Şəhid Pərviz Tağıyev Mingəçevirdə torpağa tapşırıldı
Mingəçevir İkinci Qarabağ Müharibəsi başlayandan 51 şəhid verib
İkinci Qarabağ Müharibəsində şəhid olan hərbi qulluqçu, kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun nəşi mayın 5-də Mingəçevir şəhərinə, yaşadığı evə gətirilib və onunla vida mərasimi keçirilib. Vida mərasimində dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, eyni zamanda hərbçilər iştirak ediblər.
1990-cı il təvəllüdlü şəhər sakini Tağıyev Pərviz Hafiz oğlu 7 ay əvvəl Tərtərin Ağuçuq yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü. Uzun axtarışlardan sonra onun nəşi dünən tapılıb.
Bu gün axşam saat 18 radələrində şəhid Pərviz Tağıyevin Azərbaycan bayrağına bükülmüş tabutu Mingəçevir Şəhidlər Xiyabanına gətirilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, əsgərlər yaylım atəşi açıblar. Bundan sonra şəhid torpağa tapşırılıb, tabuta bükülmüş bayraq isə əbədi saxlanmaq üçün ailəsinə təhvil verilib.
Dəfn mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin üzvü Aydın Mirzəzadə, şəhidin döyüş yoldaşları çıxış ediblər. Onlar Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük zəfər yürüşündən, Pərviz kimi şəhidlik zirvəsinə ucalan oğullarımızın, qazilərimizin və digər döyüşçülərimizin səyi bahasına yurd yerlərimizin işğaldan azad olunmasından danışıblar.
İkinci Qarabağ Müharibəsində Mingəçevir 51 şəhid verib. Allah rəhmər eləsin!
Mingəçevir İşıqları