Azərbaycanda idman sahəsinə olan dövlət qayğısı başqa dövlətlərə bir nümunədir.
Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünkü idman oyunları, Olimpiadalar dövlətlərarası uğurlu əlalqələrin, dostluğun, sülhün əsasını təşkill edən ünsürlərdəndir.
Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə qazandığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir.Bu,həm də Azərbaycanda idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir.
Bildiyimiz kimi, idmanın inkişafı bilavəsitə dövlət başçısının nəzarətindədir və bütün regionlarda bu inkişaf sürətlə və yüksək səviyyədə gedir. Elə bir rayon və şəhərimiz yoxdur ki, orada idman kompleksi, Olimpiya mərkəzi olmasın. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə idmançılarımızın qələbələri, qazandıqları saysız-hesabsız medallar mədəniyyətimizin təbliğinə və vətənpərvərlik ruhununun yüksəlməsinə xidmət edir. Cənab Prezidentimiz İlham Əliyev haqlı olaraq vurğulamışdır ki, “İdman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir”. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.
Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər.
Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar.
Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Əlbətdə bütün bu uğurlar ölkədə idman sahəsinə olan dövlət qayğısının təzahürüdür.
Biz inanırıq ki, iki ildən sonra Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında da Azərbaycan mütləq birinci sıralarda olacaq. Nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər.
İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır. Beləliklə, Azərbaycan dövləti idmançılara hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməməlidirlər. İnanırıq ki, bu sahədə başladılan islahatlar nəticəsində beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldıran, himnini səsləndirən onlarca gənc yeni idmançımız, yeni adlar olacaq.
Rövşən Qurbanov,
Yeni Azərbaycan Patiyası Goranboy rayon təşkilatının əməkdaşı.