08 Dekabr 2024

Vyanda mühüm seçki açıqlaması: “Xalq Prezidentə yenidən mandat verdi və… “

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 23-cü qış sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun komitə sədri Azay Quliyev mühüm çıxışlar edib.
Baş komitələrin birgə iclasında o, qurumun prezidenti Pia Kauma və baş katib Roberto Montella Azərbaycanın dəvətindən sonra Azərbaycanda 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün Missiyanı yerləşdirmək qərarına, habelə Artur Gerasimova və Daniella De Redderə göstərdikləri xidmətə görə təşəkkür edib.
O, seçkiləri müşahidə edən bütün beynəlxalq təşkilatların çıxardığı 3 mühüm nəticəni şərh edib: “Birincisi, hamı vurğuladı ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın konstitusiyasına, hüquqi bazasına uyğun olaraq bütün ölkə ərazisində 125 seçki məntəqəsini, o cümlədən işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi olmaqla seçkilər keçirilib.
30 ildən artıqdır ki, öz doğma yurdlarında səsvermə hüququndan məhrum olmuş minlərlə keçmiş məcburi köçkün nəhayət, tamamilə yeni şəraitdə seçkilərdə iştirak edə bildi.
Fürsətdən istifadə edərək, ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri qismində Azərbaycanın Qarabağ İqtisadi regionunun işğaldan azad edilmiş Xankəndi və Şuşa şəhərlərinə səfərinə görə cənab Artur Gerasimova təşəkkür etmək istərdim. O, yerlərdə seçki prosesi ilə tanış oldu.
İkincisi, seçkilər nizam-intizamla və peşəkarlıqla keçirildi, milyonlarla Azərbaycan vətəndaşı ədalətli və şəffaf seçkilərdə öz konstitusion hüquqlarından istifadə etdi. Seçici fəallığının 76,43 faizinin qeydə alınması əhalinin seçki prosesinə etimadını nümayiş etdirir.
Üçüncüsü, Prezident İlham Əliyev qalib Ali Baş Komandan kimi Azərbaycan xalqının böyük dəstəyini qazandı və mütləq səs çoxluğu (səslərin 92,12 faizi) qazandı.
Bu inamlı qələbə həm də sosial, siyasi və iqtisadi siyasətin uğurla həyata keçirilməsini davam etdirmək üçün Azərbaycan xalqının tam razılığını verməsinin və yenilənmiş mandatın təzahürüdür.
Sonda Azərbaycanda seçkiləri müşahidə etmiş iştirakçı dövlətlərin nümayəndə heyətlərinə təşəkkür etmək istərdim.
Mən 11-24 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək BMT-nin Beynəlxalq İqlim Konfransı – COP-29-da ATƏT PA-nın bütün nümayəndə heyətlərini Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirəm”.