16 Aprel 2024

Ukraynalı yaralı hərbçilər Türkiyənin vasitəçiliyi ilə Rusiyadan ölkəsinə qayıda bilər

Ukraynanın İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Dmitro Lubinets Türkiyənin yaralı hərbçilərin və mülki şəxslərin geri qaytarılması üçün Rusiya və Ukrayna arasında öz ərazisində humanitar dəhlizin açılmasını təklif etdiyini açıqlayıb.

“Report” “UNN”ə istinadən xəbər verir ki, bu barədə ombudsman milli telemarafonun efirində danışıb.

“Türkiyə tərəfinin ideyası ondan ibarətdir ki, onlar vasitəçi olmaq istəyir. Onlar Rusiya rəhbərliyi ilə kommunikasiya kanallarından istifadə edərək mülki şəxs və ya yaralı hərbçilərin əvvəlcə Rusiyadan Türkiyəyə, ondan sonra isə Ukraynaya qayıda bilməsini istəyirlər”, – Lubinets bildirib.

O qeyd edib ki, hələlik bu, yalnız tərəflərin müzakirə etdiyi təklifdir.

Lubinetsin sözlərinə görə, Türkiyənin “ayrı məsələlərdə Rusiyanın mövqeyinə təsir etmək üçün müəyyən imkanlar var ki, o, razılaşmaları yerinə yetirsin və prosesləri intensivləşdirsin”. O, hərbi əməliyyatların başlanmasından sonra ölkədə ilişib qalmış Ukrayna limanlarından taxılın çıxarılmasına imkan verən ərzaq sazişinin bağlanmasında Ankaranın vasitəçiliyini vurğulayıb.