23 Dekabr 2024

2022-ci ilin “Şuşa İli” elan edilməsi böyük tarixi, mədəni və siyasi hadisədir

Şuşa! Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri. İncəsənətimizin beşiyi, qürur mənbəyimiz, şairlərin, bəstəkarların doymadan vəsf etdiyi dağlar gözəli. Qarabağın tacı olan Şuşa Azərbaycan üçün adi şəhər deyil, milli qürur, milli mənlik, mədəniyyət, incəsənət, tarix deməkdir, xalqımız üçün müqəddəs və əziz məkandır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. Mövcud olduğu 270 il ərzində tarixin sərt sınaqlarından keçən Şuşa 28 illik işğal dövründə də sınmadı, əyilmədi. Prezident İlham Əliyevin dediyi kimi, “İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik”.Bəli, biz 28 illik ayrılıqdan sonra Şuşaya qalib xalq olaraq qayıtdıq. Azadlığına qovuşmuş Şuşaya həm də yeni ruh, yeni nəfəs gəldi. Şuşa işğaldan azad eidldikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Prezident İlham Əliyev tərəfindən mədəniyyət paytaxtı elan edilən Şuşada böyük mədəniyyət tədbirləri keçirilməyə başladı. 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı da Şuşanın həm dünyada tanıdılması baxımından önəmlidir, həm də siyasi və tarixi əhəmiyyətə malikdir. 2022-ci ilin “Şuşa ili” elan olunması Şuşa şəhərinin xalqımız üçün necə müqəddəs və əziz olduğunu, həmçinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında dövlətimizin qətiyyətini dünyaya göstərmək üçün yeni imkanlar açacaq. Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilib, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. İlk olaraq Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri əvvəlki yerlərinə – Şuşa şəhər mərkəzi meydanına qaytarılıb. “Xan qızı” bulağı bərpa edilib. Qısa vaxtda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri aparılıb. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü qoyulub. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib. Şuşada yeni məscidin və Daşaltı məscidinin təməli qoyulub. Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb. Hazırda Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində və Mehmandarovların malikanə kompleksində bərpa işləri aparılır. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada mədəni-kütləvi tədbirlərin keçirilməsi də bərpa edilib – Vaqif poeziya günləri, Xarıbülbül festivalı və Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirilib.Əminliklə demək olar ki, “Şuşa ili” çərçivəsində həyata keçiriləcək tədbirlər mədəniyyət paytaxtımızın inkişafına və nüfuzunun daha da artmasına zəmin yaradacaq, Qarabağın tarixinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq. 2022-ci il Şuşanın həyatında ən yaddaqalan, əlamətdar il olacaq. Şuşada təntənəli tədbirlər – festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylər keçiriləcək, şəhərin 270 illik yubileyi geniş qeyd ediləcək, qədim mədəniyyətimizin və incəsənətimizin bütün palitrası təqdim olunacaq. Xalqımız üçün müqəddəs olan bu şəhərə çoxsaylı səfərlər təşkil olunacaq. Şuşa öz tarixi keçmişini qaytaracaq və bütün dünya bu şəhərdə baş verən möhtəşəm hadisələrin şahidi olacaq. Qazaxlar kənd tam orta məktəbin direktor əvəzi Zövqiyyə Əsədova