25 Aprel 2024

Ukrayna bu bölgəni HƏDƏFƏ ALDI – Rusiya MN-dən AÇIQLAMA

Ukrayna ardıcıl hücumlarla Rusiyanın sərhəd bölgəsini hədəfə alıb.

Belqorod qubernatoru Vyaçeslav Qladkov minlərlə uşağın bölgədən təxliyə ediləcəyini açıqlayıb. O, son hücumlardan sonra biri uşaq olmaqla, 3 nəfərin yaralandığını və şəhərin böyük bir hissəsində elektrik enerjisinin kəsildiyini açıqlayıb.

Qladkov bu həftə ərzində baş verən hücumlarda 16 nəfərin öldüyünü, 98 nəfərin yaralandığını əlavə edərək, məktəblərin və ticarət mərkəzlərinin bazar ertəsi və çərşənbə axşamı bağlanıldığını xatırladıb. Ardıcıl hücumlar səbəbiylə bölgədən təxminən 9 min uşağın təxliyə ediləcəyini açıqlayan Qladkov, 1200 uşaqdan ibarət ilk qrupun martın 22-də təhlükəsiz yerlərə daşınacağını vurğulayıb.

“Associated Press” (AP) həmçinin Ukraynanın bombardmanı altında olan sərhəd bölgəsində böyük təxliyə planının həyata keçirildiyini açıqlayıb. Təhsil müəssisələrinin bağlandığını elan edən AP kollec və universitetlərin distant təhsilə keçdiyini yazıb. Rusiya Müdafiə Nazirliyi də dünən bölgəyə 9 artilleriya mərmisinin düşdüyünü açıqlayıb və hücumlara görə Ukraynanı ittiham edib. 

Rusiya Prezidenti Vladimir Putin isə bu gün verdiyi açıqlamada Ukraynanın tez-tez bombardman etdiyi sərhədyanı rayonların təhlükəsizliyinin təmin ediləcəyinə zəmanət verib. O vurğulayıb ki, Rusiyanın hücumlara cavab vermək planları var, lakin mülki şəxslər hədəf alınmayacaq.  

“Əsas vəzifə təhlükəsizliyi təmin etməkdir. Burada müxtəlif üsullar var, asan deyil, amma biz bunu edəcəyik”, – o bildirib. \\Sfera.az