27 İyul 2024

“Qarabağ” ordenli İkinci Vətən Müharibəsi Şəhidi ASƏF ƏSGƏROVUN xatirəsi yad olunub – FOTOLAR

Bərdə rayonunun Boyəhmədli (Mustafaağalı) kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən Asəf İlqar oğlu Əsgərovun bu gün Anım Gündür.

Asəf Əsgərovun Əbədiyyətə uğurlanmasından üç il keçir.

Etikxeber.az xəbər verir ki, Anım günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mustafaağalı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Həmçinin, qısa çıxışlar edilib, Şəhidin ailəsinə, əzizlərinə Allahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Ziyarətdən sonra Şəhidin ata ocağında Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub, “Quran” oxunub .

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində Asəf Əsgərovun ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, məktəblilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

***

Qeyd edək ki, Asəf Əsgərov 1990-ci ilin fevralın 19-da Bərdənin Boyəhmədli kəndində, sadə bir ailədə dünyaya gəlib.

Ailədə 3 qardaş olublar.

Orta məktəbi bitirdikdən, əsgərliyə getdikdən sonra həyatını Ordu ilə bağlayıb.

Əsgərliyi də daxil olmaqla, 13 ilin peşəkar hərbçisi-əvvəlcə MAXE, sonra isə Gizir, tank komandiri olub.

Həm Aprel, həm İyul döyüşlərində iştirak edən Asəf ilk gündən İkinci Vətən Müharibəsinin də savaşçılarından olub.

Və Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərin birində, sentyabrın 29-da qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına ucalıb.

Neytral zonada qaldığı üçün bir neçə gün nəşini əldə etmək mümkün olmayıb.

Yalınız oktyabrın 12-də nəşini götürmək mümkün olub və nəşi elə həmin Mustafaağalı kənd qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra medallarla və “Qarabağ” ordeni ilə təltif olunub.

İki övladı-Emili və Kənanı Vətənə əmanət qalıb.

Bərdə rayonunda adını daşıyan küçə var.

Məkanı cənnətlik, məqamı Uca, ruhu şad olsun!

Nur içində yatsın!

12:51

***

FOTOLAR:

14:59

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az