27 İyul 2024

İƏT nümayəndə heyətinin Ağdama səfəri başa çatıb – FOTOLAR

İƏT MDİHK nümayəndə heyəti işğaldan azad edilmiş Ağdam rayonun Qarağacı məzarlığına və şəhidlər xiyabanına baş çəkiblər.

Musavat.com APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, Ombudsman aparatın əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Ağdam rayonun Qarağacı məzarlığında və şəhidlər xiyabanında yerində monitorinq aparıb.

Qonaqlara məlumat verilib ki, işğal dövründə qəbiristanlıqlar erməni vandalları tərəfindən viran qoyulub. Qəbirlər qazılıb meyitlər təhqir olunub. Məzar daşları isə sökülüb ərazidən daşınıb. Əlavə olaraq bildirilib ki, işğaldan əvvəl şəhidlər xiyabanın ərazisində park olub. Burada daha çox Xocalıda şəhid olanlar dəfn olunub. Həmçinin milli qəhrəmanlarımızın da məzarı burdadır.

Nümayəndə heyətinin səfəri başa çatıb. Onların son ziyarət etdiyi məkan Cümə məscidi olub. 

***

İƏT MDİHK nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri başlayıb.

Musavat.com APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti və Ombudsman aparatının əməkdaşları iştirak edir.

Səfər zamanı işğaldan azad edilmiş Ağdam rayonunda dağıdılmış dini obyektlərin və qəbiristanlıqların monitorinqinin davamı və yenidənqurma işləri ilə tanışlıq olacaqlar.

Qeyd edək ki, Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.