11 Oktyabr 2024

“Sahibkarlar halal, orqanik məhsul adlarından sui-istifadə edir”

Ağa Salamov: ““Bismillahla” kəsilən hər məhsul halal sayılmır”

“Azərbaycanda sahibkarlar halal, orqanik məhsul adlarından sui-istifadə edir, belə adlarla çaşqınlıq yaradırlar”.

Bunu Bakıda Ümumdünya Standartlar Günü ilə əlaqədar keçirilən tədbirdə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov bildirib.

İLHAM BAYRAMOV.jpg (183 KB)

“Azərbaycanın qarşısında duran məsələlərdən biri beynəlxalq səviyyədə tanınmış halal akkreditasiya qurumunda qeydiyyatdan keçməklə ölkədə halal məhsulların sertifikatlaşdırılmasıdır. Bu məsələdə inamsızlıq, etibarsızlıq var. Biz elə etməliyik ki, istehlakçılarımız halal sertifikatlı məhsula tam inansın. Maraqlıdır ki, Yaponiya, Almaniya, Cənubi Koreya kimi ölkələrdə halal məhsullara tələbat artıb, Azərbaycan və dini İslam olan başqa ölkələrdə isə artmayıb. Buna görə biz çalışmalıyıq və elə bir mexanizm işləməliyik ki, halal məhsul istehlak etmək istəyən vətəndaşımız ondan rahat şəkildə, əminliklə istifadə edə bilsin”, – deyə o qeyd edib.

Yeri gəlmişkən, bir müddət öncə AQTA-nın kolbasa və sosiska məhsullarında apardığı yoxlamaların nəticəsi heç də ürəkaçan olmamışdı. Belə ki, məhsulların bəziləri “halal” adı ilə satışa çıxarılsa da, onların tərkibində donuz əti aşkarlanmışdı. Bəzi şirkətlərin istehsal etdiyi kolbasa və sosiskaların tərkibində isə mal əti əvəzinə toyuq əti müəyyən edilib. Bir sözlə, istehlakçıların aldadılması və ziyanlı məhsullarla təmin olunması prosesi hələ də davam edir.

Dini sahə üzrə ekspertlər bildirirlər ki, İslama görə, kolbasa halal qaydalara uyğun kəsilmiş heyvanın əti, eyni zamanda tərkibində İslamda haram buyrulmuş məhsulların olmadığı qidadır.

Halal standartına inamı qaytarmaq üçün nələr edilməlidir?

WhatsApp Image 2023-10-11 at 19.45.40.jpeg (137 KB)

Mövzu ilə bağlı qida mühəndisi Ağa Salamov Musavat.com-a açıqlamasında bildirib ki, insanların inamsızlığının səbəbi at, eşşək ətinin kolbasalara, konservləşdirilmiş məhsullara vurulması ilə bağlıdır:

“İşbazlar tərəfindən bəzən halal dönər adlandırırlar, amma AQTA gedib araşdırır, məlum olur ki, bu dönərdə mal əti yox imiş, at əti varmış. Misal üçün, halal kolbasaların tərkibi araşdırılan zaman məlum olur ki, burada mal əti əvəzinə at, eşşək əti vurulur. Ona görə inam, etibar yoxdur. Halal sertifikat yalnız “bismillah” deməklə kəsilən məhsula deyilmir. Halallıq birinci tarladan başlayır. İri və xırdabuynuzlu heyvanların yedikləri yem orqanik olmalıdır. Vaxtlı-vaxtında peyvəndi vurulmalıdır. Halal heyvan sağlam olmalıdır. Xəstə heyvanları kəsib vermək olmaz. Bundan əlavə, kəsim vaxtı heyvan bir-birini görməməlidir. Görəndə heyvanda stress hormonları çoxalır. Biz nə yeyiriksə, oyuq. Həmin heyvanın ətini yeyən zaman da əsəb, stressli insana çevrilirik”.

Ekspert əlavə edib ki, heyvanların emal prosesi olan otaqların, məkanın temperaturu düzgün şərtlər altında olmalıdır:

“Yəni sərin yerdə olmalıdır. Halal kəsilmiş ətlər daşınanda belə soyuq qida zəncirində, soyuducularda daşınmalıdır ki, ət mikrobioloji çirklənməyə məruz qalmasın. Ətin emal prosesi, daşınması, saxlanması zamanı tələb olunan şərtlərə əməl olunmadıqda halallıqdan çıxır. Çünki ət zərərli bir qidaya çevrilir, ziyan olur. Ziyandan da halal heç vaxt olmaz. Halal orqanik məsələlərinə gəlincə, misal üçün, biz bir kolbasa istehsal edirik, gedib halal kəsilmiş mal ətini gətirib, ondan kolbasa hazırlayırıq. Ət halaldır, amma ətə orada bəzi kimyəvi maddələr vurulur ki, bu, artıq halallıqdan çıxır. Düzdür, deyirlər müəyyən bir miqdarda vurulur, amma kolbasa Azərbaycanda delikates kimi istifadə olunursa, bir dilim yeyib doyuruqsa, onda problem yoxdur. Amma biz bunu çox yeyirik axı. Burada orqanikdən söhbət gedə bilməz”.

Afaq Mirayiq,
Musavat.com