21 Noyabr 2024

Ukraynaya dəstək verir, bizi isə qınayırlar…

Həqiqətən də dünyanın qəribə işləri varmış. Bəli, “varmış” deyəndə, əslində, dünya həmişə belə olub, hətta bundan da pis olub. Sadəcə, biz bir müddət illüziyalara qapılmışdıq. İndi isə illüziyalar duman kimi tədricən çəkilir və hər şey olduğu kimi görünür.
Bilirəm, oxucu deyəcək ki, müəllif görəsən, bu mücərrəd girişlə nə demək istəyir? Demək istədiyim budur ki, sentyabrın 12-də Ermənistanın sərhəddə başlatdığı qanlı hadisələr təkcə Azərbaycan üçün sınaq olmadı, elə dünya üçün də bir sınaq oldu.
Yadımdan çıxmasın deyə, dərhal qeyd edim ki, Azərbaycanın işi haqq işidir, o, ərazisini və torpaqlarını qoruyur.

Bir neçə aydır ki, Ukraynada da belədir və bütün dünya, xüsusən də ABŞ və Avropa ona böyük dəstək verir, bu ölkənin müdafiəsinə milyardlarla dollar vəsait ayırırlar. Amma gəlin görək Azərbaycana nə verirlər? Çox təəssüf, bizi qınayır və ərazimizi qoruduğumuza görə hətta təhdid də edirlər.

Əvvəlcə onu deyək ki, ilk növbədə Rusiya noyabrda Brüsseldə keçiriləcək görüşdə pozitiv bir nəticənin əldə olunacağından ehtiyat edərək suyu bulandırdı. Ermənistan həmişə KTMT qüvvələrini Bakıya qarşı qoymağa çalışıb. Amma bunun bir nəticəsi olmayıb. Bu günlərdə isə sərhədə KTMT –nin xüsusi komissiyası göndərildi. Nə oldu? Niyə KTMT bu qədər təşvişə düşdü? Onun təşvişə düşməsinin bircə səbəbi var: təsəvvür yaranmamalıdır ki, Azərbaycanla Ermənistanın sərhədində atəşkəs hökm sürür və sülh üçün zəmin var. Xatırladaq ki, avqustun sonunda Brüsseldə keçiriləcək görüşdə qərara alınmışdı ki, növbəti görüş noyabrda keçirilsin və ən əsası da gələcək sülh sazişini hazırlamaq üçün xüsusi işçi qrupu yaradılsın. İndi mümkündür ki, noyabrda görüş baş tutacaq, amma böyük ehtimalla o, simvolik xarakter daşıyacaq…

İfşa olunan təkcə Rusiya deyil. Fransa və ABŞ da özlərini faş etdilər. Bu iki ölkə də sübut etməyə çalışır ki, onlarsız sülh əldə oluna bilməz və proses əvvəlki formuluna qayıtmalı, həmsədrlərin bölgəyə turist səfərləri davam etməlidir.

Məhz bu ərəfədə Ermənistanın müdafiə naziri ABŞ-a səfər etmişdi və oradan çox razı qayıtmışdı. Bəli, bir daha qeyd edirik ki, ABŞ sanki bu ölkənin siyasətçilərini təzədən kəşf edir, bir vaxt isə Nikol Paşinyanın özünü ABŞ-da Kaliforniya ştatının merinin özü də yox, onun müavini qarşılayırdı. Bir vaxt ABŞ-ın müşaviri Con Bolton açıq mətnlə yenicə hakimiyyətə gəlmiş Nikol Paşinyana deyirdi ki, iqtisadiyyatınızın və ümumiyyətlə, ölkənizin dirçəlməsini istəyirsinizsə, regional siyasətinizi dəyişin. İndi nə oldu? Bu günlərdə ermənipərəst Nensi Pelosi İrəvana səfər etdi. ABŞ-ın bu hakimiyyəti bütünlüklə ermənipərəstlərdən ibarətdir. Məgər yalançı erməni “soyqırımını” Co Bayden tanımadımı?..

Eyni sözləri Fransa haqqında demək olar. On illərlə BMT-nin tələbləri kağız üstündə qaldı və Paris bircə dəfə də bunu BMT-nin müzakirəsinə çıxarmağa təşəbbüs göstərmədi. İndi isə dəridən-qabıqdan çıxır ki, İrəvan üçün nəsə etsin.

Ən təəccülüsü bilirsiniz, nədir? Daim islam həmrəyliyindən danışan İranın bəzi siyasətçilərinin mövqeyi. Amma faydası yoxdur. Azərbaycan öz haqq işini davam etdirəcək və məqsədinə çatacaq…

Hüseynbala Səlimov