23 Dekabr 2024

Xəzərin ən yaxşı balıqları təhlükədə – qarşısını necə alaq?

Zoologiya İnstitutunun əməkdaşı Xəzər dənizində ekspedisiyada olub. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Belə ki, Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Süleyman Süleymanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə “Əlif Hacıyev” Elmi-Tədqiqat gəmisi ilə Xəzər Dənizinin Azərbaycan sektoruna aid olan ərazisində baş verən ekoloji proseslərin və ətraf mühitə təsirlərinin müəyyənləşdirilməsi, dənizin bioloji ehtiyatlarının və hidrometroloji vəziyyətinin öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədilə növbəti kompleks ekoloji monitorinq işini həyata keçirib.

Ekspedisiya zamanı 9 kəsimdən ibarət olan 45 stansiyadan ixtioloji materiallar toplanıb.

Müəyyən edilib ki, son illərdə Xəzər dənizində dəyişilmiş ekoloji şəraitlə bağlı (dəniz səviyyəsinin aşağı düşməsi, güclü çirklənməyə məruz qalması və s.) olaraq Xəzərdə yaşayan dəniz balıqlarının (siyənəklərin, kefalların və kilkələrin) vəziyyəti qənaətbəxşdir, əksinə olaraq keçici və yarımkeçici balıqların (adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şahmayı) vəziyyəti isə qənaətbəxş deyil.

Təhlükə ilə üzləşən balıqlar – dəniz çəkisi, kütüm, şahmayı, şərq çapağı Xəzərin ən yaxşı, təmiz qidaları ilə (krivet, fosforlu yosun, mamır ) qidalanan, dadlı və faydalı balıqlarıdır. Hansı ki, onların kilosu indi 15 manat civarındadır. Amma Dağıstanda, İranda bu Xəzər balıqları iki-üç qat ucuzdur. 

Dənizin spesifikasını bilən, orada baş verənləri müşahidə edən balıqçıların Musavat.com-un müxbirinə bildirdiyinə görə, adları çəkilən balıqların məhv olmasının səbəbi təkcə suyun azalması və çirklənmə ilə bağlı deyil. Düzdür, bu səbəblər ciddi rol oynayır, ancaq balıqları məhv edən həm də “brokonyer”lərdir. Belə ki, dənizin sahilləri kürü və balıqların yetişmə vaxtı da torlarla dolu olur. Həmçinin keçici və yarımkeçici balıqlar kürü qoymaq üçün Xəzərlə bağlantısı olan kanal və çaylara keçə bilmir, çünki himayə olunan “brokonyerlər” Kürün, digər çayların, kanalların ağzını torlayıb balıqları orada kürü mövsümündə məhv edirlər. Xəzərin bioresurslarını qorumaq üçün ciddi tədbirlər görülməlidir. Bunlar bəyanatla həll olunacaq işlər deyil.

Qorxmaz İbrahimli: “Ölkədə demokratiya nə qədər güclənəcəksə...”

Ekspert: “Qanunsuz ovlama davam edərsə,  tullantıların axıdılmasının qarşısı alınmazsa, canlıların sayı azalmaqda davam edəcək”

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli “Yeni Müsavat” mövzu ilə bağlı şərh verərkən bildirdi ki, Xəzər dənizində balıqların populyasiyasına təsir göstərən amillərdən biri əsasən çirklənmədir: “Neft tullantılarının, çirkab suların, kimyəvi maddələrin Xəzərə axıdılması biomüxtəlifliyə, ələlxüsus, bəzi növlərin azalmasına olduqca mənfi təsir edir. İlboyu müşahidələr göstərir ki, balıqlar, krevetlər və digər dəniz canlıları şelf zonasından xeyli uzaqlaşıblar. İqlim dəyişikliyinin təsirlərini gözardı etmək mümkün olmasa da, əsas səbəblər çirklənmə və qanunsuz ovlamadır. Kütləvi, bəzi hallarda qeyri-qanuni üsullarla, xüsusilə kürü, döl dövründə ovlama Xəzər canlılarının azalmasına gətirib çıxarıb. Bundan başqa nərə balığının azalması, Qazaxıstan sularına çəkilməsi insan faktoru ilə bağlıdır”.

Ekoloq Xəzərin biomüxtəlifliyinə mənfi təsir edən səbəblər arasında qazıntı ilə əlaqədar yaranan titrəyişlərin də olduğunu qeyd edib: “Sahilə yaxın yerlərdə titrəyişlərin olması balıqların, o cümlədən suitilərin daha sakit yerlərə getməsi ilə nəticələnir. Doğrudur, ölkəmizdə balıqartırma sahəsində müəyyən işlər görülür. Lakin bu, kifayət deyil. Qanunsuz ovlama davam edərsə,  tullantıların axıdılmasının qarşısı alınmazsa, canlıların sayı azalmaqda davam edəcək”.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumunda 24 milyon manat zərər »  Kanal14.az

Nazirlik: “Mütəmadi olaraq Xəzərə tullantı sularının axıdılması ilə bağlı araşdırma aparılır, qanunsuz ov edən şəxslər cəzalandırılır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Müsavata” bildirildi ki, mütəmadi olaraq Xəzərə tullantı sularının axıdılması ilə bağlı araşdırma aparılır, qanunsuz ov edən şəxslər cəzalandırılır, o cümlədən Xəzərə müxtəlif növ balıqlar buraxılır: “2018-ci ildə Xəzər dənizinə, Kür çayına və digər daxili su hövzələrinə ümumilikdə 371.3 milyon nərəkimi, çəkikimi və qızılbalıq körpələri buraxılmışdır. 2019-cu ildə  402 000 ədəd nərəcinsli,  3 417 208 ədəd çəkikimi, 168 114 ədəd qızılbalıqkimi balıq körpələri Xəzər dənizinə, Kür çayına və digər daxili su hövzələrinə buraxılmışdır (cəmi:3 987 322) 2020-ci ildə isə 588 900 ədəd  milyon nərəcinsli, 5 268 300 milyon ədəd çəkikimi və  82 500 ədəd qızılbalıq kimi körpələri Xəzər dənizinə, Kür çayına və digər daxili su hövzələrinə buraxılmışdır (cəmi:5 939 700). 2021-ci ildə 574604 ədəd nərəcinsli,  6050 000 ədəd çəkikimi, 80 000 ədəd qızılbalıqkimi balıq körpələri Xəzər dənizinə, Kür çayına və digər daxili su hövzələrinə buraxılmışdır (cəmi:6  704 604)

Təbii su obyektlərində mövcud ehtiyatların artırılması və bərpası məqsədilə 2022-ci ilin 6 ayı ərzində 45 000 ədəd Xəzər qızılbalığı, 2 502 600 ədəd çəkikimi, 578631  ədəd nərə cinsli və 10000 ədəd qızılxallı balıq körpələri təbii su hövzələrinə buraxılmışdır”.

Nigar HƏSƏNLİ,