Məzahir Əfəndiyev: Şuşa birliyimizin rəmzidir
“Azərbaycanda 2022-ci ilin Prezident İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsi dünya mədəniyyətinə, eləcə də regional təhlükəsizliyə, eyni zamanda sülhə səslənən növbəti çağırışdır. 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastr, 2 qəsr və 72 mühüm sənət və tarixi abidələrdən ibarət bütün məkan adları azərbaycanlıların adı ilə bağlı, əhalisi yarandığı dövrdən etibarən ancaq azərbaycanlılardan ibarət olan və dövlətimizin böyük səyi nəticəsində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna sahib olan Şuşa şəhəri heçdə təsadüfi deyil ki, 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsinin tamamlanması günü öz dirçəlişinə mədəniyyət paytaxtı kimi başlamışdır.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
M.Əfəndiyev qeyd edib ki, Şuşada quruculuq işləri hələ ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə geniş vüsət almış, şəhərin mədəniyyət mərkəzi kimi dirçəlməsində mühüm addımlar atılmışdı: “14 yanvar 1982-ci ildə Ümummilli Liderin rəhbərliyi ilə Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimi Azərbaycan xalqının vəhdəti və tarixinə olan sonsuz ehtiramın ifadəsi idi. Bu gün Cənab Prezidentin bir sıra səfərlərini regionun mədəniyyət mərkəzi hesab olunan Şuşaya etməsi, postmüharibə dövrünün bir illiyində Şuşa şəhərinə Zəfər yolunun qısa müddətdə çəkilərək açılması, 2021-ci ilin 12-13 may tarixlərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının uzun müddətdən sonra yenidən keçirilməsi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurma işlərindən sonra açılışı, Vaqif Poeziya Günlərinin bərpa olunması və “Qarabağ Azərbaycanın mədəniyyətinin incisidir”, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgilərinin keçirilməsi, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, yeni obyektlərin təməlinin qoyulması, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması bir daha “Qarabağ Azərbaycandır!” şuarına xidmət edir və doğma Qarabağımızın tez bir zamanda cənnətə çevrilməsini daha da sürətləndirir.”
Deputat bildirib ki, dünyanın ən qabaqçıl beynəlxalq təşkilatları ilə davamlı əməkdaşlıq, eləcə də İkinci Qarabağ-Vətən Müharibəsindən sonra Azərbaycanın əldə etdiyi nüfuz, qazandığı dostlar bir çox dünya dövlətləri tərəfindən ölkəmizə olan diqqət və etibarın yüksəlməsi ən yeni, müasir çağırışları əhatə edən böyük tədbirlərin bu il də həyata keçirilməsini mümkün edəcəkdir və xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilən Şuşanın yubiley – 270 illiyində bütün Azərbaycanın yenilənmsində tarixi əhəmiyyəti bir daha nümayiş olunacaqdır: “Əminəm ki, Cənab Prezidentin “Şuşa İli”nin elan edilməsi və bundan irəli gələrək tədbirlər planının hazırlanmasına dair imzaladığı Sərəncam və hökumətə verdiyi tapşırıqlar ən yüksək səviyyədə icra olunacaq, görüləcək işlər və həyata keçiriləcək tədbirlər UNESCO-nun da bu il keçirəcəyi ən mötəbər tədbirləri sırasında yer alacaqdır. 2022-ci il bütün azərbaycanlıların bir daha Ali Baş Komandan, Böyük Sərkərdə cənab İlham Əliyevin ətrafında sıx birləşərək son illərin dünyada COVID-19 pandemiyasının yaratdığı neqativ tendensiyaların qarşısını almağı, müstəqilliyimizin qorunmasını və Qarabağda aparılan böyük quruculuq işlərinin bütün Azərbaycanda dayanıqlı, firavan həyatın davamlı olmasını mümkün edəcəkdir.”