19 Aprel 2024

XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir

“Xocalı-XX əsrin soyqırımı”

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmaqla təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür.

Tarixi həqiqətdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Soydaşlarımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.

Hələ 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş və onlar Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişlər. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən-dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlanından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək üçün bütün cinayət və vəhşiliyə hazır olduğunu bir daha nümayiş etdirdi.

XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir zamana qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirir. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenleri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qǝdim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Beləliklə, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü.

Xocalı soyqırımına ilk dəfə hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1994-cü il fevralın 24-də ulu öndərin imzaladığı fərmanla həmin gün xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə başlandı. Xocalı hadisələrini həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi adlandıran Heydər Əliyev şəhərin müdafiəçilərinin xidmətləri ilə bağlı sərancam da imzaladı. Soyqırımın ildönümündə xocalılarla görüşdə isə bu hadisəni əsrin ən dəhşətli faciəsi adlandırdı.

Xocalı faciəsi bütün azərbaycanlıların dərdi, törədilən vəhşiliksə bütün bəşəriyyətə qarşı yönələn cinayətdir. Məhz bu cür yanaşmadan sonra aparılan təbliğat öz nəticəsini verdi. Ümummilli Liderin səyi ilə faciə lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlandı. Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti yetərincə məlumat əldə etdi. Xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olundu. Nəticədə isə erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, bir sözlə, o günə qədər dünyaya naməlum qalan çox həqiqətlərin üstünə işıq salındı.

Ümummilli Lider fəaliyyətinin əsas hissəsini işğal altında olan torpaqların azad olunmasına həsr etdi. Azərbaycan həqiqətləri dünyaya çatdırıldı, beynəlxalq təşkilatların diqqəti regiona yönəldildi və Ermənistanın bölgədə apardığı təcavüzkar siyasət ifşa olundu. Bu gün Xocalı soyqırımı dünyanın bir çox ölkələrində qeyd edilir, rəsmən tanınır, qəti şəkildə pislənir. Eləcə də bir sıra ölkələrin qanunvericilik orqanları Xocalı faciəsinin soyqırım kimi tanınmasına dair qərarlar qəbul etməkdədirlər.

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalıda baş verən kütləvi qırğın ABŞ-ın 23 ştatı, Böyük Britaniyanın Şotlandiya Parlamenti, Bosniya və Herseqovinanın Parlament Assambleyasının Xalqlar Palatası, Cibutinin Milli Assambleyası, Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi, Əfqanıstanın Milli Assambleyasının Yuxarı Palatası, Hondurasın Milli Konqresi, İndoneziyanın Nümayəndələr Palatasının Birinci Komissiyası, İordaniyanın Milli Assambleyasının Senatı, Kolumbiya Senatının İkinci Konstitusiya Komitəsi və Xarici Əlaqələr Komissiyası, Nümayəndələr Palatasının İkinci Komissiyası, Qvatemalanın Konqresi, Meksikanın Baş Konqresinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi, Pakistan Senatının Xarici Əlaqələr üzrə Komitəsi, Milli Assambleyanın Xarici İşlər üzrə Daimi Komitəsi, Xeybər Puxtunxvanın Əyalət Assambleyası, Panamanın Milli Assambleyası, Paraqvayın Milli Konqresinin Deputatlar Palatası, Perunun Konqresi, Sloveniyanın Milli Şurası, Sudanın Milli Assambleyasının Xarici İşlər Komitəsi tərəfindən azərbaycanlılara qarşı soyqırımı kimi tanınıb. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı və Türk Şurası tərəfindən də bu faciə soyqırımı kimi təsbit edilib.

Bəli, dünya artıq qəbul edir ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir. Bu cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi beynalxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir, Bakıda ümumxalq yürüşü ilə yad edilir. Yürüşdə “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı-XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilir.

Artıq üçüncü ildir ki, xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən torpaqlarımızda–Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada dalğalanır.

Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Bir daha 31 il əvvələ qayıdır, o amansız soyqırımını, onun günahsız qurbanlarının xatirəsini yenidən yad edirik. 

Məmməd Mustafayev, Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi