19 Mart 2024

Azərbaycan xalqının istəyi birdir – Xocalıya ədalət!

Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər.

Müharibə bəşəriyyət üçün  ən təhlükəli,arzuolunmayan hadisələrin baş verməsinə səbəb olur. Müharibə həm də hər bir xalqın xarakterini, mədəniyyətini, əxlaqını üzə çıxarmış olur. Müharibə ssenarisi heç şübhəsiz ki, hər bir xalqın başına gələ bilər. İnsan xarakteri, maraqların toqquşması, ədalətsiz iddialar sonunda müharibəni qaçılmaz edir. Ancaq müharibənin də qanunlar çərçivəsində aparılması həm beynəlxalq hüququn tələbləri , həm də xalqın əxlaqına uyğun, bəşəri dəyərlərə xələl gətirilmədən həyata keçirilməli, günahsız insanların məhfinə yönəlməli deyil. Əfsuslar olsun ki, 30 ildən artıq  müharibə həyatı yaşayan xalq kimi  tarixin ən dəhşətli hadisələrinin şahidi olmaqla düşmənimizin məkrli, xain, vəhşiliyini görmüşük.  Elə Xocalı müsibəti kimi!

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

XX əsrin əvvəllərində  ermənilərin Osmanlı İmperatorluğu və Qafqazda türk düşmənçiliyinə başlaması  qanlı toqquşmalara səbəb olub. Bunun da kökündə böyük dövlətlərin Kiçik Asiya və Qafqazda siyasi məqsədlərinə çatmaq üçün ermənilərdən istifadə etməsi əsas amilə çevrilib. Rusiyanın Qafqaz siyasətində qarşısına qoyduğu planlara uyğun olaraq Gülüstan və Türkmənçay müqavilələrindən sonra məkrli niyyətini həyata keçirməkdə məqsədi İran və Kiçik Asiyanın bir sıra yerlərindən erməniləri İrəvan və Qarabağ xanlığının ərazilərinə köçürməsi və onların burada yerləşməsinə nail olması məhz tarixən uzun sürən fitnə fəsadın əsası qoyuldu. Ermənilərin Qarabağa köçürülməsinin şərəfinə Ağdərə rayonunun Şıxarx qəsəbəsində 1978-ci ildə qoyulan “Marağa 150” abidəsinin qoyulması ermənilərin İranın Marağa əyalətindən köçürülməsini tarixi fakt kimi təsdiq edir. Ermənilər tarixi saxtalaşdırmaqla Azərbaycan torpaqlarında hələ qədimdən yaşadıqlarını sübut etmək yalanlarına bu abidə xələl gətirdiyindən az sonra “Marağa 150” abidəsini dağıtmışdılar.  Ancaq abidənin qalıqları tam məhv edilmədiyindən bu gün də erməni yalanlarına tutarlı sübutu olaraq qalır. Ermənilərin Qafqaza köçürülməsi sayəsində xalqımız tarixin erməni vəhşiliyini tarix boyu əziyyətini çəkib. “Dənizdən-dənizə böyük Ermənistan” planını həyata keçirmək istəyən xəstə təxəyüllü erməni millətçiləri Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarıında olmaqla sülhə təhlükə yaratmışdılar. Minlərlə dinc azərbaycanlıların qanına susamaqla əsrin dəhşətli cinayətlərini həyata keçiriblər

Xocalı soyqırımı – qanlı gecə

1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.

Azğınlaşmış ermənilər Qarqar çayı istiqamətində, “Donuzçuluq ferması” deyilən yerdə dinc əhaliyə qarşı əsl soyqırım törətdilər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı. Şübhəsiz, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecənin qaranlığında meşəyə tərəf üz tutdular. Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçivanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər.

Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

Xocalı şəhərində yerləşən dövlət və ictimai obyektlərin sayı və dəyəri ayrı-ayrılıqda müəyyən edilib. İstintaq komissiyası tərəfindən respublikanın 35 nazirlik və idarəsinin Xocalı şəhərində inşa etdikləri, balanslarında olan tikililər, qurğular, dəzgahlar, xammal və sair qiymətlilər barədə sənədlər toplanılmış, mütəxəssislərdən ibarət komissiya təşkil edilib. Komissiyanın gəldiyi nəticəyə görə, Xocalı şəhərinin işğalı nəticəsində dövlət idarə, müəssisə və təşkilatlarının, ictimai təşkilatların əmlakına 4 milyard 199 milyon 668 min 338 rubl məbləğində ziyan dəyib. Fakt bu idi ki, Xocalı soyqırımı artıq törədilmişdi. Qətlə yetirilənlərin sayı, cəsədləri üzərində vəhşiliklər törədilməsi, təhqir edilməsi, ermənilərin vəhşiliyi barədə ötən illərdə çox yazıldığından, yenidən təkrarlamağa lüzum yoxdur. Bu, Ermənistanın Qarabağı ələ keçirmək planının reallaşmasına şəriət yaradan ən böyük amillərdən biri idi. Bütün bunlar qarşıda bizi gözləyən daha böyük itkilərin başlanğıcı oldu. Yüzlərlə qəhrəman oğullarımızı buna vadar edən yalnız və yalnız vətənə məhəbbət hissi olub. Şəhidlik-vətənpərvərliyin ən uca zirvəsidir. Ümummilli liderimiz Heydər Əliyev şəhidliyə yüksək qiymət verərək deyib: “Şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqdır”.

O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir!..

Xocalı dünya ictimaiyyətinin gözü ilə

Xocalıda baş verən dəhşətləri həmin dövrdə bir sıra xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələri də işıqlandırıb. Faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın “Libardion” qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpərdici mənzərələrlə rastlaşmadığını yazıb. O, “Libardion” qəzetində çap etdirdiyi “Erməni terrorizminin canlı şahidi oldum” sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan edib. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olub, erməni terrorizmi dünyanı məhz bu yolla “ram etməyə” çalışıb.

Amerika yazıçısı Samuel Vimsin “Ermənistan: böyük hiylə – terrorçu xristian dövlətinin sirləri” adlı kitabında qeyd etdiyi kimi, əslində bu “soyqırımı” ətrafında yaranan hay-küy ermənilərə Türkiyədən, Amerika və dünya xristianlarından böyük məbləğdə pul vəsaiti qoparmaq üçün lazımdır. Cənab Vims onu da diqqətə çatdırır ki, həqiqətdə ermənilərə qarşı heç bir kütləvi qətl hadisələri törədilməyib, sadəcə, erməni yalan maşını dünyanı çaşdırmağa, özlərinin “məzlum” bir görüntüsünü yaratmağa çalışır.

Azərbaycan xalqının istəyi birdir – Xocalıya ədalət!

“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”—deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

Son illər Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində səmərəli fəaliyyəti ilə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olur. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” deyən Prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Ötən illərdə dövlət başçısının göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bu isə ürəkləri daim Vətən eşqi ilə döyünən soydaşlarımzın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.

2009-cu ilin fevralından isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası isə ermənilərin cinayətkar əməllərin ifşa olunmasında müstəsna rola malikdir.

Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır. Yeri gəlmişkən, soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquqşünaslar tərəfindən araşdırılmalı, hər bir hüquqşünas ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə əlindən gələni əsirgəməməlidir. Çünki hüquqi baxımdan Xocalıda baş vermiş qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir.

Müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir.

 Nəriman İsmayılov-Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, 1-ci dərəcəli ədliyyə qulluqçusu