27 İyul 2024

Yeni Azərbaycan Partiyasının sıraları durmadan artır

Yeni Azərbaycan Partiyası ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir.  Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Ulu Öndər Heydər Əliyev isə Naxçıvan Muxtar Respublikasında referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq və uzaqgörənlik tələb edən addım idi.

Davamlı islahatlar – Yeni Azərbaycan partiyasını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun. Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır. İqtisadi müstəqillik həm inkişaf baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bu gün istənilən meyar üzrə Azərbaycan heç kimdən asılı deyil. İqtisadi sahədə ən qabaqcıl yerlərdə olan Azərbaycan – istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından öndədir. Ölkəmizə gələn investisiyalar dayanmadan artır.

Mənəvi amil Azərbaycanın qələbəsində həlledici rol oynamışdır. Müharibənin ilk günündən Azərbaycan mənəvi üstünlüyə malik idi. Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Ərazi bütövlüyün bərpa olunması Ulu Öndərin siyasi vəsiyyəti idi. Biz bu hədəfə doğru gedirdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalq-iqtidar bir yumruq kimi birləşməsinin nəticəsində cəmi 44 gün ərzində tarixi ədaləti bərpa olundu və düşmən torpaqlarımızdan qovuldu. Əldə olunmuş tarixi Qələbə sayəsində Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı