22 Aprel 2024

ÜST Azərbaycana 2100 cihaz verib

Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək layihəsi çərçivəsində ölkənin peyvənd məntəqələrində istifadə olunan bütün soyuducular üçün 2100 sayda “Fridge-tag2” elektron temperatur monitorinq cihazı yerli səhiyyə tərəfdaşlarına təhvil verilib.

Media1.az-ın məlumatına görə, bu barədə APA-ya ÜST-ün Azərbaycan Nümayəndəliyindən xəbər verilib.

Bildirilib ki, “Fridge-tag-2” peyvəndlərin təhlükəsiz şəraitdə saxlanması üçün soyuducularda temperaturu davamlı olaraq ölçən və müəyyən edilmiş temperatur həddini keçdikdə dərhal xəbərdarlıq edən cihazdır.

“ÜST-nin texniki mütəxəssisləri tərəfindən sözügedən avadanlığın quraşdırılması və istifadəsinə dair keçilmiş onlayn təlimə əlavə olaraq, cihazdan düzgün və səmərəli istifadə məqsədilə əyani materiallar hazırlanıb. Yaxın zamanda cihazın quraşdırılması və istifadəsi ilə bağlı Azərbaycan dilində hazırlanmış geniş videotəlimatı diqqətinizə çatdıracağıq. Aşağıda istehsalçı təlimatlarına istinadən hazırlanmış bələdçi ilə tanış ola bilərsiniz. “Fridge-tag-2”-dən istifadəyə dair daha ətraflı məlumatı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin internet səhifəsində əldə etmək olar: rgem.az/immuno-profilaktika” – deyə məlumatda qeyd olunub.