23 Dekabr 2024

Türkiyədə 6.4-lük yeni zəlzələ: müxbir canlı yayında hönkür – hönkür ağladı – VİDEO – YENİLƏNİB

Media1.az xəbər verir ki, Türkiyədə zəlzələnin dağıtdığı bölgədə, Hatay mərkəz olmaqla, daha iki güclü zəlzələ baş verib.

CNN Türk kanalı məlumat yayaraq zəlzələnin Hatay, Adana və digər bölgələrdə ciddi şəkildə hiss olunduğunu bildirib. Yeraltı təkanların gücü Rixter şkalası üzrə 6.4 bal gücündə olub. Bu təkanın ardından ikinci bir silkələnmə meydana gəlib. 5.8 bal gücündə olan ikinci təkan da ciddi hiss olunub. Zədəli binaların çökdüyü barədə ilkin məlumat var.

Hazırda AFAD əməkdaşları və təcili yardım maşınları zəlzələ baş verən əraziyə doğru yol alıblar.

CNN Türk-ün verdiyi məlumata görə, çökən binaların altında qalanlar var. 

Zəlzələ böyük panikaya səbəb olub və zəlzələdə evlərini itirərək çadırlara yerləşdirilmiş vətəndaşlar çadırları da tərk ediblər.

Son təkanların baş verdiyi bölgədə AFAD, təcili yardım, arama-xilasetmə qrupları maşınlarla gəzərək dağıntıların yerini təspit etməyə çalışırlar.

Dağılan binaların birinin altında bir yaşında uşağın qaldığı bildirilir.

Avropa-Akdeniz seysmoloji mərkəzi sunami barədə xəbardarlıq edib.

Mersin valiliyi isə vətəndaşlara dəniz kənarlarından uzaq durmaq barədə xəbərdarlıq edib.

Media1.az