23 Dekabr 2024

Şuşada Cıdır düzünün torpağını öpən Firəngiz Mütəllimova: “Elə bilirdim həmənki gənc qızam”

“Hamı soruşur ki, niyə Şuşaya girəndə deyil, məhz Cıdır düzündə əyilib, torpağı öpdüm. Çünki orada şəhidlərimizin izləri, qanı var. Ona görə də Cıdır düzündə torpağa əyildim, onun daşını, torpağını öpdüm”.

Bu sözləri Xalq artisti, aktrisa Firəngiz Mütəllimova Şuşa ilə bağlı təəssüratlarını Musavat.com-a bölüşərkən bildirib. Firəngiz Mütəllimova 30 ildən sonra gördüyü Şuşanı bu cür təsvir edib:

“Şuşanın hər daşı, torpağı, əzizdir.

Bildiyiniz kimi, beyin əməliyyatı keçirmişəm. Buna görə elə bilirdim ki, 29-30 ildən sonra Şuşanı görəndə halım pisləşəcək. Hətta buna görə evdə də narahat idilər. Lakin Şuşanı gəzdikcə uşaq kimi sevinirdim, sakitcə öz-özümə “can Şuşam, nəfəsim, hər daşına qurban olaram” deyib, o yolları qalxdıqca gözümdən yaş gedirdi. Amma bu sevinc göz yaşları idi…

30 il hər gün, gecə-gündüz Allaha yalvarırdım. Dualarımın əvvəli də, axırı da Qarabağ Şuşa idi. Anamın doğum günündə, mayın 12-də Şuşaya ayaq basdım. Ayın 13-də, Ramazan bayramında artıq Cıdır düzündə gəzirdim. Təsəvvür edin, bir ayağım əməliyyat olunduğu üçün yeriyəndə çətinlik çəkirəm, amma orada qaçırdım. Sevinirdim, heç bir yerim ağrımırdı. Elə bilirdim ki, həmənki gənc qızam, o zaman Şuşadan necə çıxmışdımsa, o cürəm. Hamı mənə deyirdi ki, “bu gün necə gözəlsən, üzünüzün rəngi də sanki dəyişib”. Çünki Şuşada hava təmizdir. Onun mehi insanın üzünə dəyəndə insan gözəlləşir. Hamı deyir ki, səndən Şuşanın qoxusu gəlir. İndi Şuşada yasəmənlər açıb. Şuşanın yasəməni cır olsa da ətri daha çox olur”.

Xalq artisti Şuşanın abadlaşmasından da söz açıb:

“Şuşa indi çox gözəl şəkildə abadlaşır. Bundan böyük qürur duydum. Allah Prezidentimizə can sağlığı versin. 5 mərtəbəli “Xarıbülbül” otelində qaldıq. Hansı ki, əvvəllər ora biz “56-lar” deyirdik. Otelin də mebelləri ağıllı mebellərdir, yəni, barmağını vursan, özü açılır. Bir sözlə, Şuşa bağ-baxçaya çevrilir”.

Firəngiz Mütəllimova Şuşada keçirilən möhtəşəm “Xarıbülbül” festivalının həm dünyaya, həm də mənfur ermənilərə bir mesaj olduğunu bildirdi:

“Festival çox möhtəşəm şəkildə təşkil olunmuşdu. Bu həm dünya, həm də ermənilər üçün çox gözəl bir mesaj oldu. Şuşaya girəndə ermənilər kənardan bizə baxır, çəkirdilər. Qayıdanda hamısı başlarını aşağı dikmişdilər, üzümüzə də baxa bilmirdilər. Çünki o cür atəşfəşanlıq oldu. Festivalı təşkil edən Heydər Əliyev Fondunun hər bir işçisində öz təşəkkürümü bildirirəm. Festival hər bir detalları ilə ölçülüb-biçilmişdi. Yəni, elə bir şey olmadı deyək ki, bu niyə belədir. Biz dənə bir şey olmadı ki, deyək ki, bu niyə belədir”.