23 Dekabr 2024

Şimali Koreya özünü rəsmi olaraq nüvə dövləti elan etdi

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Ali Xalq Məclisi (birpalatalı parlament) nüvə silahı haqqında qanun qəbul edib.

“Report” Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In ölkəsinin nüvə statusunun “dönməz” olduğunu bildirib.

Qanun nüvə silahının xarici hücumlardan müdafiə məqsədilə profilaktik istifadəsinə icazə verib.

“Milli nüvə qüvvələrinin komandanlıq və nəzarət sistemi düşmən qüvvələrin hücumu təhlükəsi altında olarsa, avtomatik olaraq nüvə zərbəsi endirilsin”, – qanunda vurğulanıb.

Qərb mediası yazıb ki, bu yolla Şimali Koreya özünü rəsmən nüvə dövləti elan edib. Şimali Koreya lideri Kim Çen In ölkə parlamentinin iclasında çıxışı zamanı söyləyib ki, ölkənin nüvə statusu indi “dönməzdir” və ölkənin nüvəsizləşdirilməsi ilə bağlı müzakirələr artıq mənasızdır. Onun sözlərinə görə, Şimali Koreya heç vaxt nüvə silahından imtina etməyəcək, çünki rəsmi Pxenyan ölkənin müdafiəsini sarsıtmaq və nəticədə hökumətini devirmək üçün “təzyiq” edən ABŞ-a qarşı çıxmaq üçün həmin silahlara ehtiyac duyur.

Kim Çen In Cənubi Koreyanı hərbi imkanlarını genişləndirmək və şimaldan artan təhlükəyə qarşı çıxmaq üçün ABŞ ilə birlikdə genişmiqyaslı hərbi təlimləri bərpa etmək planlarına görə də tənqid edib. KXDR rəhbəri bu cür planları “təhlükəli” və “gərginlik yaradan” adlandırıb.

Eyni zamanda, dövlət başçısı vəd verib ki, nüvə dövləti olaraq Şimali Koreya başqa ölkələrə nüvə silahını verməyəcək, habelə nüvə texnologiyası, avadanlığı və onun istehsalı üçün materialları bölüşməyəcək.

Qeyd edək ki, Şimali Koreya nüvə silahını sınaqdan keçirməyə hazırlaşır. BMT və AEBA Şimali Koreyanın 2017-ci ildən bəri ilk nüvə sınağını keçirməyə hazırlaşmasından ehtiyat edir. Ölkənin şimalındakı “Pungeri” yeraltı sınaq poliqonunda son aylarda qeydə alınan aktivlik bunu göstərir. Peyk görüntüləri 2018-ci ildə ABŞ ilə nüvəsizləşdirmə danışıqları zamanı tunellərin təmir edildiyini və sökülən strukturların yenidən qurulduğunu göstərir. 2006-2017-ci illərdə KXDR “Pungeri” poliqonunda altı nüvə sınağı keçirib.