28 Mart 2024

Uğurlu Xarici Diplomatiyanın Davamı-Azərbaycan Litva Əlaqələri

Keçmiş Sovet Respublikalarından olan Litva Respublikası ilə Azərbaycan Respublikası arasında sıx dostluq münasibətləri mövcuddur. Demək olar ki, bəzi oxşar tarixi məqamları yaşayan bu iki ölkə müstəqilliyinin ilk illərindən bir-birinə qarşı dost münasibət bəsləmişdir.Təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyini tanıyan ilk dövlətlər sırasında Litva Respublikası da var. Ölkələrimiz arasında həm siyasi, iqtisadi, həm də mədəni əlaqələr mövcuddur. Bunu Azərbaycan prezidentinin Litvaya təşkil edilmiş 4 rəsmi səfəri sübut edir.

Azərbaycanın beynəlxalq nüfuzunun günbəgün yüksəldiyi müasir dövrümüzdə respublika Prezidentimizin apardığı uğurlu xarici siyasət nəticəsində bir çox Avropa ölkələri ilə yanaşı Litva Respublikası da ölkəmizlə sıx əməkdaşlıq etməyə çalışır. Bunu 22 may 2023-cü il tarixində Litva prezidentinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya baş tutmuş rəsmi səfəri bir daha sübut etmiş oldu. İki ölkənin prezidenti əvvəlcə Davos İqtisadi Forumunda görüşüb ölkələrimiz arasında mövcud əlaqələrin genişlənməsi məsələlərini müzakirə etdikdən sonra Litva prezidenti Gitanas Nauseda İlham Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət etmişdir. Mayın 22-də baş tutmuş rəsmi səfər hər iki ölkə üçün vacib məqamlarla yadda qaldı. Ölkə başçılarının ikitərəfli görüşü ilə yanaşı səfər çərçivəsində iki ölkənin bəzi nazirlikləri- Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Litvanın Ətraf Mühit Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial-Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında bəzi sazişlər imzalandı. Həmçinin, iki ölkənin Baş Prokurorluqları arasında “2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” çərçivəsində bir sıra sənədlər imzalandı.

Görüş çərçivəsində Azərbaycan və Litva Respublikaları arasında biznes formu da təşkil olundu. Azərbaycanın bütün dünyanın iqtisadi həyatında oynadığı mühüm rolu, Avropanın enerji təhlükəsizliyi, beynəlxalq logistika tranzit yükdaşımalarındakı mövqeyi digər Avropa dövlətləri ilə yanaşı Litvanın da Azərbaycanla vacib strateji münasibətlərdə maraqlı olduğunu bir daha nümayiş etdirmiş oldu. Biznes forumu çərçivəsində Azərbaycanın sabit iqtisadi mühiti, investisiya şəraiti, zəngin enerji resursları iki ölkə arasında əhəmiyyətli razılaşmaların əldə edilməsinə şərait yaratdı. Hər iki ölkənin biznes qurumlarının birgə əməkdaşlığı beynəlxalq ticarət dövriyyəsinə öz töhfələrini verəcəkdir.

İlham Əliyev bütün beynəlxalq toplantılarda və rəsmi səfərlərdə olduğu kimi Litva səfərində də keçirdiyi görüşlərdə də Azərbaycan həqiqətlərini bir daha bütün dünyaya çatdırdı. 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, münaqişə zamanı işğala məruz qalmış ərazilərimizdə ermənilərin həyata keçirdikləri vandalizm aktları, münaqişənin həlli məqsədilə Azərbaycanın apardığı ədalətli Vətən müharibəsi bir daha xatırladıldı. Həmçinin Azərbaycanın sülhsevər, regionda dinc şəraitdə iqtisadi münasibətlərin qurulmasında maraqlı olan ölkə olduğunu, bu məqsədlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacib olduğunu vurğuladı. İlham Əliyevin Litvaya olan rəsmi səfərinin ölkəmiz üçün əhəmiyyətli nəticələr verəcəyinə əminik.

Həsrət Hümmətov – Bərdə rayon Şahvəlilər kənd D.Əliyev adına tam orta məktəbin direktoru