27 İyul 2024

SENSASİYA: Bakı dronlardan müdafiəyə hazırlaşmalıdır – Paytaxt NECƏ QORUNUR?

Ermənistanın son addımları müharibə risklərini artırıb; Azərbaycan ən müasir hava hücumundan müdafiə sistemləri ilə hərbi arsenalını gücləndirir – Polkovnik və hərbi analitik rəyi

Zaman keçdikcə ağır artilleriya və aviasiya öz mövqelərinin bir çoxunu daha kiçik, lakin daha səmərəli zərbə PUA-larına vermək məcburiyyətində qalır. 2002-ci ildə “Əl Qaidə” terror təşkilatının lideri Usamə ben Ladenə qarşı uğurla istifadə edilən ilk zərbə PUA-sı artıq hər bir orta inkişaf etmiş ölkələrin istehsalında və arsenalında yer alır.

Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün 2020-ci ilin sentyabrında başlayan əks-hücum əməliyyatları da dünyaya “XXI əsrdə müharibə necə aparılar?” mövzusunda əyani dərs vəsaiti oldu. Bu müharibədə Azərbaycanın ən müasir dronlardan istifadə etməsi qlobal güclərin də diqqətini çəkdi. Artıq silah bazarında dronlar mühüm yer tutur. Heç bir iri silah istehsalçısı olan ölkə gələcək müharibələrdə pilotsuz məhvetmə vasitələrinə üstünlük verəcəyini gizlətmir. Hazırda dronlardan ən geniş istifadə edən və yerli istehsalını modernləşdirən ölkə Türkiyədir.

Dronlar artıq yeni nəsil silahlar hesab olunur. Azərbaycan həm Ukraynada, həm də Rusiyada qarşılıqlı dron hücumlarını diqqətlə izləyir və müəyyən təhlillər aparır. Ukrayna müharibəsi bir daha göstərdi ki, dronlardan istifadə zəruri olduğu kimi, ondan müdafiə olunmaq da çox mühümdür. “Yeni Müsavat” qeyd edir ki, Ermənistan müharibə zamanı kamikadze dronlardan istifadə edib. Onlar Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla məhv edilib. Ermənistanın son aylar artan destruktiv fəaliyyəti sülh prosesini xeyli əngəlləyib. Regionda yeni müharibə risklərini artırıb. Bu səbəbdən indi ən çox müzakirə edilən mövzulardan biri də Azərbaycanın mümkün müharibə(lər)də dron hücumlarında müdafiəsi ilə bağlıdır. Hələ bir neçə il əvvəl Azərbaycanın bir neçə illik cəhdlərdən sonra hava hücumlarından müdafiədə təcrübəli texnologiya hesab olunan İsrail istehsalı “Dəmir Günbəz” (“İron Dome”) aldığı haqda iddialar var. Amma bu iddialar hələ də rəsmi olaraq təsdiqlənməyib. Bəs, Azərbaycan mümkün müharibədə, xüsusilə paytaxt Bakını dron hücumlarından necə qoruya bilər?

Yeri gəlmişkən, “Global Firepower” araşdırma şirkəti 2023-cü il üçün dünyanın ən güclü hərbi hava qüvvələrinin siyahısını açıqlayıb. Azərbaycan və Türkiyə hərbi hava qüvvələri dünyanın ən güclüləri sırasındadır. Türkiyə və Azərbaycan hava məkanlarının vahid sistem ilə mühafizəsini təmin etmək qərarına gəlib. Bunun üçün yeni layihəyə start verilib. Ekspertlər bu addımın iki ölkənin hərbi inteqrasiyasını daha da sürətləndirəcəyi qənaətindədir. Türkiyə və Azərbaycan ortaq “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsini reallaşdırır. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün deyib ki, bu layihə ilə hər iki ölkənin hərbi-hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edir. Haluk Görgün onu da vurğulayıb ki, bu layihə tam reallaşdıqda, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edəcək.

Şair Ramaldanov: “Ordumuz regionun ən güclülərindən biri kimi sülhün  qorunmasına töhfə verir” - MÜSAHİBƏ<span class="qirmizi"></

Şair Ramaldanov

Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycanın hava hücumundan müdafiə sistemləri və hərbi hava qüvvələri birgə fəaliyyət göstərir. Onun sözlərinə görə, müasir dövrdə hava hücumundan müdafiənin əhəmiyyəti getdikcə artmaqdadır. Ramaldanovun fikrincə, artıq Pilotsuz Uçuş Aparatlarının (PUA) dövründə yaşayırıq: “Rusiya-Ukrayna döyüşləri fonunda görməkdəyik ki, 600-1000 kilometr aralıdakı hədəfləri vurmaq imkanı var. Uzağa getməyək, 44 günlük müharibədə ”Bayraktar”ların imkanları ilə düşmənə çox böyük itkilər yaşatdıq. Bu da piyada qüvvələrinin, xüsusi təyinatlıların irəliləməsinə şərait yaradırdı. Biz “Bayraktar”ların fəaliyyətini video materiallarda da görmüşük. Ümumiyyətlə, sovet vaxtından bəri bizdə hava hücumundan müdafiə yüksək səviyyədə olub. Ermənilərin Bakı istiqamətinə raket zərbələri endirməsi haqda xəbərlər də alırdıq, amma hava məkanını qorumaq sayəsində yarıyolda məhv edilirdilər. Amma Ukrayna müharibəsində ruslar hava hücumundan müdafiə sistemlərini susdura və üstünlük edə bilirlər”.

Polkovnik hesab edir ki, müasir müharibədə dronlar üstünlük deməkdir: “İstər kəşfiyyat, istər yerüstü artilleriya sistemlərini üstələmək baxımdan dronlar böyük rol oynayır. Ona görə radioelektron mübarizə vasitələri ilə bu hücumların qarşısı alına bilir. Bir sözlə, hərb bu istiqamətdə inkişaf etməkdədir. Ona görə də Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində hərbi hava qüvvələrimiz ən müasir elektron avadanlıqla təmin edilirlər. Baza əvvəlki olsa da, müasirliyi üstündəki avadanlıqla seçilirlər. Hərbi hava qüvvələrimiz 44 günlük savaşda qəhrəmanlıq göstərdilər və itkisiz müşahidə edildi. Bu da hava məkanında üstünlük təşkil etməklə düşmənin müdafiə sisteminin məhv edilməsi ilə nəticələndi”. Ş.Ramaldanovun sözlərinə görə, yeni müqavilələrimiz var, yeni təyyarələr almaqdayıq: “Azərbaycanın hərbi sənayesi bu yöndə inkişaf edir. İsrail və Türkiyə ilə projelərimiz mövcuddur, bu da hava məkanımızı daha da dayanıqlı edir. Ona görə hava hücumundan müdafiə sistemləri və hərbi hava qüvvələri ərazilərimizi bir çətir kimi qoruyurlar”.

Telman Qasımov: “Əziz Ələkbərli Ramiz Mehdiyevin ən sadiq adamlarından biri  idi” Pravda.az

Telman Qasımov

Hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan hava hücumundan müdafiə sistemlərinin hansı səviyyədə olduğunu 44 günlük müharibədə sübut edib. Hərbi analitikin xatırlatmasına görə, Mingəçevir su anbarının üzərində erməni dronları zərərsizləşdirilməklə hava hücumundan müdafiə sistemlərimizin gücü nümayiş etdirilib. “Sadəcə, başımız cəbhə xəttinə qarışanda, xain düşmən Gəncəyə və Bərdəyə terror etdi. Açığı, bu cinayətləri gözləmirdik. Amma ondan sonra hava hücumundan müdafiə sistemləri daha da gücləndi və Mingəçevir qorundu”, – deyə T.Qasımov vurğuladı. Onun sözlərinə görə, istər müharibə, istərsə postmüharibə dövründə Azərbaycan hava hücumundan müdafiə sahəsində hərbi arsenalını gücləndirib: “Ən müasir sistemlər alınıb. Əgər Ermənistan kütləvi dron hücumu edərsə, qarşısı alınacaq. Əlbəttə, 30-40 dron atılanda, istisna deyil ki, bir-ikisi düşə bilər, amma ən yüksək səviyyədə hava məkanımızı təmin etmişik. Eyni zamanda, Azərbaycan Qarakilsə hava limanı, Qafandakı hava limanını nəzarətdə saxlayır. Hər hansı hərəkət, uçuş olarsa, Azərbaycan onları zərərsizləşdirmək gücünə malikdir. Bundan əlavə, bizim 4-cü nəsilə aid radarlarımız var. Hazırda da ən müasir tipli hava hücumundan müdafiə sistemlərinin alınması davam etməkdədir. Əsasən də, İsraildən bu sistemləri alırıq. Fələstinlə gedən münaqişədə yəhudilərin bu sistemlərinin səviyyəsini görürük. O ki qaldı İsraildən ”Dəmir günbəz” alınmasına, bu haqda heç bir rəsmi açıqlama verilməz. Vaxtilə hərbi sirr kimi saxlanıb, amma indi deyə bilərəm ki, “Dəmir günbəz”lər alınıb, çünki keçmişdə qalmış informasiyadır. Bu gün isə ondan daha effektiv müdafiə sistemləri almışıq ki, bax, bu haqda ətraflı məlumat vermək olmaz, faktiki xain düşmən addımlarımızı izləməkdədir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”