“Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır” – Prezident
Dövlət başçısı Xocalıda soyqırımı memorialının təməlini qoydu; “Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq”
Xocalı faciəsinin 32-ci ildönümündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı rayonuna səfər edib. Səfərdə Xocalıdan didərgin düşənlər də iştirak edib. Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edib:
“İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. 32 ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada – 26 fevral günündə Memorial Kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdi. Ancaq Memorial Kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün Memorial Kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. 32 ildən sonra – o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir. Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. 32 il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, – təbii ki, onların da taleyi bəllidir, – 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir. Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik…
Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər – hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, – azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz Xocalıda böyük abadlıq işlərinə də start vermişik. “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın…”.
Ölkə başçısı bildirib ki, torpaqlar azad olunandan sonra əvvəlkindən daha yaxşı şərait yaradılacaq: “Artıq 5 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb. Xocalıya gəldikdə isə biz sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verdim ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır. Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin!”
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına Xocalı Soyqırımı Memorialı barədə məlumat verib.
Dövlətimizin başçısı Xocalı Soyqırımı Memorialının təməlini qoyub. Sonra Prezident İlham Əliyev sakinlərlə birlikdə Xocalı şəhərində aparılan tikinti işləri ilə tanış olub.
Prezident və Xocalı rayon ictimaiyyətinin nümayəndələri daha sonra Xankəndi şəhərində olublar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da rəsmi İnstaqram səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib. Paylaşımda “Xocalıya ədalət” şüarı yer alıb.
Gün ərzində soyqırımla bağlı dövlət rəsmiləri və diplomatlar paylaşımlar ediblər, müxtəlif ölkələrdə aksiyalar keçirilib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X platformasında Xocalı faciəsi ilə bağlı paylaşıb edib. H.Hacıyev yazıb: “1992-ci il fevralın 25-26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhalinin qəsdən törədilmiş kütləvi qırğını “soyqırımı” və “insanlığa qarşı cinayət”dir. Xocalıda törədilmiş cinayətlər ayrı-ayrılıqda və ya təsadüfi akt deyil, Ermənistanın geniş yayılmış və sistemli etnik təmizləmə siyasətinin və təcrübəsinin tərkib hissəsidir. Xocalı soyqırımı İkinci Dünya müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli kütləvi qırğın idi. Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin tam sükut və laqeydliyi şəraitində baş verib. Xocalı qurbanlarının ədalətini Azərbaycan dövlətinin özü təmin edib. Xocalı 2023-cü ilin sentyabrında işğaldan azad edilib və bu cinayətin bir qrup təşkilatçısı və icraçısı tezliklə məhkəmə qarşısına çıxarılacaq. Amma bizim ən böyük təsəllimiz odur ki, Xocalıdan sağ çıxanlar və hər bir Azərbaycan vətəndaşı artıq azad edilmiş Xocalıya, bütün Qarabağa və Şərqi Zəngəzuru azad, ləyaqət və qürurla ziyarət edə bilər”.
Azərbaycan Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda həmin qanlı gecədə törədilənlərə diqqət çəkilib, beynəlxalq Konvensiyaların pozulduğu vurğulanıb: “Ermənistanın azərbaycanlılara qarşı törətdiyi digər insanlıq əleyhinə cinayətlər kimi Xocalı soyqırımı da beynəlxalq humanitar hüququn, insan hüquqları hüququnun, o cümlədən soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyaların kobud şəkildə pozulmasıdır”.
Gün ərzində Bakıdakı minlərlə vətəndaş, dövlətin rəsmi şəxsləri, diplomatlar, hökumət nümayəndələri “Ana harayı” abidəsini ziyarət edib. Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
Xarici işlər naziri Ceyhun Bayramov ziyarət zamanı jurnalistlərə açıqlamasında bildirib ki, hərbi cinayətkarların uzun illər məsuliyyətə cəlb edilməməsi Ermənistanda cəzasızlıq mühiti yaratmışdı: “Bəzi hərbi cinayətkarlar, o cümlədən bəzi Xocalı cinayətkarları, son dövrdə cinayət məsuliyyətinə cəlb edildi. Bu istiqamətdə işlər də davam edir”, deyə nazir qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıda Xocalı soyqırımı abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib ki, Qarabağ torpaqları işğaldan azad olunub, artıq o torpaqlar ermənilərin ayaq basdığı bir yer deyil, amma Xocalı ağrısını, acısını heç zaman unutmayacağıq çünki Xocalıda mülki əhali qətl edilib, yurd-yuvalarından didərgin salınıb: “Acımız davam edir, faciəni dərindən hiss edirik. Biz bu gün qardaş Azərbaycanın kədərinə şərik olduğumuzu nümayiş etdirmək üçün buradayıq. Sevincimiz də çox böyükdür. Qarabağ azaddır və Xocalıdakı qardaşlarımız öz torpaqlarına, dədə-baba yurdlarına geri dönməyə başlayıb. Qarabağın bütün yüksəkliklərində dalğalanan Azərbaycan bayrağı dəyərlidir, amma Xankəndi və Xocalıda dalğalanan bayraq başqa bir dəyərə sahibdir. Qarabağın azad edilməsi türk dünyasının ən böyük zəfəridir”, – deyə o qeyd edib.
Dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlə təşkil edilib, aksiyalar keçirilib. Türkiyədə, Gürcüstanda, Ukraynada, Meksikada, Çində, Koreya və başqa ölkələrdə soyqırımla əlaqəli toplantılar olub. Bolqarıstanın paytaxtı Sofiyanın mərkəzi məscidində ölkənin Baş Müftiliyi ilə birgə keçirilmiş anım mərasimində baş müfti Xocalı qətliamı ilə bağlı xütbə söyləyib. Soyqırımı qurbanlarının və bütün şəhidlərin ruhuna dualar oxunub.
Diaspor təşkilatları da Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün aksiyalar keçiriblər. Böyük Britaniyada, Şotlandiyanın Aberdin Universitetində, Almaniyanın Köln, İsrailin Tel-Əviv, Polşanın Krakov, ABŞ-ın Vaşinqton, Nyu-York, Atlanta və Hyuston şəhərlərində soyqırımın 32-ci ildönümünə həsr edilmiş tədbirlər keçirilib.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”