26 Aprel 2024

Su ehtiyatları kəskin azalır: Nazirlikdən həyəcan təbili – FOTO

“Yaxın gələcəkdə iqlim dəyişikliyi ilə bağlı havanın temperaturunun artması, düşən yağıntının miqdarının azalması davam edəcək ki, bu da su ehtiyatlarına öz təsirini göstərəcək”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, insanlar sudan qənaətlə istifadə etməlidirlər ki, su qıtlığının qarşısı alınsın:

“Bizim xidmət tərəfindən davamlı olaraq ölkə və tranzit çaylarda monitorinqlər aparılır. Həmin göstəricilər əsasında statistik məlumatlar hazırlanır ki, çaylarda suyun miqdarının azalması və iqlim dəyişikliyinin su ehtiyatlarına necə təsir etməsi barədə müqayisələr aparılsın.

Son illər aparılan monitorinqlər onu göstərir ki, daxili və tranzit çaylarda suyun səviyyəsi azalıb. 1961-ci illə 1991-ci ili müqayisə etdikdə su ehtiyatlarında azalmanın özünü göstərməsi məlum idi. Amma son 10 ildə azalma özünü daha çox büruzə verir. Belə ki, Araz, Kür və Qanıxçayda suyun səviyyəsi kəskin azalıb”.

Mərkəzin direktoru qeyd edib ki, su qıtlığı ilə bağlı problemlərdən biri də odur ki, su ehtiyatlarımızın 65-70 faizi qonşu ölkələrin ərazisində formalaşaraq bizim çaylara daxil olur:

“Azərbaycan gələn çayların son hissəsində yerləşdiyi üçün təsir özünü daha çox göstərir. 2020-ci ildə çaylarda az sulu dövr oldu və Kürün səviyyəsi azaldı. Nəticədə Xəzər dənizinin duzlu suyu geri axına səbəb oldu ki, Kürə yaxın ərazidə yaşayan insanlar suyun olmamasından əziyyət çəkdilər.

2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Su komissiyası yaradılıb. Görülən tədbirlər nəticəsində 2020-ci ildə yaranan su qıtlığının qarşısı ötən il müəyyən səviyyədə alındı, kortəbii qoşulmalar ləğv edildi. Davamlı olaraq sudan istifadə edilməsi ilə bağlı maarifləndirmə tədbirləri aparılır. Bütün bu işlər ona görədir ki, gələcəkdə su qıtlığı problemi ilə üzləşməyək”.

Qeyd edək ki, artıq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. Samur çayında su ehtiyatının iki dəfə azalması, həmçinin, “Taxtakörpü” su anbarında 50 milyon kubmetr ehtiyat qalması ASC-ni bu addımı atmağa vadar edib.

Ötən il “Taxtakörpü” su anbarında 180 milyon kubmetr su ehtiyatı var idi. Prezident İlham Əliyevin sərəncamı ilə Su komissiyası yaradılıb. Komissiyanın iclasında mənbələrdən götürülən su həcmlərinə qənaət olunması qərara alınıb. Məhz itkilərin qarşısının alınması ilə bağlı qənaət rejiminə keçilib.

Suraxanı, Sabunçu, Binəqədi, Abşeron və digər ətraf ərazilərdə qrafikə görə 14 saat su verilirsə, bu, 10 saata salınacaq. Eyni zamanda, hansı ərazidə 12 saat su verilirsə, 8 saata salınacaq.