23 Dekabr 2024

QLOBAL İSTİLƏŞMƏ TƏHLÜKƏLİDİRMİ ?

Cox böyük narahatcılığın səbəbi, Yer kürəsində gündən-günə təsir dairəsi və əhatəsi genişlənən qlobal iqlim dəyişkənliyi planetimizin mövcud buzlaqlarının əriməsi təhlükəsini yaradır. Həmin buzlaqlar planetimizdə hava cərəyanının tənzimlənməsində, iqlim və onun amillərinin formalaşmasında, eləcə də biosferin və ekosistemlərin sabitliyinin təmin olunmasında və şirin su ehtiyatının toplanmasında (dünyanın şirin su ehtiyatının 90%-i, planetin buzlaqlarının isə 85%-i məhz Antarktida materikində toplanıb) misilsiz, planetar və bəşəri əhəmiyyət kəsb edir. 1945-ci ildən indiyədək olan müddət ərzində Antarktika yarımadasında orta illik temperaturun 2,5 dərəcə artması nəticəsində buzlağın əriməsi pinqvinlərin populyasiyasının 33% azalmasına səbəb olmuş, 1980-ci ilə nisbətən 2007-ci ildə buzlaq sahə 40%-ə qədər azalmışdır. Antarktida materikindən, həm də Antarktika yarımadasındakı buzlaqlardan iri aysberqlərin qoparaq ayrılması məhz qlobal istiləşmənin təsirindən baş vermişdir. Antarktidanın qərb buzlaqlarından 1,5 milyon il əvvəl Vilkins (sahəsi 570km2) və 2002-ci ildə Larsen (sahəsi 5,5 min km2) aysberqlərinin təbii buzlaqdan ayrılması və sürətlə əriməsi ən mühüm təbii ekoloji fəlakət sayılır.

Qlobal istiləşmədə bəzi başqa amillər (Günəşdə baş verən partlayışlar, radiasiya fonu, Yerin maqnit sahəsinin və xəyali oxunun, Yerlə Günəş arasındakı məsafənin dəyişilməsi, zəlzələ və vulkan püskürmələri və s.) iştirak etsə də, bu prosesdə aparıcı amil istixana effektidir. Alimlərin fikrincə, Antarktida materikinin buz təbəqəsinin tamamilə əriməsi havanın temperaturunun indikindən 8 dərəcə artıq olması ilə nəticələnər, Yerdə iqlimin kontinentallaşması yaranar və ətraf mühitin biotik (canlı) aləminin mövcudluğu üçün qarşısıalınmaz böhran və fəlakətlər yaranar, bəşəriyyət məhv olma təhlükəsi ilə üzləşər. Dünyanın buz təbəqəsinin indiki sürətlə əriməsi nəticəsində Yer kürəsində suyun səviyyəsinin XXI əsrin ortalarına qədər 0,5-1 m, sonunda isə 2 m-dən çox artacağı və planetimizin ərazisinin bir hissəsinin su altında qalacağı gözlənilir. Prosesin bu cür geniş vüsət alması və onun tezliklə qarşısının alınmadığı təqdirdə buzlaqların tamamilə əriməsi nəticəsində suyun səviyyəsinin 80-90 m qalxması təhlükəsi gözlənilir. Ona görə də buzlaqların hamısının qlobal iqlim dəyişkənliyinin təsirindən qorunması, atmosferin istixana effekti yaradan qazlarla çirklənməsinin qarşısının alınması artıq bütün ölkələr, bəşəriyyət üçün beynəlxalq və planetar əhəmiyyətli məsələ kimi qarşıya qoyulur.

Antarktida planetimizdə mövcud olan materiklərdən ən hündürü (hündürlüyü- 20-40 m, sahəsi 52,5 milyon/km2, ümumi həcmi- 24 milyon/km3) və soyuğu olmaqla onun buzlaqlarının altında plankton, xüsusilə su yosunları, şibyələr və mineral duzlarla zəngin olan 140 göl vardır. Antarktida buzlaqlarında həm də dünyanın nadir bioloji inciləri sayılan su heyvanları, 100 milyondan artıq müxtəlif növə mənsub olan quşlar (ən çox isə Adel pinqvinləri), balinalar, suitilər, kalmarlar, osminoqlar və s. yaşamaqla onun daimi sakinləridir. Hazırda Antarktidada 80 min dəniz pişiyi, 200 min dəniz fili, 15 min suiti, 220 min Ross suitiləri, 730 min Ueddell suitiləri, 10-a qədər balina növləri, eləcə də xeyli dəniz bəbirləri və xərçəngyeyənlər yaşayır. Burada yaşayan nadir balina növlərinə göy balina, donqar, sinval, kaşatka, kaşalot, finval və s. aid olmaqla onların ən nəhəngi mavi balinadır (uzunluğu 30 m, çəkisi 160 ton). Əfsuslar olsun ki, onlar əvvəllər bütün okean və açıq dənizlərdə yaşadığı halda hazırda yalnız Antarktida sularında məskunlaşmışlar və get-gedə sayları ildən-ilə sürətlə azalmağa başlayıb. Bu isə dünyanın bioloji müxtəlifliyi üçün olduqca acınacaqlı və arzuolunmaz haldır. Alimlər son zamanlar müəyyən etmişlər ki, Antarktidada indiyədək heç bir ekoloji təsnifata və elmə məlum olmayan 70-ə qədər yeni bioloji növ yaşayır. Əlbəttə, təbiətin bu cür qiymətli, nadir incilərini istixana effekti törədən qazlara qurban vermək olmaz və bu yolverilməz haldır. Yer kürəsinin həmin təbii planetar və bəşəri əhəmiyyətli soyuducusunun əriməsinin, çoxlu sayda buz dağlarının (aysberqlərin) qopub ayrılmasının qarşısının alınmasının ən ümdə yolu birinci növbədə qlobal istiləşmənin və iqlim dəyişkənliyinin, xüsusilə istixana effekti yaranmasının əsas səbəbi olan yanar yanacaqların istifadəsi zamanı atmosferə atılan qazların konsentrasiyasının minimal səviyyəyə çatdırılması üçün müvafiq mübarizə tədbirlərinin görülməsidir. Əks təqdirdə istixana effekti yaradan qazların təsirindən planetimizin təbii soyuducusu sayılan Antarktidanın və digər buzlaqların əriməsi geniş vüsət alacaq və bəşəriyyətin mövcudluğu sual altına düşəcəkdir. Buna görə də bu prosesin qarşısının alınması bütün dünya ölkələri rəhbərlərini, alimləri, ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatları ciddi narahat etməli və hamı bəşəriyyət və onun gələcəyi üçün ən təhlükəli ekoloji böhranlar, onların ağır fəsadlar törədən qlobal istiləşmə, iqlim dəyişmələri ilə mübarizəyə qoşulmalıdır. Bu, günün ən planetar əhəmiyyətli, vacib və prioritet tələbidir.

Buzlaqların, xüsusilə Antarktidanın ekoloji durumunun zəifləməsi və pozulması bəşəri əhəmiyyət kəsb edir. Çünki buzlaqlarda insan üçün çox vacib olan bioloji amillər və böyük mineral xammal ehtiyatları vardır. Antarktida materikində bəşəriyyətin gələcəyi üçün çox vacib zəngin mineral xammal ehtiyatı – daş kömür, qurğuşun, molibden, mis, sink, dəmir filizi, qrafit, şelf (sahilyanı) zonalarının təbii çökmə süxurlarında isə qaz və neft yataqları mövcuddur. Yer kürəsinin buzlaqları, xüsusilə Antarktida qitəsi ozon təbəqəsində baş verən pozulmaların, iqlim dəyişmələrinin və onun tənzimlənməsi üçün elmi-tədqiqat işləri və eksperimentlərin aparılması, ümumilikdə isə planetimizin hazırkı və gələcək iqlim xəritəsinin öyrənilməsində olduqca böyük əhəmiyyətə malikdir. Bitki örtüyünün, xüsusən meşələrin qırılması atmosferin oksigenlə təchizatında problemlər yaradır.

Bir çox alimlərin fikrincə planetimizdə hər il oksigen ehtiyatı 10 milyard ton miqdarında azalır, qazlar balansı arasında vaxtıilə mövcud olan nisbət pozulur. Get- gedə atmosfer müxtəlif zəhərli maddələr ilə o qədər çirkləndirilir ki, bu da insan sağlamlıği və ətraf mühit üçün ciddi təhlükə törədir. Əgər bu problemlərin qarşısı alınmazsa və müvafiq tədbirlər görülməzsə planetimizi məhv olmaq təhlükəsi gözləyir. Atmosfer çirklənməsinə misal olaraq ölkəmizdə 2009- cu ilin may ayının 5 – də Bərdə bölgəsində çirkli yağış yağmasını göstərmək olar. Gecədən yağan çirkli yağışın çöküntüləri səhər yarpaqlar üzərində çox asanlıqla müşahidə edilirdi. Yenə həmin bölgədə 16 mayda qırmızı yağış yağmışdır. Bu hadisələr nəyinki bizim ölkəmizdə, həm də dünyanın bir çox ölkələrində son 10 ildə daha tez- tez müşahidə edilir.

Atmosferin çirklənməsi və iqlim dəyişikliyi qlobal problem olduğuna görə 2009- cu ilin dekabr ayının 17-18–nə kimi Danimarkanın paytaxtı Kopenhagendə “iqlim” sammeti keçirilmişdir. Bu sametdə 192 dövlətdən nümayəndə heyyəti və bunlardan 119 dövlət rəhbəri iştirak etmişdir. Ölkəmizi bu sametdə Ekologiya və Təbii sərvətlər nazirinin şöbə müdiri Rasim Səttdərzadə təmsil etmişdir. Bu sametdə BMT-nın baş katibi Pankimonun iştirak etməsi bu problemin nə qədər ciddi olduğundan xəbər verir. Geniş diskusiyaların keçirilməsinə baxmayaraq bu sammetdə ümumi razılığa gəlinsədə, qəbul olunan razılaşma tövsiyə xarakteri daşıyır.

İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti, quraqlıq, daşqınlar dünyanın bir sıra ölkələrində təbii fəlakətlərə səbəb olur.

ABŞ, Avropa ölkələrində, Asiya ölkələrində və ölkəmizdə yağıntının aylıq normadan bir neçə dəfə çox düşməsi nəticəsində çaylarda daşqınlar sel, su basma, torpaq sürüşməsinin, yayda temperaturun cox illik normadan cox olması yəni, anomal istilərin olması, qışda isə anomal soyuqlqrın, baş verməsi iqlim dəyişikliyinin olmasından bxəbər verir.

Dünyada baş verən iqlim dəyşikliyi kənd təsərrüfatında təsirsiz ötüşməyib. Bu il meyvə və tərəvəzlərin qiymətinin yüksək olmasının səbəblərindən biri kimi iqlimin kəskin dəyişməsi göstərilir. Azərbaycan iqlim dəyişikliyinə həssas ölkə olduğundan baş verən kəskin dəyişikliklərdən kənd təsərrüfatı sektoru ciddi zərər vurur.

Ölkəmizdə yazın son aylarında və yay fəslində güclü külək əsib, bəzi rayonlarda normadan artıq yağış yağıb. Mövsüm üçün xarakterik hava şəraiti müşahidə edilmədiyindən, məhsuldarlıq aşağı düşüb, yığılan məhsulların bir hissəsi isə keyfiyyətsiz olub. Bunun nəticəsində bazarlara az məhsul çıxarıldığı və mövsüm olmasına baxmayaraq, qiymətlərin aşağı düşmədiyi bildirilir. “Iqtisadiyyatın digər sahələri ilə müqayisədə iqlim şəraitindən ən çox asılı olan sahə kənd təsərrüfatıdır. Sənaye, nəqliyyat və digər sahələr üçün iqlim dəyişkənliyi böyük problem yaratmır, amma kənd təsərrüfatında ciddi fasadlar yaratmaq imkanına sahibdir. Bu da kənd təsərrüfatının xüsusiyyəti ilə bağlı olan məsələdir”.

Iqlim dəyişikliklərinin flora və faunada meydana gətirəcəyi acı nəticələrin aradan qaldırılması və əvvəlki vəziyyətinin bərpa edilməsi asan məsələ deyil. Bu halın bərpası üçün uzun illərə ehtiyac vardır. Alınması lazım olan tədbirlər müəyyəndir. Bu tədbirlər bir an əvvəl həyata keçirilməlidir. Sonraya saxlanılması yeni təhlükələrə səbəb olmaq gücündədir. Konkret tədbirlər görülmədiyi təqdirdə 2100–cü ilədək qlobal istiliyin 1.4 – 5.8 dərəcəyə qədər artacağı təxmin edilir. Bu artım bəzilərimizə əhəmiyyətsiz də görünə bilər. Ancaq 2 dərcəyə qədər artım belə dünya əhalisinin təxminən yarısının susuz qalmasına səbəb ola biləcək qədər təhlükəlidir. Bu həm də təbii canlı növlərinin yox olması, kütləvi köçlər, susuzluq, iqtisadi fəlakət kimi təhdidləri özündə saxlayır.

Qlobal iqlim dəyşikliyinin təsirlərini azltmaq ücün Yaşıl İqlim Fondu yaradılmlşdlr. Yaşıl İqlim Fondu qlobal iqlim dəyişmələrindən yaranan problemlərə qarşı mübarizədə inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi vermək üçün yaradılmışdır. Fond BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının maliyyə mexanizmi kimi fəaliyyət göstərir və mütəmadi olaraq bu Konvensiyanın Tərəflər Konfransına hesabat verir. 2015-ci ildən fəaliyyət göstərən Fond indiyədək 43 ölkədən (o cümlədən 8 inkişaf etməkdə olan ölkədən), həmçinin maliyyə müstəqilliyi olan bəzi şəhər və regionlardan 10,3 milyard ABŞ dolları ekvivalentində maliyyə vəsaiti səfərbər etmişdir.

2018-ci ilin fevral ayından etibarən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Azərbaycanın Yaşıl İqlim Fondu ilə Əməkdaşlığına Hazırlığı” layihəsini icra etməyə başlamışdır. Layihənin məqsədi Azərbaycanı Yaşıl İqlim Fondu ilə əməkdaşlığa hazırlamaq, Azərbaycanda adaptasiya və mitiqasiya tədbirlərinin həyata keçirilməsi istiqamətində bilik və bacarıqları artırmaqdır. Layihə çərçivəsində YİF ilə əməkdaşlığın hüquqi və institusional bazasını hazırlamaq, həmçinin ölkədəki bütün maraqlı tərəfləri, o cümlədən özəl sektoru Azərbaycanın iqlim siyasətinin həyata keçirilməsinə cəlb etməkdir.

Atmosferin çirklənməsi Yer kürəsində yaşayan bütün insanlar üçün eyni dərəcədə təhlükəlidir. Torpaq və sudan fərqli olaraq atmosfer havası heç bir sərhəd tanımır. Hansı ölkənin, şəhərin ərazisindən atılmasından asılı olmayaraq o böyük ərazilər qət edərək, atmosferi az çirkləndirən ölkələrin ərazisini də çirkləndirə bilər. Onun canlı aləminə, insanlarının sağlamlığına ciddi ziyan vurar. Ona görə də ekoloji saflığın qorunması uğrunda mübarizə hər bir bəşər övladının ümdə vəzifəsi olmalıdır.

Xosrov Musayev: Aqrar elmləri üzrə fəlsəfə doktoru, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin Ekologiya müəllimi ,“Ekoloji İnfomasiya” İB – inin idarə heyyəti sədrinin müavini.