23 Dekabr 2024

Azərbaycanda Kürə və digər çaylara nasos qoyub su götürmək pullu oldu

Azərbaycanda artıq çaylara və digər su mənbələrinə nasoslar qoyub su götürmək üçün pul ödəmək lazım gələcək. Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

Çaylardan və digər su mənbələrindən götürülən suya görə pul ödənilməsi zərurəti bu günlərdə Nazirlər Kabineti tərəfindən təsdiqlənən sudan ödənişli istifadə qaydalarından irəli gəlir.

“Ölkənin şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların xeyli azalması, digər tərəfdən, iqtisadiyyatın müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya olan tələbatın gündən-günə artması ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının qənaətlə istifadəsi və mühafizəsini olduqca əhəmiyyətli edir”, – Rasim Səttarzadə Nazirlər Kabinetinin yeni qaydalarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu günədək Azərbaycanda suyun təbii sərvət kimi dəyərinin müəyyən edilməməsi sudan qənaətlə istifadəni təşviq etmədiyi kimi, həm də suyun dəqiq uçotunun və qiymətləndirilməsinin aparılmasını çətinləşdirirdi.

“Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları” Su Məcəlləsinə əsasən su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanıb. Sudan ödənişli istifadə üzrə tariflərin tətbiq edilməsi su istifadəçilərinin bu sahədə hüquqi-iqtisadi öhdəliklərlə bağlı münasibətlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq təcrübədə, o cümlədən su resursları bol olan ölkələrdə belə təbii su mənbələrindən istifadə ödənişlidir. Qaydalara əsasən texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək”, – nazirin müşaviri bildirib.

R.Səttarzadənin sözlərinə görə, eyni zamanda su təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumlar arasında da sudan istifadə ödənişli olacaq.

“Sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması, suların mühafizəsinin yaxşılaşdırılması, suyun dəqiq uçotunun aparılması və su təsərrüfatı qurumlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyətinin təmin edilməsidir”, – o deyib.

Nazir müşaviri suyun həcminə görə ödənişlərin illik su təsərrüfatı balansının göstəriciləri üzrə təhlillərin nəticələri nəzərə alınmaqla tariflər əsasında hesablanacağını bildirib. Onun sözlərinə görə, sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə, nəqledilmə üsullarından və digər amillərdən asılı olaraq differensiallaşdırılacaq.

Lakin suda üzmək, çaydan ovucla su götürüb içmək hələlik pulsuzdur. R.Səttarzadə bu haqda belə deyib: “Qeyd edək ki, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) istifadəsi ödənişsiz olacaq”.

R.Səttarzadə suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərin üç ay müddətində hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacağını, sudan istifadə haqqının (tariflərinin) isə Tarif Şurası tərəfindən müəyyən ediləcəyini qeyd edib.

İndiki halda texniki avadanlıqlar və qurğular tətbiq etməklə su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürülməsi isə çaylardan, digər yerüstü və yeraltı su mənbələrindən nasoslarla suyun götürülməsi deməkdir. Yəni məsələn, Kür çayı sahilindəki kəndlərin sakinləri indiyədək öz əkinlərini suvarmaq üçün çaya nasoslar qoyub suyu havayı götürə bilirdilərsə indi buna görə pul ödəməli olacaqlar. Eləcə də fərdi şəkildə həyətdə artezian quyuları qazdırıb yeraltı mənbələrdən su götürmək daha havayı olmayacaq, bunun üçün pul vermək lazım gələcək. O cümlədən dağ kəndlərində bulaqların suyunu borularla həyətinə çəkib gətirənlər və buna görə heç bir ödəniş etməyənlər də yeni qaydaların təsiri altına düşürlər-onlar da pul ödəməli olacaqlar. Pulsuz suyu isə indi çaylardan, bulaqlardan, digər su mənbələrindən ancaq ovucla, ən yaxşı halda vedrələrlə götürmək olar…

Virtualaz.org