01 Mart 2024

Sabah sərhəd danışıqları başlayır – Qazaxın 7 kəndi gündəmdədir

Rəsmi İrəvanın qeyri-konstruktiv davranışı ona baha başa gələ bilər; bölgədə maraqlarını gerçəkləşdirməyə çalışan moderatorların iştirakı olmadan keçiriləcək görüş Ermənistan üçün növbəti şansdır; siyasi şərhçi: “Ermənistanın və erməniliyin başqa alternativi yoxdur”

Noyabrın 30-da sərhəd danışıqlarının 5-ci raundundan nəsə irəliləyiş gözləmək, heç şübhəsiz, sadəlövhlük olar. Birinci ona görə ki, sərhədlə bağlı məsələ qəliz işdir, bunu Xəzərin sektorlara bölünməsindən tutmuş Gürcüstanla hələ də, deyəsən, tam həll olunmamış “Keşikçidağ”la bağlı danışıqların uzun müddətdir davam etməsi də təsdiqləyir.

Elə Gürcüstanın da Ermənistanla sərhədlə bağlı hələ də həll edilməmiş problemləri var. Rusiya ilə sərhəd məsələsində dəqiqləşdirmələr də bir neçə il əvvəl başa çatdırılıb. SSRİ zamanı sərhədlərlə bağlı o qədər qarışıq qərarlar verilib ki, ittifaqın dağılmasından 32 il ötüb, amma postsovet ölkələrinin əksəriyyəti hələ də bu problemlərin həllində əziyyət çəkirlər. Yəni Ermənistanla sərhədlə bağlı problemlərin çözülməsi zaman aparacaq. Nəzərə almaq lazımdır ki, Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan, eyni zamanda hələ sovetlər dönəmində Azərbaycan ərazilərini yaylaqlar, əkin sahələri adı altında mənimsəyən, üstəlik, 8 kəndimizi hələ də işğalda saxlayan ölkədir.

Sərhədlərin müəyyənləşməsində əsas prinsip bəllidir: Azərbaycan və Ermənistan qarşılıqlı olaraq ərazi bütövlüklərini tanıyıblar. Bizə “özgələşdirilmiş” ərazi gərək deyil, əks halda, bu danışıqlar illər davam edər və bölgədə daima gərginlik qalar. Yada salaq ki, Azərbaycan Prezidenti, ardınca isə ölkənin Xarici İşlər Nazirliyi bütün dünyaya açıq şəkildə bəyan etdi ki, Bakı heç bir vasitəçinin iştirakı olmadan Ermənistanla danışıqlar prosesini bərpa etməyə hazırdır. Belə görüşlərin Tiflisdə, hətta Ermənistan-Azərbaycan sərhədinin hansısa hissəsində keçirilməsinin mümkünlüyü ilə bağlı konkret məqamlar da var idi. Məqsəd birdir – iki qonşu ölkə arasında sülh sazişini tezliklə yekunlaşdırmaq və imzalamaq. Qarşı tərəf bütün bu günlər ərzində susdu, amma nəhayət,  ötən həftə “İrəvan yenidən Bakı ilə danışıqlarda iştirak etməyə hazırdır” bəyan etdi. Amma XİN-in cavabı kifayət qədər qeyri-müəyyəndir. İrəvanın kənarda deyil, regionun özündə, həm Rusiya, həm də Qərb nümayəndələri olmadan Bakı ilə birbaşa və təkbətək danışıqlara qərar verməyə hazır olub-olmadığı tam aydın deyil.

Yeri gəlmişkən, bugünlərdə Ermənistanın sabiq prezidenti Serjik Sərkisyan Azərbaycanla ikitərəfli danışıqların əleyhinə olduğunu deyib: “Təbii ki, ikitərəfli danışıqlar təklifi qəbul edilə bilməz. Xatırlatmaq istərdim ki, Ermənistanın indiki rəhbəri məni qınamaq və ya sancmaq istəyəndə deyir ki, “bax, o, Əliyevlə danışıqlar aparmayıb, amma mən aparıram””. Serjikə görə, sülh razılaşmasına hansısa qüdrətli ölkə təminat verməlidir: “Əgər zəmanət yoxdursa, bu kağız kimə lazımdır? Tərəflərdən biri bu müqaviləni poza bilər. Təsadüfi deyil ki, dünyanın üç güclü ölkəsi “artsax” (hələ də o havadadırlar – red.) məsələsi ilə bağlı danışıqlara həmsədrlik edirdi”. Sarsaq fikirlərlə gündəmə gəlməyə çalışan Sərkisyan nədənsə, əmindir ki, “ikitərəfli danışıqlar baş tutsa belə, dalana dirənəcək və əgər nəsə alınarsa, bu, Ermənistana gələcək vəd etməyən böyük güzəştlərlə olacaq”. 

Ekspertlərimiz necə hesab edir: bu intriqanın davamı necə ola bilər? İrəvan Bakının belə bir təklifinə müsbət cavab verməyə hazırdırmı? Yoxsa onun belə bir addım atmasına mane olacaq məqamlar var?

“Əgər Serj Sərkisyan hadisələrin gedişatını düzgün dəyərləndirmək iqtidarında, daha dəqiq desək, ağlında olsaydı, Azərbaycanla anlaşmağı bacarar və təbii ki, hakimiyyətinin də ömrünü uzadardı. Əksinə, Azərbaycanla Ermənistan arasındakı bölgədənkənar qüvvələrin “zəmanətçi” olduğu heç bir sülh anlaşması daimi ola bilməz”.

Elçin Mirzəbəyli: Azərbaycan xalqı dayanıqlı inkişafın, milli  maraqlarımızın qorunmasına xidmət edən siyasətin yanındadır - AZƏRTAC

 Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Bildirdi ki, günün birində bu “zəmanətçilər” arasında münasibətlərdə gərginlik yaşanan kimi, onların “zəmanət” verdiyi sülh anlaşması da kağız parçasından başqa heç bir işə yaramayacaq: “Rusiya, ABŞ və Böyük Britaniyanın “zəmanətçi” olduğu “Budapeşt memorandum”unun taleyini yada salmaq, nəticə çıxarmaq üçün yetərlidir. İndiki şəraitdə yeganə doğru seçim birbaşa dialoq və sadəcə, iki xalqın və dövlətin iradəsini ifadə edən liderlərin imzalayacağı sülh sazişidir. Azərbaycan tərəfindən ikitərəfli sazişdə yer alan öhdəliklərin daimiliyini təmin etməklə bağlı heç bir problem yoxdur. Çünki Azərbaycan lideri Azərbaycan xalqının vahid milli iradəsinin ifadəçisidir. Bu məsələdə problem Nikol Paşinyan hakimiyyəti ilə bağlıdır. Ola bilsin ki, Nikol Paşinyan özünə və xalqına əmin deyil. Əslində bunun üçün kifayət qədər əsaslar da var. Amma yenə də Ermənistanın və erməniliyin başqa alternativi yoxdur və onlar bunu dərk etmədikcə, daha ciddi problemlərlə qarşı-qarşıya qalmalı olacaqlar. Sərkisyan isə canlı siyasi “meyit”dir və onun sərsəmləmələri dəfn olunmuş xatirələrinin yenidən diriltmək cəhdindən başqa bir şey deyil”.

Qarşıdakı sərhəd görüşünə gəldikdə siyasi şərhçi bildirdi ki, delimitasiya ağır və mürəkkəb bir prosesdir: “Həm də bu müstəvidə danışıqların Azərbaycan torpaqlarını və təbii ki, sərhədlərini 30 ilə yaxın işğal altında saxlayan, müharibədə məğlub olan bir ölkə ilə aparıldığını nəzərə alsaq, delimitasiya prosesinin uzun illər boyu davam edəcəyini söyləyə bilərik. Prosesin surətlə həyata keçirilməsində bir neçə faktor rol oynaya bilər: Bunlardan birincisi, Azərbaycanla Ermənistan arasında normal dialoq və etimad mühitinin formalaşmasıdır. Digər amil isə klassik üslubla müşahidə olunan faktordur. Yəni anlamayana anladarlar amili…”

Akif Nağı: “Qərbin buradakı məkrli planına qarşı 3 ölkə...”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd etdi k, delimitasiya, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı ikitərəfli görüş yeni deyil, bu ilin yayında da növbəti belə bir görüş baş tutmuşdu və elə bir nəticəsi də olmadı: “İndi şərait dəyişib. Bir tərəfdən Azərbaycan Xankəndi və digər ərazilərə qanuni hüquqlarını bərpa edib. Bununla da Ermənistan oradakı ermənilərdən istifadə imkanlarını itirmiş oldu. Düzdür, oranı tərk etmiş erməniləri geri qaytarıb, onlardan yararlanmaq variantına hələ ki ümid edirlər. Amma bu, artıq mümkün olmayacaq varianta çevrilib. “Bir suya eyni yerdən girmək mümkün deyil”. Digər tərəfdən, Ermənistan sürətlə Rusiyadan ayrılmaq xəttini götürüb. “Rusiya ilə sarsılmaz dostluğ”a dair bəyanatları prosesi pərdələməkdən başqa bir şey deyil”. 

A.Nağı bildirdi ki, Qərb artıq sifarişini verib, Ermənistan da bu sifarişi yerinə yetirməkdədir: “Qərb Ermənistan rəhbərliyini Qarabağ xülyasından əl çəkib, Qərbə doğru inteqrasiya etməyin vacibliyinə inandıra bilib. Bu ssenari Gürcüstan, Ukrayna, Moldova üçün də hazırlanıb. Onlara müəyyən ərazi itkiləri müqabilində “Qərb cənnəti”nə daxil olmaq təklif edilib. Qərb həmin  ssenari ilə bu ölkələrdə təsirini gücləndirir və məqsədinə nail olur. Yeni vəziyyəti şərtləndirən bu amillər Azərbaycanla Ermənistan arasında prosesi sürətləndirə bilər. Amma Rusiyanın müdaxiləsi ilə proses ləngiyə bilər. Yəni Rusiya öz maraqlarından çıxış edərik “tormozlayıcı” rol oynaya bilər. Məsələ Rusiyanın nə dərəcədə fəal olacağından asılıdır”. Partiya sədrinin fikrincə, Rusiya Azərbaycan və Türkiyə ilə yaxınlaşma yolunu davam etdirərsə, müsbət nəticələrə ümid etmək olar: “Ermənistanı itirməkdə olan Rusiyanın Azərbaycan-Türkiyə tandeminə yaxınlaşmaqdan başqa yolu qalmır. Bu amillərin təsiri altında demək olar ki, növbəti il sülh danışıqlarının intensivləşməsi, nəticəyə yönəlməsi ilə səciyyəvi ola bilər. Hansısa böyük sarsıntı baş verməsə, ilin ortaları, uzağı payıza qədər sülh müqaviləsinin ilkin variantı imzalana bilər”.

Çin İranla Azərbaycanı bu səbəb görə barışdıra bilməz – Politoloq -  GlobalInfo.az

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva hesab edir ki, Bakının ikitərəfli, vasitəçisiz sülh danışıqları təklifinə İrəvanın delimitasiya komissiyası çərçivəsində görüş reaksiyasını verməsi prosesləri uzatmaq hədəfinə hesablanıb: “Azərbaycan heç bir zaman sülh danışıqlarından yayınmayıb, əkinə, qarşı tərəfə danışıqlara qatılmaq üçün daim çağırışlar edib, qatıldığı görüşlərə konstruktiv yanaşıb. Lakin Ermənistan hər görüşdə danışıqlar prosesini dalana dirədəcək addımlar atıb, maraqlarımıza zidd məsələləri gündəmə gətirməyə çalışıb”. 

Z.Qarayeva qeyd etdi ki, delimitasiya zaman alan prosesdir: “Paşinyan bu məsələdə razılaşma ilə bağlı bizim israrımızı da, cəsarətli və haqlı mövqeyimizin nədən ibarət olduğunu da çox yaxşı anlayır. Odur ki, sərhəd danışıqlarını ümumi sülh danışıqlarından ayırmağa cəhd edir. İstənilən halda qarşılıqlı görüşlərin keçirilməsinin müəyyən mənada faydalı olduğunu düşünmək olar. Lakin real praktiki irəliləyiş yalnız o zaman olacaq ki, yalnız bir istiqamətdə deyil, üçtərəfli bəyannamə çərçivəsində təsdiqini tapmış bütün istiqamətlərdə razılıq əldə olunsun. İndiki reallıqlar kontekstində isə bunu İrəvandan gözləmək çətin məsələdir”.

Ermənistan konstruktiv davranışdan bu dəfə də yayınarsa, o halda istisna deyil ki, Azərbaycan sərhədlərin Göyçə gölündən keçməsini sübut edən xəritəni də masaya qoysun. Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müasir Azərbaycan dövlətinin buna kifayət qədər əsasları var. Bölgədə maraqlarını gerçəkləşdirməyə çalışan moderatorların iştirakı olmadan keçiriləcək görüş Ermənistan üçün növbəti şansdır. İrəvandakılar unutmasın ki, hələlik sadəcə şərti sərhədlər var…

E.PAŞASOY,
“Yeni Müsavat”