir, hətta strateji tərəfdaşlıq səviyyəsinə belə çatıb. Keyfiyyətcə yeni səviyyəyə çatan Azərbaycan-Qırğızıstan münasibətləri ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulub və bütövlükdə siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf edir.

2022-ci ilin 11 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstan Respublikasına dövlət səfəri etmişdir. Olduqca səmərəli keçən səfər böyük tarixi və strateji əhəmiyyət daşıyır. Səfər zamanı keçirilən görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar həm iqtisadi-ticari baxımdan, həm də türk dünyasının birliyi baxımından çox əhəmiyyətlidir.

Səfər zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ı, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandomu”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandomu”, “Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandomu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırğız Respublikasının Təbii Sərvətlər Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında qaşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandom”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Sosial Fond arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan – Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş” kimi önəmli sənədlər imzalanmışdır. Prezident İlham Əliyev Bişkekdə mətbuata verdiyi bəyanatda bildirir ki, iki ölkə arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir. O həmçinin bildirmişdir ki, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyət daşıyır. 

Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Aparılan danışıq və imzalanan bütün sənədlər, onu göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qalxacaq, ölkələr arasındakı qardaşlıq və dostluq əlaqələri daha da möhkəmlənəcək.

Aytən Məmmədli – YAP Ağstafa rayon təşkilatının məsləhətçisi