26 Aprel 2024

Tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu

Düzgün müəyyənləşdirilən siyasət davamlı uğurların əldə olunmasında əsasdır. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin və son 19 ilə yaxın dövrdə bu xəttin Prezident İlham Əliyevin davam etdirməsinin  Azərbaycana qazandırdığı uğurlar biri-birini əvəzləməkdədir. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz həm keçilən yolun aydın mənzərəsini yaradır, həm də perspektivləri açıqlayır. Əsas hədəf bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması ilə davamlı iqtisadi inkişafa geniş imkanların yaradılmasıdır.

Azərbaycan dövlətinin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. 28 ilə yaxın dövrdə kağız üzərində saralan BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan təkbaşına icra etdi.  Dövlət başçısı İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında işğal dövrünün reallıqlarından bəhs edərək vurğuladı ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur.

Qeyd etdiyimiz kimi, artıq Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycan yeni səhifə açıb Ermənistanla münasibətləri normallaşdırmaq üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini etdi və bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə səy göstərir. Bununla yanaşı, Ermənistandan da eyni addımları  tələb edir. Lakin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də tərəddüdlər içərisində vurnuxur. Məhz bu tərəddüdləri onun sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir.  Törətdiyi təxribatlar, üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri yerinə yetirməməsi, keçirilən Moskva, Soçi və Brüssel görüşlərində əldə olunan razılaşmalara əməl etməməsi kimi addımları müxtəlif sualların yaranmasına, eyni zamanda, əksər dünya güclərinə, beynəlxalq təşkilatlara çağırışların edilməsinə əsas verir. 30 ilə yaxın işğal dövründə susmaqla  sonda 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına gətirib çıxaran dünya gücləri niyə Ermənistandan sülh müqaviləsinin imzalanmasını tələb etmirlər? Ermənistanın törətdiyi təxribatlara niyə laqeyd yanaşırlar? Bəyanatlarda narahatlıq ifadə edib, reallıqda konkret addım atmamaqla Ermənistana dəstəklərini ifadə etmirlərmi? Nə zamanadək dünya hüquq problemini yaşayacaq, ikili standartlara əsaslanan siyasət  gündəmdə olacaq ədalət, beynəlxalq hüquq  bəzi güclər, təşkilatlar üçün arxa planda olacaq. Belə olan təqdirdə etimadın mövcudluğundan danışmaq nə dərəcədə real görünə bilər?

Azərbaycan ən yüksək tribunalardan ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurlarından qürurla bəhs edir. Dövlət başçısı İlham Əliyev Səmərqənd Sammitində 2019-cu ildən Azərbaycanın  120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyinə diqqəti yönəldərək bu müddətin quruma üzv dövlətlərin yekdil qərarı əsasında bir il uzadılmasını  ölkəmizə olan hörmətin və etimadın göstəricisi kimi qeyd etdi. Azərbaycanın xarici siyasətinin dəyişməz olan prinsiplərini bir daha önə çəkərək bəyan etdi: “Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.”

Bu fikri böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, Prezident İlham Əliyevin dərin analitik təfəkkürə, düşünülmüş siyasi baxışlara malik olması nəticəsində bütün beynəlxalq platformalarda dövlətimizin maraqları yüksək səviyyədə təmin edilir. Özbəkistan Prezidentinin cənab İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu regional təsisatın Sammitində fəxri qonaq qismində görmək istəyi və dəvəti ümumilikdə quruma üzv ölkələrin Azərbaycana, Prezidentimizə böyük hörmətinin göstəricisidir. Azərbaycan dünya birliyində sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Hər bir məsələnin beynəlxalq hüquq çərçivəsində həllində maraqlı olan Azərbaycan daim dünyaya birlik, həmrəylik, əməkdaşlıq, sülh çağırışlarını edir.

Etibar Hacıyev-YAP Ağstafa rayon təşkilatının sədri