Ukrayna Rusiyadan 300 milyard dollar təzminat almaq istəyir
Ukrayna Rusiyadan azı 300 milyard dollar reparasiya (təzminat) almaq niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malüska Almaniyanın “Funke” mediaqrupunun nəşrlərinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Kiyev BMT Baş Assambleyasında gələcəkdə zərərin ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasının əsas götürülməli olduğu qətnamənin qəbuluna nail olmaq niyyətindədir:
“Biz Rusiyanın aqressiv müharibəsi ilə Ukraynaya vurduğu bütün ziyana görə təzminat almaq istəyirik”.
Eyni zamanda DPA agentliyi qeyd edib ki, Rusiyanın genişmiqyaslı işğalı nəticəsində Ukraynaya vurulan zərərin daha çox olduğu təxmin edilir. Buna baxmayaraq, qeyd olunan məbləğ Rusiya Bankının sanksiyalar altında dondurulmuş “G7” ölkələrindəki aktivlərinə uyğundur.
Bildirilib ki, ədliyyə naziri bu vəsaitlərə, eləcə də Rusiya dövlət müəssisələrinin xarici aktivlərinə, eyni zamanda rusiyalı oliqarxların müsadirə edilmiş əmlaklarına çıxış tələb edib.
D.Malüska əlavə edib ki, Almaniya ölkədə nə qədər Rusiya aktivinin yerləşdiyi barədə də məlumat verməlidir.