23 Dekabr 2024

Artımlardan sonra müavinət və təqaüdlərin məbləği nə qədər olacaq?

Prezident İlham Əliyevin yeni fərman və sərəncamlarına əsasən, 732 min şəxsin müavinət və təqaüdləri artırılacaq.

Bu barədə Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan iqtisadiyyatı artıq post-pandemiya mərhələsinə daxil olub, iqtisadi artım bərpa edilir və inkişaf göstəriciləri yüksəlir:
“İqtisadi fəallığın artması ölkəmizin maliyyə-iqtisadi göstəricilərinin də yaxşılaşmasına səbəb olmaqdadır. Bütün bunların nəticəsində davamlı inkişaf, 2022-ci ilin maliyyə ilin üçün dayanıqlı iqtisadi təminatlar yaranıb. Həmin maliyyə təminatı isə ilk növbədə minimum əməkhaqqının, pensiya və maaşların, müavinət və təqaüdlərin artırılmasına yönəldilir. Yəni, ölkəmizdə yeni sosial paketin tətbiqinə başlanılıb. Cənab Prezident tərəfindən bu günlərdə imzalanmış mühüm sərəmcamlar da sosial paketin mühüm tərkib hissəsidir”, – deyə deputat bildirib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin dekabrın 20-də imzaladığı yeni fərman və sərəncamlara əsasən, ölkədə müavinətlərin artırılması ilə yanaşı, bəzi təqaüdlər də artırılıb.

“Belə ki, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə uyğun olaraq, əlilliyi olan şəxslərə verilən müavinətlərin, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü gələn ilin əvvəlindən artırılacaq. Belə ki, 1-ci qrup əlillərin müavinətləri 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə 110 manatdan 120 manata çatdırılacaq. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara isə Prezidentin aylıq təqaüdü I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manata qaldırılıb. Bu da 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 2,5 dəfə, 2,2 dəfə və 2,2 dəfə çoxdur. Həmin kateqoriyalara aid əlilliyi olan şəxslər əmək pensiyası aldıqda orta hesabla aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat alacaqlar. Həmçinin, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət də 150 manatdan 200 manata çatdırılıb. Onlara qulluğa görə 2019-cu ildə Prezidentin aylıq təqaüdü də təsis olunub ki, yeni Fərmanla həmin təqaüd də 60% artımla 50 manatdan 80 manata çatdırılıb”, – deyə deputat bildirib.

Millət vəkili qeyd edib ki, digər bir sıra kateqoriyalara yönələn müavinətlər də əhəmiyyətli şəkildə artırılıb. “Belə ki, 2022-ci ilin 1 yanvarından yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılır. Ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata çatdırılır. Müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına müavinət 2022-ci ilin əvvəlindən 120 manat təşkil edəcək. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinət 100 manatdan 120 manata çatdırılır. Beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) aylıq müavinət isə 55 manatdan 70 manata çatdırılır. Bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı dövlət sosial yardımı təyin edilmiş) ailələrə hər uşağa görə müavinət isə yeni Fərmanla 55 manatdan 70 manata çatdırılıb. Uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata çatdırılacaq”, – deyə deputat vurğulayıb.

A.Hüseynov bildirib ki, elmi sahəsində çalışan şəxslərin və tələbələrin də müavinətləri əhəmiyyətli dərəcədə artırılıb.

“25 il pedaqoji staja malik, işləməyən pensiyaçı olan elmlər doktorları və fəlsəfə doktorlarına verilən Prezidentin aylıq təqaüdü elmlər doktorları üçün 50% artırılaraq 200 manatdan 300 manata, fəlsəfə doktorları üçün 67% artırılaraq 120 manatdan 200 manata çatdırılır. Fəxri adlara görə aylıq təqaüdlər də “Xalq” fəxri adına görə 33,3% artımla 150 manatdan 180 manata, “Əməkdar” fəxri adına görə isə 20% artımla 100 manatdan 120 manata çatdırılıb. Sərəncama əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin 20% artırılmasını nəzərdə tutulur. Sərəncamla gələn ilin əvvəlindən həmin təqaüdlərin məbləği elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 216 manat, ali təhsil müəssisələrində və AMEA-da adlı təqaüd alan tələbələr üçün 204 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat, bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün 90 manat təşkil edəcək”, – deyə A.Hüseynov qeyd edib.

Millət vəkilinin sözlərinə görə, ümumilikdə, dövlət başçısının yeni fərman və sərəncamları əlilliyi olan şəxslər və digər kateqoriyalardan ibarət ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir və bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.