Tələbələr təcrübədə olublar
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının icrası çərçivəsində tələbələrlə keçirilən görüş, onların bir mütəxəssis kimi hazırlanmasında atılan addımlardan biridir. Nazir artıq bu sahə üzrə uzun illərin təcrübəsini qazanan muxtar respublika kənd təsərrüfatının hazırda Naxçıvan üçün öncül sahələr sırasında olduğunu diqqətə çatdırıb.
Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, nazirliyin təşəbbüsü ilə keçirilən görüşün məqsədi təcrübələrin və dərslərin səmərəli keçirilməsinə dəstək olmaqdır. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi Sərəncamlar əsasında 40-a yaxın təşkilatla hamilik proqramına uyğun olaraq tədbirlər həyata keçirilir ki, bu da tələbələrin peşəkar kadr kimi formalaşmasında, onların gələcəkdə işlə təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Diqqətə çatdırılıb ki, universitetin torpaqşünaslıq və aqronomiya sahəsində təcrübə bazaları, laboratoriyaları, ixtisaslaşmış, peşəkar mütəxəssiləri mövcuddur. Rektor tələbələrin bunlardan səmərəli istifadə etməklə təcrübələrinin yekununda nazirliyin əməkdaşları ilə birgə layihələr, startaplar hazırlayıb təqdim etmələri barədə öz təklif və tövsiyyələrini çatdırıb.
Sonra tələbələr nazirliyin kitabxanası ilə tanış olublar. Nazir qeyd edib ki, kitabxanada yerli mütəxəssilərin kitabları ilə yanaşı, kənd təsərrüfatı sahəsində dünya klassiklərindən olan kitablar da mövcuddur.
Daha sonra nazirliyin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri laboratoriyasında aparılan analizlər haqqında tələbələrə məlumat verilib. Bildirilib ki, laboratoriyada torpağın mexaniki, struktur tərkibi, torpağın hidroskopik nəmliyinin, turşuluğunun, şoran və şorakətliyinin, torpaqda azot, fosfor, kalium həmçinin mikroelementlərin və torpağın elektrik keçiriciliyinin təyini həyata keçirilir. Toxumçuluq laboratoriyasında toxumun təmizlik faizi, cücərmə qabiliyyəti, təsərrüfat yararlılığı, səpin norması, cücərmə enerjisi, nəmliyi, tarla şəraitində taxılın un çıxımı, toxumda kleykovinanın( yapışqanlığın) və bitki məhsullarının tərkibində nitrat və nitritlərin təyini haqqında tələbələr məlumatlandırılıb.
Toxum bankı, bitki dərmanları ilə tanışlıqdan sonra kənd təsərrüfatı texnikalarına baxış keçirilib.
Sonda tələbələr əyani formada əkin sahələrinin gübrələnmə, dırmıqlanma və dərmanlanma prosesinin şahidi olublar.
Məmmədbağır Dünyamalıyev,
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı