23 Dekabr 2024

Vətəndaşlara və insan hüquqlarının qorunmasına göstərilən diqqət

Dövlət başçısı İlham Əliyevin iştirakı ilə Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılması ölkəmizdə insan amilinə ən müasir tələblərə uyğun göstərilən qayğının təzahürüdür

Prezident İlham Əliyev daim səsləndirdiyi «Azərbaycanın dövlət siyasətinin əsasında insan amili dayanır» tövsiyəsini real fəaliyyəti, əməli işi ilə də gerçəkləşdirir. Ölkəmizdə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan düşünülmüş, məqsədyönlü islahatların əsas məqsədi vətəndaş məmnunluğunu artırmaq, insanların arzu və istəklərinin yerində həllinə nail olmaqdır.

Beynəlxalq aləmdə islahatçı Prezident kimi tanınan, hörmət edilən, dövlətçilik təcrübəsi öyrənilən cənab İlham Əliyevin həyata keçirdiyi yenilik və dəyişikliklərin, özünü doğruldan çağırışlarının vətəndaşlar tərəfindən razılıqla qarşılanması xalq-iqtidar birliyinin təzahürüdür. Son illərdə aparılan kadr islahatlarının əsasını da insan amilinə diqqət kimi mühüm amil təşkil edir. Yüksək vəzifələrə təyinatlar zamanı məmurlarla videoformatda keçirdiyi görüşlərdə əsas tövsiyə və tapşırığı dəyişilməz olan Prezident İlham Əliyevin «Daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir» sözlərinin alternativi «Heç kim qanundan yuxarı ola bilməz» kimi ciddi xəbərdarlığıdır. Prezident İlham Əliyevin qanun qarşısında hamının bərabər olması ilə bağlı tapşırığı ölkəmizdə ədalət, insan hüquqlarının qorunması tələblərinə riayət edilməsinin nümunəsidir. «Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız» söyləyən dövlət başçımız idarəetmədə səmərəlilik prinsiplərinə ciddi əməl olunmasını da vətəndaş məmnunluğunun başlıca amili adlandırır. Son dövrlərdə dövlət idarəetmə sistemində aparılan struktur, kadr islahatları, müasir düşüncəli, milli maraqları əsas tutan gənclərə daha çox etimadın göstərilməsi hazırlıqlı, bilikli, müasir düşüncə tərzi ilə seçilən, dövlətin mənafeyini hər şeydən üstün tutan, yüksək intellekti ilə diqqət çəkən mütəxəssislərə üstünlük verilməsi təsadüfi deyil, zamanın tələbindən yaranan zərurətdir. Əsas məqsəd idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşmanı təmin etməkdir. Təcrübə göstərir ki, işinin öhdəsindən layiqincə gələn, etimadı doğruldan məmurun qazancı el hörməti, insanların səmimiyyətidir. Ona etibar olunan vəzifəni doğrultmayan məmur isə insanlar və dövlət başçısı tərəfindən layiq olduğu cəzanı daşımağa məhkumdur.

Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılmasında da məqsəd insanları narahat edən, düşündürən problemlərin həllinə məsuliyyətlə yanaşmaq, maraqlı təkliflərin həyata keçirilməsinə diqqəti artırmaq, ictimai nəzarəti genişləndirməkdir.

Mərkəzdə insanların rahatlığı üçün yaradılan şərait, problemlərin operativ həlli üçün Çağrı Mərkəzinin istifadəyə verilməsi, respublikanın müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının mövcudluğu, şəhər və rayon icra hakimiyyətləri nümayəndələri üçün ayrıca otaqların təşkili, Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sisteminin tətbiqi bu günədək müşahidə olunmayan yeniliklərdəndir. Ölkə miqyasında həyata keçirilən islahatlara, ictimai nəzarətin mühüm mexanizmlərindən olan vətəndaş müraciətlərinə daha operativ, süründürməçiliyə yol verilmədən baxılmasına şərait yaradacaq Mərkəzdə ilk dəfə qəbula gələn, əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə müvafiq şəxsə müraciət edə biləcəklər. Burada fəaliyyət göstərəcək könüllülər də bu prosesdə vətəndaşlara yardımçı olacaqlar.

Bir sözlə, vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, şikayətçilərin qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılan Mərkəzdə hər cür şərait vardır. Vətəndaşlar qəbulla yanaşı, Prezident Sarayına ənənəvi qaydada, yaxud «president.az» rəsmi səhifəsi vasitəsilə elektron məktubla da müraciət edə biləcəklər. Eyni zamanda, Prezident Administrasiyasının struktur bölmələrinin rəhbərləri tərəfindən də qəbul ediləcəklər. Prezident Administrasiyasına daxil olan müraciətlərə operativ baxılaraq müvafiq kömək göstərildiyinə, Ali Baş Komandan kimi İkinci Qarabağ müharibəsini Qələbə ilə başa çatdırdığına, xalqımıza qazandırdığı Zəfərə görə Prezident İlham Əliyevə ünvanlanan 30 minə yaxın minnətdarlıq məktubu dövlət başçımıza sonsuz inamın təzahürüdür.

Göründüyü kimi, insan hüquq və azadlıqlarının təmin edilməsinin, vətəndaş cəmiyyətinin təkmilləşməsinin başlıca meyarlarının və prinsiplərinin ölkəmizdə tətbiqi tarixi, milli ənənələrə, müasir çağırışlara uyğun davam etdirilir. Ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində aparılan davamlı tədbirlərin tərkib hissəsini əks edirən «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərmanının imzalanması, «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı»nın, «Azərbaycan Respublikasında İnsan hüquqlarının və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı»nın təsdiq edilməsi dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərini gücləndirir. «Biz ölkəmizi qanunun aliliyinin bərqərar olduğu, çox güclü sosial siyasəti, inkişaf etmiş iqtisadiyyatı və regionda möhkəm mövqeləri olan müasir və demokratik bir ölkə kimi görürük» söyləyən Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsasını vətəndaşa diqqət və qayğı kimi amillər təşkil edir. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsinin, bu istiqamətdə aparılan siyasətin davamlı olmasının ölkədə insan hüquqlarının qorunmasının başlıca istiqaməti kimi diqqətdə saxlanılması, bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar, əhalinin hüquqi düşüncəsinin təkmilləşdirilməsi üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi, bu sahədə kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə müsbət nəticəsini göstərir.

«Son vaxtlar bütün vətəndaşların diqqətinə çatdırılan operativ tədbirlər, rüşvətxor məmurların ifşa olunması, onların bədnam əməllərinin ifşa edilməsi – bütün bunlar onu göstərir ki, korrupsiya və rüşvətxorluqla bağlı tədbirlər sistem xarakteri daşıyır. Əgər kimsə bunu bu günə qədər başa düşməyibsə, o, gərək başa düşsün və bu mübarizə davam etdiriləcək. Cəza tədbirləri cinayətkarlara qarşı tətbiq olunmalıdır. Eyni zamanda, sistem xarakterli tədbirlər də olmalıdır. Onlardan biri və bəlkə də birincisi «ASAN xidmət»də yaradılmış qaydalardır» söyləyən Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və Azərbaycanın brendi olan «ASAN xidmət», Dayanıqlı Operativ Sosial Təminat (DOST) kimi müasir xidmətlərin formalaşdırılması və genişləndirilməsi insanlara göstərilən sosial və hüquqi xidmətin nümunəsidir. Bir çox ölkələrdə təcrübəsi öyrənilən bu şəbəkələrin fəaliyyətinə, iş prinsipinə beynəlxalq səviyyədə marağın artması islahatlar ölkəsi kimi tanınan Azərbaycanın uğurudur.

«ASAN xidmət» və DOST mərkəzlərində fəaliyyət göstərən könüllülər hərəkatının digər strukturlarda da geniş miqyasda tətbiqi gənclərə göstərilən qayğı olmaqla vətəndaşlara xidmətdə operativliyin təminatını da gücləndirir. İnsana diqqətdən qaynaqlanan təşəbbüsün real nəticəsi olan «ASAN xidmət» mərkəzləri xalqımıza xas olan xüsusiyyətləri də özündə ehtiva edir. Çünki xalqımız həmişə qonaqpərvər olub. Buraya müraciət edən vətəndaşlara da müsafir kimi hörmətlə yanaşılır. Azərbaycan xalqı həmişə qonaqlara böyük hörmət göstərib. Sosial şəbəkələrdə fəaliyyət göstərən könüllülərin belə milli dəyərlərdən bəhrələnmələri sosial xidmət olmaqla gələcəyimizə etibarlı təminatdır. Bu amili «Mədəni davranış, mədəni rəftar qaydaları, mədəni xidmət – bütün bunların Azərbaycanda dərin kökləri var. Sadəcə olaraq, bu gün bu, mütəşəkkil formada «ASAN xidmət»də öz əksini tapır» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev onu da vurğulayır ki, bu cür xeyirxahlıq ictimai münasibətlərə də müsbət təsir göstərir. Vətəndaş məmnuniyyəti yüksək səviyyədə olan «ASAN xidmət» insanları narahat edən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin ən inanılmış sahəsi olmaqla bu mərkəzlərdə çalışan gənclər dürüstlüyü, çevikliyi öyrənir, kimlərəsə kömək etməyin mənəvi dəyərini və məsuliyyətini hiss edir. Bu amillər isə daha dərin, geniş mənada dövlətimizin uğurlu sosial siyasətini əks etdirir.

Əminik ki, bu günlərdə Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi də «ASAN xidmət», DOST mərkəzləri kimi insanların ümidlə üz tutduqları, mehriban, səmimi kollektiv tərəfindən razılıqla qarşılandıqları nicat yeri olacaq.