27 İyul 2024

“Humanitar keçid” lazımdırsa, Ağdam-Xocalı-Xankəndi yolunu açaq!

David Babayanın ekosentrik aksiyaya ezoterik “şərh”inə cavab

Xankəndidəki cinayətkar rejimin təmsilçisi- “xarici işlər naziri” David Babayan digər seperatçılarla müqayisədə daha savadlıdır. Düşməndir, törətdiyi cinayətlərə görə Azərbaycan Respublikasının məhkəmələrində cavab verməlidir, soydaşları iddia edirlər ki, hətta Rusiya kəşfiyyatına bağlıdır, amma bir daha təkrar edirəm, Xankədidəki çətənin başqa üzlərinə baxanda bir neçə kitab oxuduğu hiss olunur. Söhbətimə niyə bu məqamdan başlayıram? Səbəbini deyim. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Xankəndi yolunda aksiyaya başlayandan bəri İrəvan mediası heç bir ciddi təhlil və təklif vermir. Qeybət, nostalgiya, hədə, şantaj səciyyəsi daşıyan yazı və çıxışlarda reallığın, elmin, məntiqin heç bir əsas prinsipi gözə dəymir.

Gözdən söz düşmüşkən, erməni revanşistlərinin ümidi Artaq Bəyləryanın enerjisi bitmiş telefonuna qalıb. Artak BMT-nin İrəvandakı nümayəndəliyi qarşısında günlərlə aksiya keçirir və heç olmasa kiminsə o zavallıya yazığı gəlib demir ki, özünü soyuğa vermə. Yaxud ABŞ-dəki erməni diasporu Ağ Evin sahibinə müraciət edir, Co Baydeni Azərbayancana qarşı sanksiya tətbiq etməyə çağırır. Müraciətin lap başlanğıcında yazırlar ki, Azərbaycan Laçın dəhlizini blokadaya alıb və bununla Dağlıq Qarabağın Ermənistanla əlaqəsi kəsilib. Co Bayden bu müraciətlə tanış olsa, soruşmazmı ki, Azərbaycanın Laçın dəhlizində bircə əsgəri var, ya yox? Axı “blokada” beynəlxalq hüquq baxımından məhz o mənanı ifadə edir ki, bir dövlət hansısa ərazini hərbi güc hesabına izolyasiya etsin?!.

Bundan əlavə, məgər Co Bayden və onun komandası bilmirmi ki, Laçın dəhlizinə Rusiyanın sülhməramlı kontingenti nəzarət edir və həmin kontingent Azərbaycanın Qarabağ iqtisadi rayonunda ona görə yerləşib ki, 10 noyabr 2020-ci ildə Azərbaycanın və Rusiyanın prezidentləri, Ermənistanın Baş naziri Üçtərəfli Bəyanat imzalayıblar. Həmin Bəyanatda “Dağlıq Qarabağ Respublikası”ndan söz açılırmı? Yox!

Bəyanatda göstərilir: “Bundan sonra tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar”. Sənədin 4-cü maddəsində isə qeyd olunur: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.

Erməni silahlı qüvvələri Qarabağdan çıxmayıb və yuxarıdakı bəndə əsasən burada söhbət təkcə Ermənistanın rəsmi ordusundan getmir. Odur ki, Laçın dəhlizini bağlamasa belə, Azərbaycanın tam hüququ var ki, torpaqlarında hələ də qeyri-qanuni silahlı birliklər saxlayan Ermənistanla Xankəndi arasındakı lojistik xəttləri kəssin. Hə, erməni diasporu müraciətində bu xəttin kəsilməsini absurd arqumentlərlə “humanitar fəlakət”in başlanğıcı kimi təqdim edir. Amma qoca Co Bayden o qədərmi sadəlövhdür? Madam problem humanitardır, yəni insanlar qida və tibbi ləvazimatlara ehtiyacı var, o zaman erməni diasporu Qızıl Xaça müraciət etsin, daha Baydenin başını niyə ağrıdır?

Bəli, İrəvanda da, Xankəndi də rasional baxışa ehtiyac var. Rasionallıq isə ilk növbədə onu tələb edir ki, Azərbaycan nümayəndə heyətinin Ağdərə mədənlərində monitorinq aparmasına “kortəbii kəndlilər” vasitəsi ilə problem yaradılmasın, Azərbaycanın təbii sərvətlərinin talanmasına və Ermənistana daşınmasına son qoyulsun və bölgədə savaş suçu sayılan qanunsuz sahibkarlıq fəaliyyətinə son qoyulsun. Yəqin ki, David Babayanın bunu anlamağa savadı çatır, amma gerçəkliklə üzləşməyə xisləti yol vermir.

Babayanın “Armenia Today” saytında verdiyi açıqlamada üç əsas tezis var.

1) Hərbi xunta diplomatının fikrincə, Xankəndi aksiyasında iştirak edənlər eko-aktivist deyil, eko-desant, hətta eko-terroristdir. Fikrini isbat etmək üçün o, aksiyada göstərilən “Bozqurd” işarələrini xatırladır və iddia edir ki, o şəxslər Türkiyədə xüsusi təlim keçmiş peşəkar kəşfiyyatçılardır. Tam səmimi deyirəm, aksiyada zarafatyana “bozqurd” işarəsi göstərən şəxsləri MHP ilə, Ülkü Ocaqları ilə əlaqələndirmək ən yaxşı halda patoloji fantaziya problemidir. Yəqin Babayan heç onu da bilmir və bilmək də istəmir ki, “Bozqurd” işarəsi ilk dəfə 1988-89-cu illərdə elə Qarabağdakı ekoloji fəlakətin qarşısının alınması – Topxana meşəsinin ermənilər tərəfindən qırılmasının qarşısının alınması üçün Bakıdakı Lenin meydanında (sonradan “Azadlıq” adını alacaq) göstərilib və məhz bundan sonar Türkiyədə MHP üzvlərinin simvoluna çevrilib.

2) Belə başa düşdüm ki, David Babayan kahinliyə başlayıb və mistika çözməklə məşğuldur. Məsələn, o, iddia edir ki, əslində azərbaycanlı qadının əlində ölmüş göyərçin Xankəndiyə sakral mesajdır: “Bu hərəkətin mahiyyəti budur – Artsaxı boğmaq”. Görünür, Babayan Azərbaycan aktivistlərinin ekosentrizmini ezoterizmlə səhv salıb və belə davam eləsə, yaxın günlərdə verəcəyi açıqlamalarda ulduz falına istinad edəcək. Amma o münəccimliyə, rəmmallığa başlamamış deyim ki, bir qadın aktivistin əlində göyərçin ölməsə belə, Azərbaycan ərazi bütövlüyünün qəsdinə duran istənilən çətənin, xuntanın nümayəndəsini boğazlayıb məhkəmə önünə çıxaracaq!

3) David Babayan çox emosinal şəkildə bəyan edir ki, bu aksiya beynəlxalq humanitar hüquqa zərbədir. Babayana beynəlxalq humanitar hüququn nə olduğunu izah etmək üçün öncə gərək hüququn nə olmasından başlayaq. Bu da uzun çəkər. Qısaca iki kəlimə ərz edim. Beynəlxalq humanitar hüquq, əslində, beynəlxalq savaş hüququnun bir parçasıdır. Lakin sənədlərdə “müharibə” sözündən istifadə etməmək üçün “humanitar” terminindən istifadə olunub. Məsələn, müharibə zamanı əsirlərin öldürülməməsi, savaş zonasında Qırmızı Xaçın, jurnalistlərin fəaliyyətinə şərait yaradılması, bir sıra silahlardan istifadə edilməməsi və s. beynəlxalq humanitar hüququn əsas tələblərindəndir. O cümlədən müharibə zamanı mülki əhaliyə və onlara xidmət edən infrostuktura zərbə endirilməməsi də beynəlxalq humanitar hüquqa daxildir. Sual olunur: Azərbaycan aksiya başlayandan bəri Xankəndidə hansı xəstəxananı, hansı çörək zavodunu bombalayıb, hansı məktəbə güllə yağdırıb? Beynəlxalq humanitar hüquqa görə, Azərbaycan o zaman ittiham oluna bilər ki, bölgəyə, məsələn, Qırmızı Xaçın göndərmiş olduğu zəruri qida, tibbi və yanacaq məhsullarının girişinə izn verməsin. Azərbaycan bütün humanitar təşəbbüslərə nəinki dəstək verir, hətta rəsmi şəkildə bəyan edir ki, Xankəndi və çevrəsindəki mülki ermənilərin bir ehtiyacı varsa, qarşılayaq.Ətraflı

Demək ki, Babayanın bu tezisi də absurd və çürükdür.

Fəqət mən məsələnin tamam fərqli bir tərəfinə toxunmaq istəyirəm.

Sovetlər dövründə Xankəndi-Gorus marşrutu elə də işlək deyildi. O zamanlar DQMV-nin erməni və müsəlman əhalisi əsas bazarlığını Ağdamdan edərdi. İndi Qarabağ ermənilər üçün bir bazar açılsa, onlar üçün Əsgəranla Ağdam arasında bir yerdə müasir bazar, yanacaqdoldurma məntəqəsi, apteklər tikilsə, necə olar?

Niyə Azərbaycan ərazisində yaşayan erməni Gəncədə, Mingəçevirdə, Bakıda deyil, İrəvanda müalicə almalıdır, əgər məqsəd doğrudan da səhhətinə qovuşmaqdırsa?

Sualı bir qədər də dəqiqləşdirirəm, niyə “humanitar təhlükə altındakı” ermənilər həm özləri, həm də azərbaycanlılar üçün Ağdam-Xankəndi yolunun açılmasından bir kəlimə də danışmır və məhz Ermənistanla əlaqənin kəsilməsindən əndişə duyurlar?

Bu sualın bir cavabı var: İrəvandakı və Xankəndidəki revanşistləri narahat edən humanitar məsələlər deyil, işğalçılıq xəyallarının puç olmasıdır.

Taleh ŞAHSUVARLI