27 İyul 2024

Sərsəng su anbarının Azərbaycana təhvil verilməsi gündəmdə – AŞPA-nın qətnaməsi niyə icra olunmur…

Ekspertlərdən SOS: “Əgər anbarın bəndlərinin birində dağıntı, partlayış olarsa, Tərtər rayonu bir saat ərzində su altında qalacaq”

Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar ekoloji yönümlü qeyri-hökumət təşkilatları bəyanat yayıb. Bəyanatda deyilir ki, Ermənistan heç vaxt Sərsəng su anbarı ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayıb:

“Bunun bariz nümunəsi kimi Ermənistan Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə bu hərəkətlərin Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratmağa yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilməsindən nəticə çıxarmayıb. Həmin qətnamədə göstərilirdi ki, Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana gətirib çıxara bilən böyük fəlakət riskinə (https://assembly.coe.int/nw/xml/XRef/Xref-XML2HTML-en.asp?fileid=22429&lang=en) malikdir. Ötən dövrdə Ermənistanın qanunsuz fəaliyyətini davam etdirməsi Sərsəng su anbarında hər an dəhşətli humanitar fəlakətə səbəb ola bilər. Böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının suvarma tələb olunan əraziləri Ermənistanın Sərsəng su anbarı ilə əlaqədar özbaşınalıqlarının qurbanına çevrilib. Biz buna etiraz edirik! Sərsəng su anbarı təyinatı üzrə istifadə olunarsa, 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb oluna bilər.

Ermənistan törətdiyi digər ekoloji cinayətlərlə yanaşı, Sərsəng su anbarının qanunsuz istismarı və ekoloji terror aləti kimi istifadəsi nəticəsində Azərbaycan iqtisadiyyatına vurduğu böyük zərərə görə Azərbaycan dövlətinə təzminat ödəməlidir. 

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində ekoloji terroru davam etdirənlər Azərbaycan Respublikasının ədalət mühakiməsinə cəlb edilməlidirlər. Biz Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına müraciət edirik ki, Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar mümkün olan bütün tədbirlər həyata keçirilsin!

Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör-töküntülərinin Azərbaycana qarşı ekoloji terror fəaliyyəti dərhal dayandırılmalı və Sərsəng su anbarının idarəçiliyi Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına təhvil veriməlidir”. 

Sərsəng anbarının idarəetməsi mütləq və təcili şəkildə Azərbaycana verilməlidir. Bu anbar hazırda qəzalı durumdadır, ermənilər özləri partlatsa, bölgədə fəlakət olacaq. 

ELŞAD MƏMMƏDLİ QURD ÜRƏYİ YEYİB

 Elşad Məmmədli

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli bildirdi ki, Sərsəng su anbarı dərhal Azərbaycanın nəzarətinə verilməlidir: “Həm 10 noyabr Üçtərəfli Bəyanatının, həm də AŞPA-nın 2085 saylı qətnaməsinin (müəllif Elxan Süleymanov-red.)  tələbinə görə hazırda sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan ərazidəki Sərsəng su anbarı Azərbaycanın müvafiq qurumlarının idarəetməsində olmalıdır. 

Rəhbəri olduğum təşkilat ötən il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Sərsəng su anbarının Azərbaycana təhvil verilməsinə dair layihə icra edib. “Sərsəng su anbarına dair beynəlxalq və konstitusion tələblər: hövzənin əhəmiyyəti, hazırkı vəziyyəti – araşdırma və mediada, sosial şəbəkələrdə təbliğat kampaniyası” adlı layihə çərçivəsində çox mühüm işlər görməyə nail olmuşduq:

Anbarın son durumunu, AŞPA-nın su anbarı ilə bağlı 2085 saylı qətnaməsinin niyə icrasız qalmasını araşdırdıq, konkret hansı ərazilərin sudan məhrum edilməsini, ətrafdakı eko-fəlakəti video və fotolarla təsbit etmişik və beynəlxalq təşkilatlara müraciət ünvanlamışdıq. 

Görülən işlərlə bağlı https://musavat.com/news/serseng-su-anbarinin-idareetmesi-derhal-azerbaycana-tehvil-verilmelidir-ermenilerin-su-terroru-davam-edir_884562.html linkindən ətraflı məlumat almaq mümkündür. 

Reallıq və qanunlar, qətnamələr aşağıdakıları tələb edir: 

– Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin müşahidəsi altında sülhməramlıların məsuliyyət zonasında olan, Azərbaycanın ərazisində yerləşən, hazırda baxımsız olan strateji su mənbəsi – Sərsəng su anbarından istifadə, anbarın idarə edilməsi Azərbaycanın müvafiq icra qurumlarının nəzarətinə verilsin;

– Həmin ərazilərdə tələb olunan işlərin görülməsi üçün sülhməramlılar və müvafiq beynəlxalq təşkilatların dəstəyi ilə sürətli minatəmizlə işlərinə təcili şəkildə başlanılsın;

– Azərbaycan dərhal Sərsəng su anbarında restavrasiya işlərinə başlayaraq, anbardan çıxış kanallarını bərpa etməklə, Ağdam, Tərtər, Bərdə, Goranboy istiqamətində suvarma sahələrinə suyun yönəldilməsini həyata keçirməyə başlasın;

– Bu prosesdə beynəlxalq təşkilatlar – AŞPA da iradəsini ortaya qoymalıdır və yaxından iştirak etməlidir.

– Sərsəng su anbarı ilə yanaşı, hazırda ermənilərin yaşadığı Azərbaycan ərazilərindən keçib gələn çayların – Qarqarçay, Xaçınçay və digər çaylar – qarşısına qoyulan maneələr aradan qaldırılsın. 

Bütün bunlar 10 noyabr Bəyanatının da tələbidir və icrası mütləqdir”.

Günel Səfərova Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

Günel Səfərova 

QHT Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda müasir dünyada içməli su ilə bağlı, şirin su hövzələri ilə bağlı çox ciddi problemlər var: “Azərbaycanın ərazisində yerləşən, Azərbaycana məxsus olan, coğrafi ərazimizə aid olan Sərsəng su anbarı ilə bağlı ermənilərin törədə biləcəyi hər hansı bir terror ilk növbədə Azərbaycana ziyan vuracaq. Qeyri-hökumət təşkilatları da bütün diqqəti buna yönəltmək istəyir. Ümumiyyətlə, biz uzun müddətdir, Qarabağ konfliktinin başlandığı andan Azərbaycanın məruz qaldığı ikili standartları gördük. Təəssüf olsun ki, dırnaqarası blokada məsələsində bir nəfər kimi əksəriyyəti bəyanat verərək Ermənistanın yanında olduğunu, bu məsələnin gündəmə gətirilməsi ilə məşğul olduqlarını qeyd etdilər. Amma təəssüf ki, Azərbaycanın böyük ekoloji, iqtisadi problemlə üzləşə biləcəyini heç vaxt nə bəyanatlarında, nə də öz çıxışlarında vurğulayıblar. QHT-lərin  etdikləri təşəbbüs təqdirəlayiqdir. Çünki vətəndaş cəmiyyəti institutları göstərməlidirlər ki, istənilən ekoloji, iqtisadi və digər milli məsələlərdə Azərbaycan millətinin mövqeyini müdafiə edirlər. Ekologiya milli məsələ olmaqdan artıq  çoxdan çıxıb, bu artıq dünyəvi bir məsələdir. Ümid edirəm ki, beynəlxalq təşkilatların diqqətini çəkəcəklər”.  

Çingiz Qənizadə: Tarixi Qələbəmizdən sonra Azərbaycanın dünya birliyindəki  mövqeyi daha da möhkəmlənib - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Azərbaycanda ekoloji yönümlü QHT-lərin Sərsəng su anbarı ilə bağlı narahatlıqlarını ifadə edən bəyanatın yayılması məqsədəuyğundur. Bu istiqamətdə əvvəllər də Azərbaycan hökuməti narazılığını bildirmişdi. Xatırlayıram, mən hələ parlamentdə olarkən 2015-ci ildə AŞPA-ya bir xanım məruzəçi Milica Markoviç təyin olundu və Sərsəng su anbarının araşdırılması ilə bağlı o, Avropa Şurasına (AŞ) hesabat hazırlamalı idi. O, 2014-cü ildə Azərbaycana səfər etdi. Bu ərazilərə gələrək Sərsəng su anbarı ilə bağlı Azərbaycan tərəfindən lazımi məlumatları aldıqdan sonra o, Ermənistana səfər etməyi planlaşdırırdı. Amma Ermənistanın o vaxtkı siyasi dairələri Milica Markoviçin ora getməsini əngəllədilər. Çünki Ermənistan işğalçılıq siyasəti nəticəsində  Qarabağı işğal etdiyi dövrdə Qarabağda olan bütün su anbarlarımızı da işğal altında saxlayırdı. Bizə elə gəlirdi Suqovuşan ən böyük su anbarıdır. Əslində isə Sərsəng ən böyük su anbarlarından biridir. Bu su anbarının işğalı nəticəsində yaxın rayonların kənd təsərrüfatı ilə məşğul olmalarına və digər rayonlarda sudan istifadəyə çox ciddi problemlər yaradırdılar. 2016-cı ildə Milica Markoviçin hazırladığı hesabatın sayəsində AŞ Parlament Assambleyası tərəfindən 2085 saylı qətnamə qəbul olundu. Bu qərara uyğun olaraq AŞ tərəfindən  Sərsəng su anbarının qəzalı olması və bölgəyə təhlükə yarada bilməsi ilə bağlı 9 bənddən ibarət qətnamə qəbul olundu. Qətnamədə işğalçı tərəfə də bir öhdəlik qoyulurdu ki, Sərsəng su anbarından istifadə qəbul olunmuş konvensiyalara uyğun formada həyata keçirilsin. Amma o dövrdə artıq 27 il idi ki, Sərsəng su anbarı işğal altında idi və Ermənistan da onun üzərində su elektrik stansiyası tikmişdi. Bu da ekoloji fəlakət idi. Ermənilər Sərsəng su anbarının üzərində su elektrik stansiyası tikməklə bundan həm də hərbi məqsədlər üçün istifadə edirdilər. Yəni özlərinin işğalçılıq siyasətini həyata keçirən Azərbaycan ərazisində olan qeyri-qanuni hərbi birləşmələrin təminatını, elektrik enerjisini, texnikaların istifadəsini və sairə məhz Sərsəng su anbarında və digər işğal etdiyi ərazilərdə həyata keçirirdilər. Ermənistan Sərsəng su anbarını işğalda saxladığı dövrdə Azərbaycanın və beynəlxalq ictimaiyyətin çağırışlarına heç vaxt əhəmiyyət verməyib. Bir tərəfdən BMT-nin 4 qətnaməsini icra etməyən Ermənistan BMT-dən kiçik olan Avropa Şurasının da qəbul etdiyi qətnaməni, təbii ki, icra etməyəcək. Təəssüf ki, AŞ- də, BMT də, digər beynəlxalq təşkilatlar da bu qərarların icra edilməməsinə görə Ermənistana heç vaxt müraciət etməyiblər”. 

Ç.Qənizadə əlavə edib ki, Sərsəng su anbarının düzgün idarə edilməməsi nəinki ekoloji fəlakətə, eləcə də insan tələfatına də gətirib çıxara bilər. Hazırda  o ərazi baxımsız vəziyyətdədir, çirkab sularının axıdılması və suyun səviyyəsinin minimuma enməsi, anbarın bəndlərinin baxımsız olması, texniki qaydada qulluq edilməməsi  nəticəsində artıq  Sərsəng su anbarının bəndlərində müəyyən problemlər yaranıb. Bu problemlər aradan qaldırılmasa, yaxınlıqda olan Ağdam, Bərdə, Goranboy, Yevlax, Ağcabədi kimi rayonların su altında qalmaq təhlükəsi var. Əgər bəndlərin birində partlayış olarsa, Tərtər rayonu bir saat ərzində su altında qala bilər. Bir neçə saat sonra isə digər rayonlar da su altında qala bilər. Biz Rusiya Ukrayna arasında gedən savaş nəticəsində Ukraynada su anbarının bəndinin partladılması ilə hansı faciələrin yaşandığının şahidi olduq. Sərsəng su anbarının idarəçiliyi təcili olaraq  mütləq Azərbaycan dövlətinin əlinə keçməlidir. Bizim ekofəlların yaydığı bəyanat beynəlxalq təşkilatla səviyyəsində müzakirə olunmalıdır”.      

 Afaq MİRAYİQ, 
“Yeni Müsavat”