25 Aprel 2024

Biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq

Artıq dördüncü ildir ki, bayramlarımızı, əlamətdar günləri fərqli ovqatda, yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Bu il Novruz bayramı müasir tariximizə qürurverici səhifə kimi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza Novruz təbrikini məhz Xankəndi şəhərindən çatdırmaqla sevincimizə sevinc əlavə etdi. Xankəndi şəhərində Novruz tonqalını alovlandıran cənab İlham Əliyev xalqımızı Novruz bayramı münasibətilə təbrikində böyük qürur hissi ilə bildirdi ki, dördüncü dəfədir bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilib: “Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.”

Bu mühüm məqam xüsusi qeyd edildi ki, əfsuslar olsun İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmadı, öz qanunsuz silahlı birləşmələrini torpağımızda əbədi saxlamaq, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlar beynəlxalq hüquqa, ən əsası Azərbaycan xalqının iradəsinə ziddir.

Reallıq budur ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, bir günlük antiterror tədbirləri rəşadətli Ordumuzun gücünün, qüdrətinin dünyaya təqdimatı oldu. Ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsində tətbiq etdiyi taktika bu gün də beynəlxalq ekspertlər tərəfindən öyrənilir. Azərbaycan Ordusu ötən il sentyabrın 19-da növbəti dəfə üzərinə düşən missiyanı şərəflə yerinə yetirərək imza atdığı zəfəri ilə dünyanın diqqətində oldu. Silahlı Qüvvələrimiz Qarabağ bölgəsində lokal antiterror tədbirlərini uğurla başa çatdırmağa nail oldu. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ordumuzun mövqelərinin dəfələrlə müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. Lokal antiterror tədbirlərinin qısa zamanda, bir gün ərzində uğurla həyata keçirilməsi Ordumuzun peşəkarlığının, döyüş ruhunun, hər bir hədəfə uğurla nail olmaq səylərinin göstəricisidir. Dövlət başçısı İlham Əliyev xalqımızı Novruz bayramı münasibətilə təbrik edərkən böyük əminliklə bildirdi ki, altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir: “Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.”

Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Ölkəmiz hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Bütün məsələlərin məhz bu prinsiplər əsasında nizamlanmasına səy göstərir. Lokal antiterror tədbirlərinin uğurlu nəticələri üç ilə yaxın dövrdə sülh müqaviləsinin imzalanması ilə bağlı bütün maneələrin aradan qaldırılmasına böyük əminlik yaradır. Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır və üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Dövlət başçısı İlham Əliyev Xankəndi şəhərində mərkəzi meydandan Novruz təbrikində bu mühüm məqamı da xüsusi qeyd etdi ki, uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Ermənistan tərəfindən maliyyələşdirilən və silahlandırılan separatçılar faktiki olaraq Ermənistan ordusunun bir hissəsi idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq: “Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır.”

Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində uğurlarımızın davamlılığı hər birimizdə böyük qürur hissi yaradır. Məhz günümüzün reallıqlarına söykənərək cənab İlham Əliyev bildirdi ki, bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar və həyat qaynayacaq.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri