23 Dekabr 2024

Qarabağda yaşıllaşdırma necə aparılmalı: niyə yalnız şam ağacları əkilir? – ARAŞDIRMA

30 illik işğal dövründə Qarabağda nəinki tarixi, mədəni-dini abidələrimiz, infrastrukturumuz, hətta bu illər ərzində Qarabağın təbiəti ekoloji terror nəticəsində tamamilə məhv edilib. İşğal dövründə Azərbaycanın 261 min hektar meşə fondu sahəsi ermənilərin vandalizm cinayətlərinə məruz qalıb. Göz oxşayan təbiəti, yaşıllığı, səfalı yerləri ilə seçilən Qarabağı yerlə-yeksan edən ermənilər 30 il ərzində orada bir dənə də olsun ağac əkməyiblər. Vətən müharibəsindəki zəfərdən sonra da bütün dünya bunu gördü. Müharibədən dərhal sonra isə Prezident İlham Əliyevin göstərişi ilə ermənilərin ekologiyaya vurduqları ziyan aradan qaldırılmağa, ağaclar əkilməyə başlanıldı.

Qarabağda növbəti ağacəkmə aksiyalarından biri də bir neçə gün öncə Zəngilanda gerçəkləşdirildi. Ancaq bu kampaniya sosial mediada geniş müzakirələrə səbəb oldu, hətta tənqid edənlər də var idi. Səbəb isə işğaldan azad olunan digər ərazilərimizdə olduğu kimi, Zəngilanda da başdan-başa yalnız şam ağaclarının əkilməsi göstərilir. Qeyd edilir ki, bar verməyən, düz-əməlli kölgəsi olmayan və ən əsası, Qarabağın təbiətinə yad olan “yolka” ağaclarının yerinə daha faydalı və həmin ərazinin təbiətinə uyğun ağaclar əkilməlidir. Həmçinin bildirilir ki, şam ağaclarının yağlı qozaları meşə yanğınları zamanı yanğının sürətlə böyük əraziyə yayılmasına səbəb olur. Buna misal olaraq ötən ilin yayında baş verən Türkiyədəki böyük yanğınlar göstərilir. Nəticədə qardaş ölkə sonradan meşələrin bərpası zamanı başqa ağaclara, əsasən də zeytuna üstünlük verdi.

Bəs mövzu ilə bağlı bu sahənin ekspertləri necə düşünür? Həqiqətən də şam ağacları Qarabağın təbiətinə yaddırmı? Alternativ olaraq başqa hansı ağac növləri əkilə bilər və bu zaman hansı xüsusiyyətlər nəzərə alınmalıdır? Bakı Dövlət Universitetinin (BDU) İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov Publika.az-a bildirib ki, hər bir ərazinin özünəməxsus təbii şəraiti, xüsusiyyətləri var və bu, Qarabağda meşələrin bərpası və süni meşələrin yaradılması zamanı mütləq nəzərə alınmalıdır: “Həmin əraziyə xas olan bitkilərin, ağacların əkilməsi məqsədəuyğundur. Çünki quraqlıq, dağlıq, dağətəyi, rütubətli zonalar nəzərə alınaraq oraya uyğun ağac növləri əkilməlidir. Daha əvvəl Qarabağda ənənəvi olaraq hansı ağaclar əkilirdisə, bu gün həmin ağac növlərinə də üstünlük vermək lazımdır. Ancaq nəzərə almaq lazımdır ki, hazırda quraqlıq prosesi gedir, Azərbaycanda isə quraq iqlimə uyğunlaşan ağaclardan biri Eldar şamıdır. Bu, Abşeronda, Xəzəryanı sahillərdə, Nabran ərazisində kifayət qədər çoxdur. Hələ 70-ci illərdə ölkəmizdə süni meşələrin salınması zamanı quraqlığa davamlı olduğu üçün xüsusi olaraq Dağlıq Şirvanda və Şamaxıda əsas üstünlük şam ağaclarına verilirdi”.

Təhlillər aparılmalı, ekoloji vəziyyət öyrənilməlidir

Çingiz İsmayılovun sözlərinə görə, hər bir ərazidə ağac əkilərkən ilk olaraq təhlillər aparılmalıdır: “Burada söhbət təkcə meyvə ağaclarından getmir. Ağacların bir sıra ekoloji əhəmiyyəti var, həmçinin dağlıq ərazilərdə sürüşmələrin qarşısının alınmasında da böyük rol oynayır. İqlim dəyişmələri də nəzərə alınaraq ağac növlərinin seçimi aparılmalıdır. Bu işdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi çox güman ki, müvafiq işləri aparır. Yəni iqlim nəzərə alınaraq ağac növləri seçilməlidir”.

Professor əlavə edib ki, şam ağaclarından başqa ənənəvi olaraq Kəlbəcər, Zəngilan zonasında, Böyük və Kiçik Qafqaz ərazilərində tarixən mövcud olan ağac növləri əkilə bilər: “Buradakı ağaclar həm ekoloji, həm də iqtisadi baxımdan əhəmiyyətlidir və uzunömürlüdür. Ancaq süni ağacların əkilməsi üçün xüsusi olaraq ağac ştilləri yetişdirilir. Bunun da imkanları qiymətləndirilir. Bu gün biz palmanı və digər bahalı növləri xaricdən gətiririk, ancaq yerli imkanlar hesabına da ağaclar yetişdirilir. Daha sonra bu ağac növləri süni meşələrin yaradılması üçün paylanılır. Buna görə də bu imkanlar da qiymətləndirilməlidir. Elə zonalarda meyvə ağaclarının əkilməsi də məqsədəuyğun deyil və hansısa ağac növü üstünlük təşkil etməlidir deyə bir qayda yoxdur. Dekorativ ağacların və ekoloji baxımdan dəyərli ağac növlərinin əkilməsi xüsusi əhəmiyyət daşıyır. İstiləşmə prosesi burada nəzərə alınmalıdır və suya az tələbatı olan ağaclar əkilməlidir. Çünki bunlar süni meşələrdir, təbii deyil. Qiymətləndirmə hər bir ərazi üçün aparılmalıdır. Ağdam ərazisi ilə Zəngilan və Kəlbəcərin ərazisi tamamilə fərqlidir. Buna görə də ərazi təhlil olunmalı, keçmişdə hansı ağacların olduğu müəyyənləşdirilməli, imkanlar nəzərdən keçirilməlidir”.

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli isə müzakirələrin səhv yöndə olduğunu, əslində şam ağaclarının daha faydalı olduğunu qeyd edib.

“Şam ağacı daha çox oksigen mənbəyidir. Türkiyədə, Rusiyada harada şam ağacı daha çoxdursa, insanlar məhz orada istirahət etmək istəyirlər. Əsas məsələ ondan ibarətdir ki, biz ilk növbədə ətraf mühiti düşünməliyik, ekologiyanı qorumalıyıq. Yeni ağacların əkilməsi də meyvə və ya yaşıllıq üçün olmasından asılı olmayaraq önəmlidir. Azərbaycan torpaqlarında yetişə bilən bütün ağaclar əkilə bilər. Yetər ki, planlı şəkildə əkilsin və həmin ağaclar qorunsun. Endemik yerlərə məxsus qədim bitki növləri var ki, onlar Zəngilan ərazisində və digər Qarabağ bölgələrində bitirdi. Ancaq işğal dövründə ermənilər onların kökünü kəsdi. Hazırda həmin ağac növlərinin bərpasına çalışılmalı, daha çox yerli ağac növləri əkilməlidir. Çünki torpağın alışdığı şərait var. Ermənilər Zəngilanda çinar meşələrini məhv ediblər. Çinar uzunömürlü ağacdır, ancaq ermənilər yüz illərlə yaşı olan ağacları bir andaca kəsib yandırıb və ya tikinti materialı kimi istifadə edib, öz torpaqları olmadığı üçün ekologiyaya zərər vurublar. Bu baxımdan Zəngilanda həmin məhv edilən çinar ağaclarının bərpası prosesi aparılmalıdır” – Q.İbrahimli vurğulayıb. 

Gələcəkdə reallaşdırılacaq layihələr nəzərə alınmalıdır

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev Qarabağda tarixən əkilən ağac növlərinin yenidən əkilməsinin və əvvəlki yaşıllığın bərpasının tərəfdarıdır.“Əgər bizim bir ərazini yaşıllaşdırmaq fikrimiz varsa, orada yalnız klassik şəkildə tarixən bitən ağaclardan əkməliyik. İkincisi isə, gələcəkdə orada hansı infrastruktur layihələri olacaqsa, hansı təsərrüfat sahələri yaradılacaqsa, bunlar mütləq nəzərə alınmalıdır. Bakı şəhərində tamam sıradan çıxmış bitkiləri aparıb orada əkirlər. Qarabağda şam ağaclarının əkilməsi qətiyyən düzgün deyil. Çünki bu ağac növlərinin təbii bitən sahələri mövcuddur. Ağacların əkilməsi torpağın, təbiətin, mühitin dəyişdirilməsidir. Şam isə fərqli mühitin ağacıdır. Əgər orada bu ağaclar bitməyibsə, onun əkilməsi ekoloji mühiti dəyişir. Qarabağda tarixən şam ağacları bitməyib, buna görə də iynəyarpaqlıların torpağa təsiri tamamilə fərqli olur və mühiti dəyişdirir. Üçüncüsü, Qarabağda əhalini məskunlaşdıracağıqsa, bu əhali tarixi təsərrüfat sisteminə və həyat tərzinə uyğunlaşdırılmalıdır. Vaxtilə həmin ərazilərdə çox böyük baramaçılıq inkişaf edib, bu istiqamətdə ağaclar əkməliyik. Çünki gələcəkdə həmin ağaclar artıq o təsərrüfatda lazım olacaq” – Ə.Əliyev qeyd edib. 

Badam, püstə, çinar… – Təklif

Ənvər Əliyev təklif edir ki, iqtisadiyyatı da nəzərə alaraq, Qarabağda badam və püstə ağacları daha çox əkilməlidir: “Bu ərazilərdə dağ ətəklərində daha çox çinar ağacları olub. Zəngilanda Şərq çinarı mövcuddur, həmin ərazilərin təbiətinə uyğun bu cür ağaclar əkmək lazımdır. Buna görə də orada şam ağaclarının, iynəyarpaqlı ağacların əkilməsini düzgün hesab etmirəm. Elə yamaclar, sahələr var ki, oranı abadlaşdırıb həmin yerdə baha qiymətə satılan badam, püstə ağacları əkilməlidir. Əvvəla, bunlar istehsal sahəsində meyvəsi çox yüksək qiymətə satılan ağaclardır. Həm də quraqlığa dözümlü olan ağac növləridir, çünki kökləri dərinə gedir. Qarabağda quraq iqlim şəraiti mövcuddur, bəzi hissəsi yarımsəhra, quru çöllərdir. Müvafiq ağaclar əkilməlidir ki, həm ekoloji baxımdan, həm də iqtisadi cəhətdən faydalı olsun. Bütün bunlar nəzərə alınmalıdır”.

Eldar şamı ilə yanaşı, göyrüş, qarağac, akasiya, dağdağan… – Rəsmi mövqe

Səsləndirilən fikirlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mövqeyini öyrəndik.ETSN-in Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdir müavini Raqub Mirzəyev bildirib ki, hər hansı bir ərazidə ağac əkilməmişdən qabaq torpağın münbitliyi, əkinə yararlı olub-olmaması müəyyənləşdirilir və orada əkiləcək ağac növləri dəqiqləşdirildikdən sonra layihə əsasında sxem üzrə iş aparılır: “Meşəçilik mütəxəssislərimiz tərəfindən təhlillər aparılıb, meşələrdə hansı ağaclar üstünlük təşkil edirsə, həmin ağac növləri əkilir. Torpaq və iqlim şəraitinə, bitki örtüyünə uyğun olaraq ağac növləri əvvəlcədən seçilir və müəyyən edilmiş sxem üzrə əkin təmin edilir”.

Zəngilanda şam ağaclarının əkilməsinə gəlincə, nazirlik rəsmisi qeyd edib ki, həmin ərazidə 60-cı illərdə şam ağacından ibarət terras meşələri olub və işğal dövründə həmin ağaclar tamamilə məhv edilib. Buna görə də orada şam ağaclarının əkilməsi bu ağac növlərinin bərpası məqsədi daşıyır: “Torpaqlarımız işğaldan azad olunduqdan sonra minalardan təmizlənmiş həmin əraziyə ETSN tərəfindən baxış keçirilib və oranın xüsusiyyətlərinə uyğun olaraq orada Eldar şam ağacları əkilib. Çünki vaxtilə həmin yerdə bu növ ağaclar olub. Ancaq bu o demək deyil ki, bütün ərazidə şam ağacları əkilməlidir. Hər bir yerdə torpaq və iqlim şəraitinə uyğun ağac növləri əkilir. Eldar şamı ilə yanaşı, göyrüş, qarağac, akasiya, dağdağan, saqqız ağacı kimi ağac tingləri də basdırılıb. Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli, Qubadlı, Kəlbəcər və Laçında bu ağaclar müəyyən edilmiş proqram əsasında əkilir. Məsələn, Zəngilanda Şərq çinarı, akasiya əkmişik, hansı ki, bunlar həmin ərazilərdə bitən ağaclardır. Həmçinin palıd toxumu da səpilib, orada Araz palıdı sahəsi var. Ağac əkini ilə bağlı damcılı suvarma şəbəkəsi tətbiq edilir. Bu sistem Ağdam və Zəngilanda ağac əkimində tətbiq edilib”. 

Raqub Mirzəyev əlavə edib ki, işğaldan azad edilən ərazilərdə indiyədək 40 mindən çox ağac tingi əkilib, 3000 kiloqramdan çox palıd toxumu səpilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2022-2026-cı illəri əhatə edən “Meşə Fondunun Bərpası” Proqramı hazırlanıb. Proqram çərçivəsində ümumilikdə 30 min hektar meşə fondu sahəsinin bərpası üçün meşə bərpa, əkin və təbii bərpa işləri aparılacaq.

Qeyd: Ekologiya və Təbii Sərvətlər Nazirliyi saytımıza işğaldan azad olunan ərazilərdə bir neçə ağac növlərinin əkildiyini göstərən fotolar təqdim edib. Görüntülər Eldar şamı ilə yanaşı, çinar, göyrüş, qarağac, akasiya, dağdağan kimi ağac növlərinin əkin prosesini əks etdirir. Həmin fotoları təqdim edirik: