09 Dekabr 2024

Türkan Şadlinskaya: “Siyasi partiyalar haqqında” yeni qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi”

Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması müasir çağırışlara əsaslanmışdır. Bu cür əhəmiyyətli qanun layihəsinin qəbulu zamanı ictimai-siyasi fikrin nəzərə alınması, ictimai rəyin öyrənilməsi demokratik cəmiyyətin, siyasi plüralizmin göstəricisidir.

Ölkə Prezidentinin 2018-ci ildən başlayaraq həyata keçirdiyi islahatlar içərisində siyasi islahatlar xüsusi yer tutur. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq istər parlamentdə, istərsə də Milli Məclisdən kənarda siyasi partiyaların koordinasiya edilməsi, ümummilli və dövlət maraqları ətrafında vahid mövqe nümayiş etdirilməsinə böyük əmək sərf olundu. Bununla belə “Siyasi partiyalar haqqında “qanun layihəsinin yenilənməsi sosial mahiyyət kəsb edirdi. Qəbul edilmiş yeni qanun layihəsi ölkə Prezidentinin aparmış olduğu siyasi islahatların tərkib hissəsi kimi önə çıxacaq və partiyaların Azərbaycanın siyasi həyatında yer və rolunun artmasına geniş imkanlar yaranacaqdır.Ölkədə formalaşan yeni siyasi quruculuq , müasir çağırışlar, dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən zəruri addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını labüd etmişdir.

Azərbaycanda 90-cı illərdən fərqli olaraq siyasi partiyaların siyasi sistemdə fəallığının kifayət qədər artdığı göz önündədir. Bu fəallıq qüvvədə olan qanunvericiliklə adekvat olmadığından ölkədə aparılan siyasi islahatların tərkib hissəsi kimi partiyaların yeni konfiqurasiya prosesində fəal iştirakı vacibdir. Bu və bir çox zəruri amillərə söykənərək təqdim olunmuş yeni qanun layihəsi təkmilləşdirilmişdir.Artıq indiki Azərbaycan 30 ilki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zəruri hal almışdır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi.

Qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl – 1992-ci il iyunun 3- də qəbul edilmişdi. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişdir. Milli Məclis tərəfindən 2022-ci ilin 26 iyul tarixində dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 50-yə yaxın siyasi partiya 250-dən çox təklifini rəsmi qaydada təqdim edib.Bununla yanaşı, yeni qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Belə ki, 2022-ci il oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və eyni zamanda, dövlət qeydiyyatından keçərək ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı sənədin ictimai əhəmiyyətini nəzərə alaraq siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib. Növbəti dinləmə isə noyabrın 4-də baş tutub və dinləmələrdə siyasi partiya rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı öz təklif və rəylərini bildirib. Təqdim olunan rəylər əsasında qanun layihəsinin yeni variantı hazırlanıb. Qanun layihəsinin hazırlanması zamanı Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb. Həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib. Layihənin hazırlanması ilə əlaqədar ekspert komissiyası yaradılıb və bu komissiya tərəfindən 20 ölkənin bu sahədəki təcrübəsi öyrənilib. Sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib. Qanun layihəsinin yenilənmiş variantında əvvəlki variantı ilə müqayisədə çoxsaylı yeniliklər var. Belə ki, tənqidlərə məruz qalmış bəzi müddəlarda tələblər yüngülləşdirilib, bəzi müddəlar isə sənəddən bütövlükdə çıxarılıb.Yeni layihədə çoxpartiyalılıq demokratiyanın başlıca göstəricisi kimi təsbit olunub. Layihənin əvvəlki versiyasında seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyaların ləğvinə dair tələb yeni versiyada tamamilə aradan qaldırılıb.Yeni qanun layihəsi ölkəmizin və xalqımızın maraqları naminə siyasi birlik nümayiş etdirən, zərərli xarici siyasi təsirləri minimuma endirən partiyaların fəaliyyətinə müsbət təsir edəcək. Siyasi partiyaların yaranması, fəaliyyətinin ləğvi və bərpası kimi məsələləri daha da asanlaşdıracaq. Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.Yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Eyni zamanda, yeni qanun partiyaların siyasi təmsilçiyinə geniş imkanlar yaradacaq ki, bu da ən önəmli məsələlərdən biri hesab olunur. Gözlənilən odur ki, hazırlanan yeni qanun partiyaların dinamik inkişafına təkan verəcək, ictimai rəydə nüfuzunu və təsir gücünü artıracaqdır.

Türkan Şadlinskaya – Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi