27 İyul 2024

Sənaye parkları Qarabağ və Şərqi Zəngəzurda

Bu gün işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın dirçəldilməsi istiqamətində mühüm addımlar atılır. Belə ki, sözügedən ərazilərdə Prezident İlham Əliyevin iştirakı ilə təməlləri li qoyulmuş «Ağdam» Sənaye Parkı və «Araz Vadisi İqtisadi Zonası» yaxın gələcəkdə tam gücü ilə fəaliyyətə başlayacaq. Burada əsas məqsəd məşğulluğun təmin olunması və iqtisadi aktivliyin yüksəldilməsidir. Bu sənaye parklarının ilkin investisiya dəyəri 40 milyon manata yaxındır. «Ağdam» Sənaye Parkında müxtəlif çeşidli sintetik xalça, xüsusi və fərdi geyimlər, polimer məhsulları, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtükləri, prefabrik dəmir-beton məmulatlarının istehsalı planlaşdırılır. Burada 1100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki,  «Ağdam» Sənaye Parkı üçün ayrılan sahə işğaldan əvvəl də sənaye istehsalı üçün istifadə edilib. Park Ağdam ətrafında 190 hektar ərazidə tikilir və Ağdam şəhərinə çəkilən əsas avtomagistral və dəmir yolu kommunikasiyalarının kəsişməsində yerləşir. Parkda rezidentlər dövlət tərəfindən torpaq sahəsi, nəqliyyat və kommunal xidmətlər də daxil olmaqla lazımi infrastrukturla təmin olunur. Həmçinin rezidentlər üçün aşağı icarə haqqının təyin edilməsi və onların 10 il müddətinə gəlir və əmlak vergilərindən, ƏDV və idxal rüsumlarından azad edilməsi əlavə edilməsi nəzərdə tutulur.

Burada sənayeləşmə prosesi mərhələli şəkildə həyata keçiriləcək. İlkin tapşırıq Ağdam şəhərinin və ona bitişik qəsəbələrin abadlaşdırılması olduğundan, təbii olaraq, ilk mərhələdə tikinti materialları istehsal edən müəssisələr işə salınacaq. Tikinti materiallarının ticarətinin təşkili üçün 5 hektar sahə ayrılıb. Üstəlik, tikinti materiallarının satışı üçün yerlər ilk növbədə, park ərazisində istehsalla məşğul olan şirkətlərə veriləcək. Kənd təsərrüfatı və qida sənayesinin inkişafı ilə yanaşı, parkda məhsulların saxlanması və qablaşdırılması üçün sahələr ayrılıb. Beləliklə, bitkilərin becərilməsi, onların emalı və hazır məhsulun əldə olunması da daxil olmaqla, «sahədən bazara» prinsipi üzrə tam istehsal dövrü təmin ediləcək. Bu, nəqliyyat xərclərini azaltmağa və əldə olunan məhsulun rentabelliyini artırmağa imkan verəcək. Parkın ərazisində yük maşınlarının parklanması üçün də sahə ayrılıb.

Burada ən önəmli məsələlərdən biri də ekoloji cəhətdən təmiz qidaların istehsalıdır. Həmçinin yaşayış ərazilərinə bilavasitə yaxın məntəqələrdə yüngül və qida sənayesi müəssisələri yerləşəcək. Yaşayış məntəqəsindən 500 metr məsafədə tikinti materialları istehsalı müəssisələri, 1000 metr məsafədə isə ağır sənaye müəssisələri yerləşəcək. Bu parkın əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, vaxt itkisinə yol verilməyəcək, əmək məhsuldarlığı yüksək olacaq. Ən başlıcası isə sənaye müəssisələri bir- birləri ilə əlaqəli şəkildə fəaliyyət göstərəcəklər. Əslində, belə möhtəşəm sənaye parkının Ağdamda qurulması onun ənənəvi sənaye potensialını bərpa etməyə hesablanıb. Cəbrayıl ərazisində təməli  qoyulmuş «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkı da ölkə iqtisadiyyatının inkişafına hesablanmış layihədir. Çünki Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda, tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması sənaye parkının fəaliyyətə başlaması ilə daha da səmərəli olacaq. Sənaye parkı 200 hektar ərazini əhatə edir. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalarına bölünüb. Parkda «KAMAZ Azərbaycan Lizinq» MMC ilə «Gəncə Avtomobil Zavodu» İstehsalat Birliyinin birgə servis mərkəzinin təməli qoyulub. Regional servis mərkəzində «KamAZ» ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Gələcəkdə sənaye parkında logistika və anbar kompleksləri, TIR parkı, topdan və pərakəndə satış obyektləri və müxtəlif istehsal və xidmət müəssisələrinin fəaliyyəti nəzərdə tutulur. Bu sənaye parkında  bitkiçilik, dağ-mədən məhsulları istehsal ediləcək.

Bir sözlə, işğaldan azad olmuş ərazilərdəki sənaye parkları ölkədə qeyri-neft sektorunun davamlı inkişafında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, burada istehsal olunan məhsulları  daxili bazarın tələbatının ödənilməsi ilə bərabər, «Made in Azerbaijan» brendi ilə bir çox ölkələrə də ixrac ediləcək.