27 İyul 2024

Zelenskinin komandasında “yarpaq tökümü”nün səbəbi

Prezident Ofisinin müşavirindən sonra müdafiə nazirinin və baş prokurorun müavinləri də vəzifədən getdilər; Bakıdan reaksiya: “Ukrayna hakimiyyətini Vaşinqtondan idarə edirlər, istefalar böyük miqyasda nəyisə dəyişməyəcək”

Ukrayna daxili işlər naziri Denis Monastırskinin və onun müavininin müəmmalı helikopter qəzası nəticəsində həlak olmasından sonra Kiyev hakimiyyəti daxilində hansısa qəddar mübarizənin getdiyinə, hətta bu didişmədə Kremlin adamlarının öncül yerlərdə olduğuna dair iddialar artmağa başlayıb. “Yeni Müsavat” xatırladır ki, bugünlərdə Ukrayna Prezident Ofisinin müşaviri vəzifəsindən istefa verməyə məcbur edilən Aleksey Arestoviç “hakimiyyətdə artıq bizim idarə etmədiyimiz hadisələr baş verir” deyib. Və əlavə edib: “Biz o zaman məğlubedilməzik ki, bir-birimizlə didişmirik. Ancaq didişəndə bizi qısa müddətdə, gözlənilmədən məğlub etmək çox asan olacaq…”

Arestoviçin bu açıqlamasının ardınca prezident Zelenskinin bir ildir ki, monolit görünən komandası daha da çat verməyə başladı. Belə ki, Arestoviçdən sonra Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko istefaya gedib. Bu barədə Ukrayna Prezidentinin mətbuat xidmətindən bildirilib. Eyni gündə Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov da istefa verib. Məlumata görə, Şapovalov Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh idi. O, Ukrayna Silahlı Qüvvələrinin sabit təchizatına təhlükə yaratmamaq üçün işdən çıxarılmasını xahiş edib. Ukrayna baş prokurorunun müavini Aleksey Simonenko da istefa verənlərdən biridir. Onu da demək lazımdır ki, bir neçə gün əvvəl Ukrayna Prezidentinin çıxışında və hakim “Xalqın xidmətçisi” Partiyasından verilən açıqlamalarda kadrlarla bağlı həlledici, konkret qərarların anonsu verilmişdi. Ancaq hər necə olsa, istər Ukraynada, istərsə də Qərbdə bir çoxları həm məlum helikopter qəzasının, həm də buna qədər baş vermiş bir çox müəmmalı hadisələrin Ukrayna hakimiyyəti daxilində baş verənlərlə bağlı ciddi narahatlıqlara yol açdığını bildirirlər. Lakin son istefalar müəyyən bədbin ehtimallar irəli sürməyə əsas yaradır: söhbət həmin məmurların “batan gəmi”ni tərk etməsini dilə gətirməkdən gedir.

Görünür ki, Zelenskinin adamları müharibənin 11-ci ayında qarşıdakı dövrlə bağlı ciddi siqnallar alıblar və baş verə biləcək hadisələrin tarixi məsuliyyətinə şərik olmaq istəmirlər. Hətta prezident Zelenskinin da istefası istisna deyil. Hərçənd ki, prezident istefa əhval-ruhiyyəsində görünmür. Lakin bir müddət əvvəl onun istefa verməyə hazır olduğunu bəyan etməsini xatırlamaq lazımdır. Sadəcə, Ağ Evdə onun bu istəyi ilə razılaşmamışdılar. Bəs Zelenskinin siyasi və hərbi komandasında istefaların səbəbləri nə ola bilər? Bu, Rusiyanın yeni dağıdıcı hücumlara hazırlaşması ilə bağlıdır, yoxsa iqtidar daxilində konflikt, fikir ayrılığı mövcuddur?

Andrey Illarionov in Vilnius: Obama could have stopped Putin - EN.DELFI

Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putinin keçmiş müşaviri Andrey İlarionov bildirib ki, Rusiya Ukrayna cəbhəsində böyük hücumlara hazırlaşır. Onlar 3 qoldan – şimalda Belarus, cənubda isə Krım və Qara dənizdən hücuma keçməyi planlaşdırırlar. Putinin keçmiş müşaviri deyib ki, Rusiya müharibənin ildönümünü gözləmədən yaxın günlərdə Ukraynaya qarşı “Böyük Stalinqrad əməliyyatı”na başlayacaq: “Putin bu yolla Ukraynaya Qərbdən gələn silah yardımlarını tamamilə kəsməyi və Kiyev administrasiyasını daxildən boğmağı planlaşdırır. Bunun üçün bu yaxınlarda Baş Qərargah rəisi Valeri Gerasimovu bu əməliyyatın başına gətirdi. Nəticədə “Stalinqrad əməliyyatı” üç cəbhəyə bölündü. General Oleq Sulyukov qərb cəbhəsinin komandanlığına təyin edildi. Plana əsasən Belarus ərazisindən Ukraynaya daxil olacaq Sulyukovun komandanlığı altındakı rus qoşunları Lvov şəhərinə doğru hərəkət edəcək. Xaricdən gələn silahların daşındığı əsas marşrut xətti məhz bu bölgədən keçir. İkinci cəbhə Qara dəniz regionu və Krımdan açılacaq. İkinci cəbhənin komandanlığı isə general Aleksey Kimə həvalə olunub. Üçüncü cəbhəyə isə general Sergey Surovikin başçılıq edir. Ona verilən tapşırıq Donbasın müdafiəsini tam yararaq, Zaporojye və Xarkov istiqamətində irəliləməkdir”.

Bununla belə, yanvarın 23-də Baxmut şəhəri istiqamətində baş verən şiddətli döyüşlər zamanı işğalçılar daha yüzlərlə hərbçi itirib. Ukrayna Müdafiə Nazirliyinin yaydığı videolarda açıq döyüş səhnələrini əks etdirən kadrlar yer alıb. Videolardan görünür ki, Rusiya əsgərləri açıq sahədə Ukrayna ordusunun artilleriya, dron zərbələri nəticəsində kütləvi məhv edilir, yüzlərlə işğalçının cəsədi Baxmut çöllərinə səpələnir. Beləliklə, bir tərəfdən davam edən sürünən müharibə, digər tərəfdə isə Zelenskinin komandasında istefalar… Bura Rusiyanın da ötən 11 ay ərzində Ukraynadakı hərbi əməliyyatlara rəhbərlik edən generalları üç dəfə dəyişməsini daxil etmək olar, sadəcə, istefaya deyil, dəyişikliyə gedilib.

Günün ikinci yarısında isə Rəsmi Kiyev istefalara reaksiya verib. “Prezident Volodimir Zelenskinin kadr islahatları dövlətin əsas prioritetlərini göstərir”. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Tvitterdə yazıb. Onun sözlərinə görə, hər kəs müharibə zamanı öz məsuliyyətini dərk etməlidir. M.Podolyak bildirib ki, bu, ictimai tələbin nəticəsidir.

Azad İsazadə: “Məktəblərdə 1-2 psixoloq tapılar, ya tapılmaz, halbuki…”

 Azad İsazadə 

Hərbi analitik Azad İsazadə “Yeni Müsavat”a bildirdi ki, istefaların əsas səbəbi Müdafiə Nazirliyində ifşa edilən korrupsiya faktıdır: “Həmin korrupsiya şəbəkəsinin siması açıldı. Hazırda bu yeyintilərdə kimlər cavabdehdirsə, onları “təmizləməyə” başlayacaqlar. Ona görə hakimiyyət daxilində bir gərginlik var, amma bu korrupsiya qalmaqalı Zelenskinin istefasına gətirib çıxarmayacaq. Sadəcə, ondan narazı olan qüvvələr var, amma müharibə gedən bir periodda həmin güclər Zelenskiyə toxunmayacaqlar”.

Fuad Əliyev

ALDP sədri Fuad Əliyevin zənnincə, Zelenski hakimiyyəti daxilində qruplaşmalar meydana çıxıb. Onun sözlərinə görə, bu da içəridə ciddi təlatümlərin yaşandığını göstərməkdədir: “Arestoviç müharibəni uduzduqlarını açıqladı. Onun mövqeyi hakim komanda içərisində çəkişmələr başlandığını deməyə əsas verə bilər. Sadəcə, Ukrayna hakimiyyətini Vaşinqtondan idarə edirlər, istefalar böyük miqyasda nəyisə dəyişməyəcək. Günü sabah Bayden Zelenskiyə pıçıldasa ki, müharibəni dayandır, atəşkəs imzalayacaq. Bu mənada istefalar saraydaxili intriqalardan, korrupsiya əməllərindən xəbər verir. Əgər Ukraynaya vəd edilən yardımlar olmasa, ordu ciddi dönüş edə bilməsə, məncə, hakimiyyət daxilində böhran dərinləşəcək”.

Emil SALAMOĞLU